Bakı yollarında 133 ölü, 538 yaralı: Bu statistikanın aşkar və gizli səbəbləri...
2015-ci ilin əvvəlindən bu günə kimi Bakı yollarında baş verən qəzalarda 133 nəfər həlak olub. Bu məlumatı Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib.
DYP rəsmisi bildirib ki, bu ilin əvvəlindən Bakı şəhərində 466 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 133 nəfər həlak olub, 538 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ötən illə müqayisədə qəzaların sayında azalmaların olduğunu deyən bölmə rəisi statistik rəqəmləri də açıqlayıb: “2014-cü illə müqayisədə 61 hadisə azalıb, 31 ölüm faktı aşağı düşüb və 12 xəsarət dərəcəsi yüngül olub. Və qeyd edim ki, qəzaların 51 faizi piyadaların iştirakı ilə baş verib. 47 faiz isə sürət həddinin aşılmasından yaranan qəzalardır”.
Təbii ki, bu, sadəcə, statistika deyil. Bu statistikanın arxasında həm də ailə başçısını, əzizlərini itirən minlərlə insan dayanır. Eyni zamanda ömrünün qalan hissəsini bəlkə də fiziki qüsurlü, sağlamlıq imkanlarını itirmiş, ən pis halda yatağa məhkum şəraitdə keçirməyə məcbur olan insanlar var. Lakin statistika elə rəqəmlər olaraq qalır, nə təhlil edilir, nə səbəblər araşdırılır, nə də həlli yolları düşünülür.
Lakin cavab gözləyən suallar çoxdur. Məsələn, yol-nəqliyyat hadisələrinin əsas səbəbləri nələrdir? Sürücü, piyada məsuliyyətsizliyi və yüksək sürətlə yanaşı, yol infrastrukturundakı problemlər qəzaların baş verməsində nə dərəcədə rol oynayır?
Musavat.com-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, Azərbaycanda qəzaların səbəbləri araşdırılarkən yol şəraiti ilə bağlı amillər gözardı edilir: “Qəzaların baş vermə səbəbləri əsasən 4 amillə bağlıdır. Birinci insan amili gəlir, daha sonra nəqliyyat, yol infrastrukturu və təbiət amili, yəni hava şəraiti... İstənilən yol-nəqliyyat hadisəsi qiymətləndiriləndə bu amillərdən hər biri mütləq nəzərə alınmalıdır. Ancaq bunların hamısının başında insan amili durur. Nəqliyyat vasitəsini seçən də, onun saz vəziyyətdə olmasına nəzarət edən də, yol infratrukturunu tənzimləyən də, hava şəraitinə uyğun davranış tərzini seçən də insandır. Maraqlı bir fakt odur ki, Almaniya kimi yol infrastrukturu ən yüksək səviyyədə olan ölkədə yol-nəqliyyat hadisələrinin 8-10 faizinin səbəbi kimi yol şəraitinin pis olması göstərilir.
Ancaq Azərbaycanda avtomobil qəzalarında səbəb kimi yol şəraiti ilə bağlı rəsmi statistika sıfırdır. Guya ki, Azərbaycanda yol şəraiti idealdır və heç bir qəzanın səbəbi kimi götürülə bilməz. Təbii ki, bu statistika mötəbər sayılmır. Ona görə ki, yol-nəqliyyat hadisələri araşdıranda yol şəraiti amili nəzərə alınmır. Hər şeyin günahı sürücüdə axtarılır, nadir hallarda səbəb kimi hava şəraiti göstərilir. Azərbaycanda hazırki situasiya budur”.
Ekspertin sözlərinə görə, istər Bakıda, istərsə də regipnlarda yol şəraiti ilə bağlı kifayət qədər problem var: “Yolun texniki göstəriciləri, eni, radiusu, döngəsi, yol ətrafında qoyulan təhlükəsizliklə bağlı elementlər, nişanlar, svetaforlar və sair bir çox hallarda standartlara uyğun deyil. Ən böyük məsələlərdən biri yolun texniki vasitələrlə, svetafor, yol nişanları və sairlə təmin olunmasıdır ki, bu məsələdə də problem var. Bu məsələlərin köklü şəkildə həll edilməsi üçün hər hansı işlər görülmür. Yol şəraitinə gəlincə, bir çox hallarda görürsən ki, təzə istismara verilmiş yol artıq bərbad vəziyyətdədir. Bizim yol-nəqliyyat məsələləri ilə bağlı qanunvericilik də bu problemlərin artmasına rəvac verir. Dünyanın bir çox ölkələrində, hətta MDB ölkələrində hər hansı hadisə ilə bağlı sürücülərin məsuliyyəti ilə yanaşı, yon infrastruktunu təmin etməli olan şəxslərin də məsuliyyəti var. Çünki, bir çox hallarda qəzalar məhz həmin şəxslərin məsuliyyətsizliyi səbəbindən baş verir. Məsələn, təmir məqsədilə yolun ortasına bir maşın daş töküb, heç bir xəbərdarlıq nişanı da qoyumurlar. Gecə saatlarında da hansısa sürücü gəlib, həmin daş yığınına dəyib, qəza törədir. Ancaq yolda həmin vəziyyəti yaradan şəxslər deyil, yenə də sürücü məsuliyyətə cəlb edilir. Qanunvericilikdə də həmin şəxslərin məsuliyyətə cəlb edilməsi mexanizmi yoxdur”.
Ərşad Hüseynov onu da bildirdi ki, regionlara gedən yollarda da problem çoxdur və bu da qəzaların statistikasının artmasına səbəb olur: “Yaxın bir neçə ayda Bakı-Quba yolunda silsilə şəklində ağır qəzalar baş verir. Ağır qəzaların baş verməsində birbaşa olaraq, Bakı-Quba, Rusiya sərhəddi yolundakı texniki problemlər rol oynayır. Lakin qəzalarda yolun müəyyən sahələrinin bərbad vəziyyətdə olması faktı qeydə alınmır. Yol qəzalarının sayını azaltmaq üçün qəzalara səbəb olan amillərin statistikası hazırlanmalı, təhlillər aparılmalı və bu təhlillər əsasında problemlər aradan qaldırılmalıdır. Dünya standartlarına görə, əgər pambıq tarlasının arasından keçən sahədən belə yol məqsədilə sürücülər istifadə edirsə, həmin ərazidə yol nişanları qoyulmalıdır. Azərbaycanda isə əsas yoldan bir qədər kənar yollarda ümumiyyətlə, yol nişanları yoxdur”.
İnsanların köhnə, istifadə müddəti bitmiş və təhlükəsizlik göstəriciləri olmayan avtomobillərdən istifadəsinə də toxunan ekspert, belə hallarda qəzaların ölüm və ağır xəsarətlə nəticələnməsinin qaçılmaz olduğunu vurğuladı: “İkinci bir məsələ avtomobillərin texniki-təhlükəsizlik göstəriciləridir. Qəzalar zamanı ucuz, təhlükəsizlik standarları minimum olan köhnə avtomobillərdəki sürücü və sərnişinlər daha çox ziyan çəkirlər. Nisbətən bahalı, komfortlu, təhlükəsizlik yastıqları olan avtomobillərdəki adamlar az zərər çəkirlər. Bu sahədə insanların təfəkküründə də problem var. Azərbaycanda insanların avtomobili istismar anlayışı digər millətlərdən fərqlidir, sürücülər köhnəlmiş avtomobillərlə vidalaşa bilmirlər. Avtomobil ayaqqabı kimi bir əşyadır. O köhnəlibsə, istifadəyə yaramırsa, atılmalıdır. Bizdə isə insanlar ən köhnə avtomobillə belə, yol çıxmağa risk edirlər”.
Nərgiz Liftiyeva






