İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Yeni ilə necə hazırlaşır... - REPORTAJ, FOTOLAR

1839 20.12.2018 00:00 Reportaj A A

2019-cu ilin gəlişinə sayılı günlər qalıb. Bu münasibətlə paytaxt Bakının mərkəzi küçələrində yolka qurulub, yarmarkalar təşkil edilib.

“Yeni Müsavat”ın əməkdaşı paytaxtın mərkəzi küçələrində gəzib, bu və ya digər Yeni il hazırlıqları ilə maraqlanıb.

Müşahidə etdik ki, şəhərdə paytaxt sakinləri ilə bərabər turistlər də çoxluq təşkil edir. Adətən son zamanlar Bakının mərkəzi küçələrində ərəb turistləri görməyə alışsaq da, hazırda onlar bir o qədər də gözə dəymir. Əsasən Rusiya və Avropadan gələn turistlər İçərişəhər, Nizami küçəsində bayramla bağlı yaradılan şəraitdən faydalanıb, fotolar çəkdirirdilər.

İlk olaraq İçərişəhər ərazisində olduq. Qala divarları arxasında Yeni illə bağlı satılan bəzək əşyaları ilə yanaşı çadırlar qurularaq, turistlərə, yerli əhaliyə milli mətbəximizə aid təamlar və milli geyimlər təklif olunur.  Həmçinin xüsusi səhnə də qurulub ki, burada şənbə və bazar günləri konsertlər təşkil olunub, canlı musiqi səsləndirilir.

Qala divarları yaxınlığında müştərilərə öz əl işini satan Adəm Zindani ilə də həmsöhbət olduq. Öyrəndik ki, o, ağac budaqlarından hazırladıqları müxtəlif fiqurları satışa çıxarıb. Bildirdi ki, onun alıcıları daha çox turistlərdir:

“İki il yarımdır ki, ağacı oyma üsulu ilə müxtəlif fiqurlar hazırlayıram. Bu fiqurların qiyməti 30 manatdan başlayır. Ağac üzərində oyma ilə istənilən şəkili formanı ala bilirəm. Turistlər suvenir kimi hazırladığım fiqurlara maraq göstərirlər. Onlar daha çox ərəb və Rusiyadan gələn turistlərdir. Burada sadəcə olaraq hazırladığım suvenirləri yol kənarına yığıb, satıram. Sağ olsunlar ki, ərazinin mühafizəsi ilə məşğul olan müvafiq şəxslər mənə heç bir maneə yaratmırlar. Gün ərzində bir neçə fiqur sata bilirəm. Ancaq elə gün də olur ki, heç satış olmur. Baxır havaya və turistlərin sıxlığına”.

Ötən illərdə olduğu kimi bu il dı Qız Qalası ətrafında işıqlarla bəzədilmiş keçid, quraşdırılıb. Gündüz bir o qədər də gözə çarpmayan bu keçid gecə gözoxşayan mənzərəyə səbəb olur. Bulvarla İçərişəhəri birləşdirən keçid sanki bir növ zaman tunelini xatırladır. Bulvar tərəfdən gələn insanlar bu işıqlı tunellə tarixi İçərişəhərə daxil olurlar. Gecə saatlarında tunel müxtəlif sarmaşan işıqlarla bəzədilir.  Onu da qeyd edək ki, Bəzəkli tunellə yanaşı, təxminən 30 metr məsafədə diametri 5 m. olan və işıqlarla bəzədilən şarın yaxınlığında Yeni ilin rəmzi olan xizəyə qoşulmuş maral və işıqlarla bəzədilmiş retro maşınlar qoyulacaq. Əraziyə həmçinin işıqlarla bəzədilmiş iri ölçüdə rəmzi hədiyyə qutuları və "Qar adamı" da quraşdırılacaq. Bulvardakı gəzinti qatarları bəzədiləcək, Neftçilər prospekti boyu işıq dirəklərində Azərbaycan bayrağı əks olunacaq.

 Dəniz kənarında hələ ki, bayramla bağlı bir o qədər də hazırlıq hiss olunmur.  Bu baxımdan da insanların daha çox üz tutduqları yer, Nizami küçəsi, Fəvvarələr meydanıdır. Hər il olduğu kimi Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” yarmarkası təşkil olunub ki, bura da yerli sakinlərin və turistlərin marağındadır.
Bakı sakinləri ilə də söhbət edib, görülən işlərlə bağlı onların da fikirlərini aldıq. Sakinlər bildirdilər ki, şəhərin mərkəzində bu cür şəraitin yaradılması onlara müsbət təsir edir:

“Elə zənn edirik ki, burada pozitiv enerji toplanıb. İçərişəhər, Fəvvarələr meydanına gəldiyimiz zaman özümüzü ruhən dincəlmiş hesab edirik. Çünki burada hər kəs əylənir, xoş ovqat var. Eyni zamanda şaxta baba, qar qızın da olması, uşaqlarımızın da əylənməsinə səbəb olur. Bu da bizi çox xoşbəxt edir”, deyə Bakı sakinləri bildirdilər.

Yeni illə bağlı metronun “İçərişəhər” stansiyasında da yolka quraşdırılıb. Əldə etdiyimiz məlumata görə, bayram günlərində bu stansiyanın girişində canlı musiqi ifaçılarının təşkili planlaşdırılır.

Əli Rais,
“Yeni Müsavat”
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR