4-5 il öncə politoloqlar,jurnalistlər, eləcə də ictimaiyyət arasında ölkəmizin strateji müttəfiqləri, dostlarının sıralanmasına dair sorğu keçirsəydik, sıralama təxminən belə olardı: Türkiyə, Ukrayna, Gürcüstan, Belarus, Moldova və s.
Bəlkə də Qazaxıstan ölkəmzin dostları sırasında ilk beşliyə düşməzdi. Bu iki ölkə arasında qarşılıqlı gediş-gəliş də az idi, dostluq münasibətləri də o qədər ürəkaçan deyildi. Arada xırda-para problemlər də vardı. Xüsusilə də Xəzər hövzəsində azərbaycanlı balıqçıların Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən haqlı-haqsız saxlanılması, incidilməsi faktları çox idi.
Ancaq bu gün bu məsələdə vəziyyət yaxşılığa doğru xeyli dəyişib. Aradaki problemlər də həll olunub. Qarşılıqlı gediş-gəliş də artıb.
Biz hər ilin bu vaxtları Qazaxıstan paytaxtı Astanada keçirilən Avrasiya Media Forumun işində iştirak etmək üçün bu ölkəyəyola düşərkən yolumuz əvvəlcə köhnə paytaxtdan – Almatıdan düşdü. Bizimlə eyni təyyarədə Astanaya və Almatıya müxtəlif tədbirlərə gedən musiqiçilər və jurnalistlər qrupu gedirdi. Onlar orda ayrı-ayrı ictimai-siyasi və mədəni tədbirlərdə iştirak edəcəkdilər.
![]()
Daha sonra Astanada parlamentin komitə sədrlərini – Əhliman Əmiraslanovu və İlham Əliyevi gördük. Aramızda qısa mükalimə oldu. Deputatlar Türk PA-nın növbəti toplantısında iştirak etmək üçün gəldiklərini bildirdilər və Qazaxıstan parlamentinə yollandılar.
Bizi müşayiət edən azərbaycanlı jurnalistlər - AzTV-nin Qazaxıstandakı xüsusi müxbiri Fadil Paşayev və İTV-nin Astanadakı əməkdaşı Füzuli Məcidli deputat Musa Qasımlının da Astanada olduğunu bildirdilər. Daha sonra Musa Qasımlı ilə də görüşdük. Məlum oldu ki, M.Qasımlı Qazaxıstanın yaxın illərdə latın qrafikasına keçməsi ilə bağlı bilgilərini, xüsusilə də bu qərarın siyasi nəticələrinə dair düşüncələrini bölüşmək üçün dəvət ediblər.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovla söhbətimiz zamanı o, təsdiqlədi ki, gerçəkdən də son illərdə Azərbaycan və Qazaxıstan arasında gediş-gəliş artıb və istər ictimai-siyasi müstəvidə, istərsə də mədəni əlaqələrin güclənməsi baxmından vəziyyət ürəkaçandır, daha da yaxşı olması istiqamətindəiş aparılır.
O da məlum oldu ki, iyunun 24-də Azərbaycanı bəstəkar Rauf Hacıyevin “Qafqaz əsiri” operettası Karaqanda şəhərində tamaşaya qoyulacaq.
Doğrudan da Qazaxıstanla əlaqələrin intensivləşdirilməsi, dostluğun güclndirilmsi mühümdür. Xüsusilə də ona görə ki, Qazaxıstan MDB çərçivəsində daima Azərbaycanın yanındadır və hər zaman ona dəstək verir.
P.S. Jurnalistlərin Astanaya səfəri JTİ şirkətinin maliyyə dəstəyi ilə baş tutub.
Xalid Kazımlı, Astana






