İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakı Ukraynaya silah satır” yalanı yenidən dövriyyədə

1357 10.02.2023 12:19 Gündəm A A

Rusiya mediasının Azərbaycandan Ukraynaya guya silah tədarükü ilə bağlı iddialarına hərbi ekspertlərdən tutarlı cavab

Rusiya mediası Azərbaycandan Ukraynaya guya silah tədarükü ilə bağlı məlumat yayıb. İddia olunur ki, Azərbaycanın 2022-ci ildə istehsal olunan 120 mm-lik 40M11 minaları Ukraynaya satılıb. Rusiya mediası  ötən ilin iyununda da Ukrayna qüvvələrinin arsenalında Azərbaycan istehsalı olan 82 mm-lik 20N5 minaatanlar olduğunu yazmışdı.

Məlumat üçün deyək ki, Azərbaycanda bu minaatanların istehsalına təxminən on il əvvəl başlanıb. Beynəlxalq sərgilərdə dəfələrlə nümayiş etdirilən 20N5 minaatanları xarici analoqlarından daha kiçik ölçüləri və uzaq məsafələrdə hədəfləri vurmaq qabiliyyəti ilə fərqlənir. Optik nişangahı olmayan bir ədəd 20N5 aqreqatının çəkisi 47,5 kq, atəş məsafəsi 5000 metrdən çoxdur, asanlıqla sökülüb-yığıla bilir.

Bir neçə il əvvəl Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bu minaatanların bir sıra ölkələrə ixracı ilə bağlı danışıqlar apardığını açıqlamışdı. Azərbaycan BMT-nin silahlara nəzarət rejiminin tələblərinə uyğun olaraq və bunun üçün müvafiq sertifikata malik olan 20H5 minaatanlarını Yaxın Şərqin bir sıra ölkələrinə də satır. Rəsmi mənbələr də bildirib ki, Azərbaycan heç vaxt Ukraynaya heç bir silah növü, o cümlədən 20N5 minaatanları satmayıb və ötürməyib. Yəni əsasən erməni mənbələrinin yaydığı, Rusiya mediasının da istinad etdiyi bu məlumatların heç bir real əsası yoxdur və açıq desək, təxribat xarakterlidir.

Azərbaycan istehsalı olan minaatanların Ukrayna ordusunun əlinə necə keçə biləcəyi ilə bağlı suala gəlincə, minaatanlar yalnız üçüncü ölkədən Ukraynaya verilə bilərdi. Üstəlik, dünya silah bazarında belə hallar demək olar ki, adidir. Məsələn, Rusiyada istehsal olunan və ya lisenziyası olan silah, hərbi texnika bu gün Şərqi Avropanın bütün ölkələrindən Ukraynaya verilir. Məsələn, Polşa  Ukraynaya Rusiyanın istehsalı olan T-72 tankı vermişdi.  Təəssüf ki, bir neçə gün əvvəl Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu da Azərbaycanın Ukraynaya silah satdığına dair paylaşım edib. İddialarla bağlı hərbi ekspertlər  nə düşünür?

Türkiyənin Qarabağdakı “gözü” - Monitorinq Mərkəzinin 2 ili: ümid  doğruldumu...

Rövşən Məhərrəmov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov bunun heç cür mümkün olmadığını söylədi: “Əvvəla, deyim ki, Müdafiə Sənayesi Nazirliyimiz çox adda silah və mərmilər istehsal edir. Bu ermənilərin növbəti təxribatıdır. Bizim Orta Asiyadan tutmuş Afrika dövlətlərinə kimi müqavilələrimiz var və bir suveren dövlət kimi o satışı həyata keçiririk. Bu Müdafiə Sənayesi Nazirliyinin səlahiyyətində olan bir məsələdir. Azərbaycan o sahədə son zamanlar daha da inkişaf edib. Dövlət başçımız, möhtərəm prezidentimiz də çıxışında dedi ki, biz silah satışı bazarına çıxmalıyıq. Ona görə ki, Rusiya silahla özünü təmin edir. Amerika hazırda Ukraynanı təmin edir. Onun üçün də biz alternativ alıcı dövlətlər tapırıq. Ehtiyacı olan dövlətlərə bu yolla silahlar satırıq. Silahları alan dövlətlərin sayı daha da çoxalıb. Yəni biz hər hansı bir dövlətə silah satmışıqsa, hətta bunu iki ay öncə belə etmişiksə, bunu üçüncü, dördüncü yaxud da beşinci dövlət əgər Ukraynaya veribsə, bunun Azərbaycana nə aidiyyatı var? Bu Azərbaycana qarşı növbəti təxribatdır və ermənilərin qurmasıdır. Rusiya ilə Azərbaycan arasında olan münasibətlərin gərginləşməsinə şərait yaradır”.

Hərbi ekspert Q.İbadoğluya da cavab verdi: “Bir siyasi hərəkat rəhbərinin dövlətimizə qarşı belə aqressiv çıxışını qınayıram. Hətta Azərbaycan satsa belə, Qubad İbadoğlu bunu niyə açıqlayır? Əgər belə bir şey olsa belə, unutmayaq ki, Azərbaycan dövləti nə Rusiya, nə də Ukrayna ilə münasibətləri pozmur. Orta münasibət saxlayırıq. Hər il bizim silahlar müxtəlif sərgilərdə nümayiş olunur. Təbii olaraq, hansısa dövlətlər bizim silahlarla, mərmilərlə maraqlanırlar. Ən müasir silahlar istehsal edirik. Silahlarımız maraq doğurur və bunun üçün də müqavilələr imzalanır. Silah alveri təbii olan bir haldır. Rəsmi olaraq biz Ukraynaya silah satmamışıq. Bu barədə rəsmilərimiz də bildirib. Bir ekspert kimi deyirəm ki, bunu real görmürəm, yəni Azərbaycanın Ukraynaya silah satmasını. Sadəcə ola bilər ki, silahlarımız üçüncü və ya dördüncü dövlətlər tərəfindən ələ keçirilsin və bu silahlardan Ukrayna ordusu istifadə etsin. Yəni onun Azərbaycana heç bir dəxli yoxdur. Qubad İbadoğlunun mövqeyini heç cür anlamıram. O bir azərbaycanlıdır. Özü də Azərbaycanın uzun müddət işğalda olmuş bir rayonundandır. Onun nə marağı var ki, bunu açıqlasın, dəqiq məlumatı olmaya-olmaya bu məsələni ortaya atsın. Hansı məqsədə xidmət edirlər, o da anlaşılan deyil. Onun çıxışı dövlətimizin maraqlarına uyğun deyil. Görünür, ermənilər və ruslar belə oxşar çıxışları əllərində əsas götürüb bu cür açıqlama ilə çıxış edirlər”.

DİQQƏT! Hərbi formaya görə 300 manat CƏRİMƏ - AÇIQLAMA | KONKRET

Alp Arslan İmamqulu 

Hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu hər kəsi diqqətli olmağa çağırdı: “Mövcud vəziyyətdə Azərbaycanın Ukraynaya birbaşa hər hansı bir silah satması mümkün deyil. Bu haqda rəsmi qurumlarımız tərəfindən də gərəkli cavablar verilib. Amma bilirik ki, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi bir çox silah və texnikalar xarici bazara geniş miqyasda çıxmaqdadır. Bu səbəblə Ukraynanın qanunsuz yollarla  Azərbaycanın silah satdığı başqa bir ölkədən istehsalımız olan vasitələri əldə etmiş olması da mümkündür. İstənilın halda, Azərbaycan bu ehtimal qarşısında cavabdehlik daşımır. Regionda və dünyada hadisələrin gərgin olaraq davam etdiyi bir vaxtda mediamız və özünü mütəxəssis adlandıranlar bu mövzuda çox daha diqqətli olmalıdırlar. Əks halda düşmən dəyirmanına su tökmüş olarıq”.

Cəlil Xəlilov (polkovnik) — Vikipediya

Cəlil Xəlilov 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu cür dezinformasiyaların problem yarada biləcəyindən ehtiyatlanır. Onun sözlərinə görə, Azərbaycan Ukraynaya silah verməyib: “Humanitar yardım etmişik və bu da mətbuatda gedib. Azərbaycanın Ukrayna ilə yaxşı münasibətləri var. Ukrayna hazırda müharibədən əziyyət çəkən ölkədir. Bunun üçün də humanitar yardımlar edirik və bu da təbiidir. Orada insanların ciddi şəkildə sosial problemləri var. Bütün dünyadan humanitar yardımlar edilir, o cümlədən də Azərbaycandan. Müharibə zonasına heç vaxt silahlar verməmişik. Zatən buna Ukraynanın heç ehtiyacı da yoxdur. Bilirsiniz ki, lazım olan silahları Avropadan verirlər. Sadəcə bu cür dezinformasiyalar dövlətlərarası münasibətlərə xələl gətirə bilər. Azərbaycan digər dövlətlərlə hər zaman siyasi, iqtisadi, mədəni və digər əlaqələri yüksək səviyyədə saxlayıb. Belə informasiyalar yaymaq olmaz. Ali Baş Komandan, cənab İlham Əliyevin Ukrayna prezidenti ilə telefon danışıqları olub, humanitar yardım və digər dəstəklərlə bağlı. Sadəcə burada silah yardımı nəzərdə tutulmayıb. Ukrayna tərəfindən də silah yardımı ilə bağlı müraciət indiyə qədər olmayıb. Belə dezinformasiyaların paylaşılması başqa məqsədlərə də xidmət edə bilər. Buna qətiyyən getmək olmaz. Həssas dönəmlərdən keçirik”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR