Paytaxtımızda ikinci Bakıda Şopinq Festivalı keçirilir. Belə ki, müştərilər festivala qoşulmuş mağazalardan geyim, ətriyyat elektronika, məişət texnikası, mebel, və kosmetika məhsullarını endirimlə əldə edə bilir.
“Baku Shopping Festival–Tax Free” nişanı olan mağazalardan 100 manatdan çox alış-veriş edən zaman məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismi müştərilərə geri qaytarılır. ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda Tax Free sistemi tətbiq olunmur. Festival noyabrın 15-ə kimi davam edəcək.
Musavat.com saytının əməkdaşı festivala qoşulmuş alış-veriş mərkəzlərindən birində olub və oradakı vəziyyətlə maraqlanıb. İlk olaraq ətiriyyat satan mağazaların birinə yaxınlaşırıq.
Həmsöhbət olduğumuz mağaza əməkdaşı bildirir ki, festival çərçivəsində qiymətlərdə xeyli azalma var: “Festivaldan əvvəl qiymətlər nizamlanıb, festivala uyğun tənzimlənib. Hazırda mağazamızdakı bütün məhsullar festival qaydalarına uyğundur. 100 manatdan yuxarı məhsul əldə edən alıcıya aldığı malın 10 faizini geri ödənilir. İnsanların festivala marağı da az deyil. Onlar sevdikləri məhsulları ucuz qiymətə almaqdan məmnundurlar”.

Üz tutduğumuz digər mağazanın əməkdaşı isə bildirib ki, festival başlayandan müştərilərin sayı artıb: “Bizim mağazada həm qadın, həm kişi, həm də uşaq geyimləri satılır. Endirimi eşidənlər mağazalara axışıb. Festival başlayandan müştərilərin sayı artıb. Bu cür festivallar həm sahibkar, həm də alıcılar üçün uyğundur. Mağazamıza gəlib narazı gedən olmayıb”.

Samirə Kərimova adlı alıcı isə satıcılardan fərqli olaraq qiymətlərdən narazı olduğunu deyib: “Reklam olunduğu kimi böyük endirimlər yoxdur. Endirim var, çox cüzidir. Bu da büdcəmizə böyük xeyir vermir. Ümid edirəm ki, gələcək zamanlarda böyük endirimlər olar. Bizim kimi orta təbəqə daha çox yararlana bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.

Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.
İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində uğurla keçirilib.
Könül,
Musavat.com,
Fotolar müəllifindir.







