İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sərt karantin sonrası tıxacların çəngində qaldı FOTO REPORTAJ

1489 16.06.2020 15:34 Reportaj A A

 İki günlük karantin  qadağasından sonra paytaxt küçələrində hər dəfə böyük tıxaclar yaranır- Səbəb nədir?

İki günlük sərt karantin rejiminin tətbiq olunmasının ertəsi günü, Bakı küçələrində yenə də tıxac əlindən tərpənmək mümkün olmadı.

Musavat.com xəbər verir ki, iyunun 16-da  paytaxtın Ziya Bünyadov, Tiflis prospektlərində, aeroport yolunda böyük tıxaclar yaranıb. Eyni zamanda Yasamal ərazisində, Bakı-Sumqayıt yolunda da sürücülər tıxacda qalmalı olublar. 

Məntiqlə yanaşsaq əgər dərslər yoxdursa, bir çox xidmət sahələrində işləyənlər evdən çalışırsa, Bakı az-çox boşalıbsa, niyə sərt karantin aradan qaldırılan kimi şəhərdə tıxaclar olur?

Yeri gəlmişkən, oxşar vəziyyət rayonlardan Bakıya qayıdarkən postlarda da yaşanıb. Bakıya həm şimal, həm də cənub istiqamətlərindən yüzlərlə maşın daxil olub. Onların bəziləri torpaq yoldan istifadə edərək şəhərə gəliblər.
Lakin heç də hamı Bakıya daxil ola bilməyib. İcazəsi olmayanlar Bakıya buraxılmayıblar və geri qaytarılıblar. Eyni zamanda Bakıdan rayonlara getmək istəyənlərə də icazə verilməyib.
Bakıdan bölgələrə gediş-gəliş rəsmi şəkildə dayandırılsa da, hər gün yüzlərlə sürücü getməyə cəhd göstərir. Nəticədə postlarda tıxaclar yaranır.

Nəqliyyat eksperti Elməddin Muradlının Musavat.com-a bildirdiyinə görə, səbəb sadədir:

“Həftəsonu hamı evdə qalır və karantindən sonra yığılan işlərini həyata keçirmək üçün eyni vaxtda yola çıxırlar. Bu da tıxaclara səbəb olur.
Yəni, hamı eyni vaxtda evə çəkilir və eyni saatda evdən çıxır. Ona görə məhdudiyyətlər öz təsirini göstərir. Yəni, bunun qeyri-adi və ya başqa səbəbi yoxdur. Odur ki, Bakıda bu gün yaşananlar gözlənilən nəticə idi”.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, daha çox sıxlıq cənub istiqamətində, yəni Bakı-Ələt yolunun 65-ci km-də yerləşən karantin postundadır:

“Bu da həmin istiqamətdən gələn nəqliyyat vasitələrinin sayının çoxluğu ilə bağlıdır. Düzdür, orada da dənizkənarı torpaq yolla getməyə cəhd olunub. Müvafiq polis əməkdaşları tərəfindən həmin cəhdin qarşısı alınıb. Bakı və Sumqayıt şəhərinə gələn insanların sayı çoxdur.
Konkret olaraq hər bir nəqliyyat vasitəsinin sürücüsü və sərnişini yoxlanılmadan buraxılmadığına görə sıxlıq yaranıb. Kifayət qədər sərnişinin də Bakı şəhərinə girişinə icazələri olmadığına görə onlar da geri qaytarılırlar.
Nisbətən az sıxlıq şimal istiqamətində yerləşən postdadır. Belə ki, həmin ərazidə sıxlıq dərəcəsi kifayət qədər aşağıdır”, - deyə K.Əliyev bildirib.

Emil Salamoğlu,
Musavat.com,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR