Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.
Bu gün baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkillər R.Quliyevin ev dustaqlığına buraxılması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası avqustun 23- nə təyin edilib.
İş üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sabiq aparat rəhbərinin işində zərərçəkmiş qismində tanınıb.
İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.
İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb: “Ayrı-ayrı fiziki şəxslərə məxsus mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz söküntüsünə başlanması, tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olub.
Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Sabiq aparat rəhbəri özünü təqsirli bilmir. Yaxınlarının bildirdiyinə görə, o, ittihamlarla razılaşmır.
Rasim Quliyev vaxtilə 29 saylı Səbail Seçki Dairəsinin sədri olub. Onun qardaşı Bəhruz Quliyev “Səs” qəzetinin baş redaktorudur.
Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.
İlkin Muradov
Musavat.com






