Şanxay… Bu ad sizi çaşdırmasın. Söhbət Çindəki Şanxaydan yox, Bakının Keşlə qəsəbəsindəki Şanxaydan gedir.
Musavat.com oxucuları üçün Bakının Nizami rayonu Keşlə qəsəbəsində yerləşən və "Şanxay" adı ilə tanınan ərazidən, yəni Pəhləvan Fərzəliyev küçəsindən xüsusi reportajı təqdim edir.
Bu dəfəki reportajımız digər yazılarımızdan fərqlənir. Biz Şanxay qəsəbəsinə sakinlərin şikayətləri əsasında getmədik. Çünki bu qəsəbənin problemləri onun adından da məlumdur.
Uzun illərdir ki, “Şanxay” deyəndə hər kəsin ağlına qatar reyslərinin üzərində qurulmuş bir qəsəbə gəlir. Bu qəsəbə və onun sakinləri haqqında çoxlu yazılar yazılıb, xəbərlər dərc edilib. Biz də əvvəllər Şanxay haqqında öz qəzet və saytımızda yazılar dərc etmişik. Ancaq istədik ki, yenidən bu qəsəbəyə baş çəkək və hazırkı durumu sizlərə çatdıraq.
Qəsəbəyə yollandıq. Yağmurlu bir günü qəsdən seçdik ki, yağış yağan zaman qəsəbənin halını daha dəqiq bilək. Qəsəbəyə getmək üçün iki yolumuz var idi. Ya piyada, ya da taksi ilə... Çünki qəsəbəyə marşrut avtobusu getmirdi.
Xülasə... Oturduq bir taksiyə və yollandıq, qəsəbəyə... Girişdə bizi ilk qarşılayan zibillik qoxusu idi. Öyrəndik ki, bu ilk dəfə yaşanmır. Zibil maşını 10 gündə bir dəfə gəldiyi üçün hər tərəfi pis qoxu bürüyüb. Artıq sakinlər bu qoxuya alışıblar.
Birdən özümüzü hansısa göldə hiss etməyə başladıq. Çünki yollarda olan çalalar yağış suyu ilə dolmuşdu. Və bundan əlavə küçələr çox dar idi. Əgər hansısa bir yanğın və ya ağır qəza hadisəsi baş verərsə, bu küçəyə təcili yardımın, yanğınsöndürən maşınların necə daxil olacağı bizi çox maraqlandırır.
Taksidən düşdükdən sonra ilk qarşımıza çıxan şəxs qəsəbənin bərbəri idi. Səxavət adlı gənc bərbərlə bir az söhbətləşdik:
- Şanxayda vəziyyət necədir?
- Hər zaman olduğu kimi... Dəyişən bir şey yoxdur.
- Bu gün yaman yağış yağıb. Küçələr gölməçələrlə doludur.
- Hə... Hələ bu yaxşı halımızdır. Bir az da çox yağanda daha da pis olur. Küçənin bütün suyu evimizə, həyətimizə, mənim bərbərxanama dolur. Çünki kanalizasiya yoxdur. Yığılan yağış suyu harasa axmalıdır.
- Bəs nə edirsiniz?
- Heç nə. Dözürük.
Bərbər Səxavətlə sağollaşıb, yolumuza davam etdik. Qarşımıza balaca, sağa-sola qaçan uşaqlar çıxdı. Bəziləri də qatar reyslərinin üzərində oynayırdılar.
Şəkillərini çəkdiyimizi görən kimi balaca qızcığaz bizə yaxınlaşdı: “Onsuz da gəlib, şəkil çəkib, gedirsiniz. Şəkillərimi yaxşı çək. Heç olmasa bir işə yarasın”.
Balaca qızcığazın sözləri bizi güldürsə də, əslində doğru idi. Onun uşaqlığı bu reyslər üzərində keçir.
Birdən qatar səsi eşidildi və həmin uşaqların hərəsi bir yana qaçmağa başladı. Onlar artıq buna öyrəşiblər. Hər gün qatar səsi ilə oyanmağa, qatar reyslərinin üzərində qaçmağa, gecələr qatar səsi ilə yatmağa alışıblar...
Deyəsən, küçənin bir neçə evində yeni ailə həyatı qurulmuşdu. Toydan qalan qırmızı lentlər hələ də qapılarda idi. Bu, o deməkdir ki, ya evdən köçüb, bu yaşayışdan canını qurtaran var, ya da bu yaşayışa boyun əyənlərin sırasına daha biri qatılıb.
Reyslərin kənarında tikilmiş evlərin qarşısı ilə gedərkən bir şey diqqətimizi çəkdi. Evlərin birində Azərbaycanın bayrağı asılmışdı. Fotosunu çəkib, həyətə daxil olduq.
Ev sahibi ilə danışdıq. Adını bizdən gizlətsə də, söhbətdən boyun qaçırmadı: “20 ildir ki, burada yaşayıram. Heç bir kommunal problemimiz yoxdur. Qaz, işıq, su kəsilmir. Amma bu hər şey demək deyil. Qapını açanda qatar görürük. Uşaq küçəyə çıxanda narahat oluruq. Birdən qatar vurar deyə qorxuruq. Deyilənlərə görə, buraları sökəcəklər. Bizə ya yaxşı pul versinlər, ya da ev... Köçməyə tam razıyıq”.
Yolumuza davam edirik. Bu dəfə uzaqda, əlində marketdən aldığı ərzaqlarla gələn yaşlı bir nənəyə rast gəldik. Yaxınlaşdıq və söhbətləşdik.
- Ay nənə adın nədir?
- Mənim adım Atlazdır. 45 ildir ki, bu qəsəbədə yaşayıram.
- Günlər necə keçir? Yaşam tərziniz yaxşıdırmı?
- Mən şikayətçi deyiləm. Gedib daş binalarda yaşaya bilmərəm. Artıq bura alışmışam. Mən bura köçəndə gəlin idim. İndi mənim gəlinim var, nəvələrim var.
- Deyilənlər görə, buraları sökəcəklər. Söksələr razı olarsan?
- Yox. Sökməsinlər. Kimin xoşu gəlmirsə çıxsın, getsin. Onsuz da gedənlər də var.
Atlaz nənə ilə söhbətimiz zamanı bir ağsaqqal bizə yaxınlaşdı. Və uca səslə Atlaz nənəyə səsləndi: “Kimdi, bu oğlan..? Evləri sökməyə gəlib?”
Əslində bu sözləri normal qəbul etmək olar. Çünki bizi görən hər kəsin ilk sualı da belə idi: “Söküntü ilə bağlı çəkirsiniz? Nə vaxt sökəcəklər? Kompensasiya verəcəklər? Nə qədər pul verəcəklər?”
Qəsəbə sakinlərindən öyrəndik ki, burada da kirayə evlər var və kirayəşinlər də az deyil. Qiymətlər 50, 70 və 100 manat arasında dəyişir. Maddi durumu zəif olanlar burada kirayə qalırlar. Ümumilikdə isə qəsəbədə 3000 ev var. Sakinlərin əsasını Lerik, Tovuz, Zaqatala və Balakən rayonlarından olanlar təşkil edirlər.
Yolumuza davam edirik. Qarşımıza balaca məktəbli oğlan çıxdı. Kameranı görən kimi özü bizə yaxınlaşdı və söhbətləşdik.
- Məktəbə gedirsən?
- Gedirəm. Amma çətindir. Hər gün piyada yol gedirik.
- Qatardan qorxmursan?
- Yox. Mən alışmışam. Digər uşaqlar da alışıblar. Başqa çarəmiz var?
Qatar reyslərinin üzəri zibil torbaları ilə dolu idi, kənarlarında isə kanalizasiya suyu axırdı. Çünki küçələr dar olduğu üçün zibil maşını gələ bilmir. Kanalizasiya da olmadığı üçün çirkli sular bu yolla axıdılırdı.
Həmin mənzərənin fotosunu yaxından çəkmək istəyəndə bayaqkı balaca uşaq bizə səsləndi: “Əmi, əmi... Getməyin ora... Oradan qatar gəlsə, yoldan çıxmağa yer yoxdur. Bu yaxınlarda orda bir uşağı ona görə, qatar vurub”.
Əslində məktəblinin bu sözlərinin mənası “Burada hər an kimsə ölə bilər” anlamı daşıyırdı.
Qəsəbədə bu zamana kimi çoxlu qəzalar baş verib. Bəzən qatar sakinləri vurub, bəzən də avtomobilləri...
Məsələn, sentyabrın 24-də minik maşını yük qatarı ilə toqquşmuşdu. Nəticədə qatar maşını bir neçə metr sürümüşdü.
Bizi qəsəbə boyunca dolaşdıran və hər tərəfi göstərən qəsəbə sakini Elşən fiziki qüsurlu olsa da, qəsəbənin ən sevilən sakinlərindəndir. Hər kəs ona yardım edir, pal-paltar verir.
Bizimlə olduğu müddətdə yolda gördüyü hər kəs onunla salamlaşır, nəyəsə ehtiyacları olub-olmadığını soruşurdular: “Mənim heç nəyə ehtiyacım yoxdur. Allaha min şükür acından ölmürəm. Köməklik edirlər. Mən balaca uşaqlara görə narahatam. Onlar hər gün məktəbə piyada gedirlər. Qışda yollar palçıq, gölməçə olur. Üstəlik, hər gün evlərinin yanından qatar keçir”.
O, özündən çox başqalarını düşünür. Deməli, bu qəsəbədə yaşayanlar kasıb olsalar da, qəlbləri zəngindir.
Qəsəbədən ayrılırıq. Elşən bizə səslənir: “Yenə gələcəksiniz? Gəlin mütləq... Siz gələndə heç olmasa, həyatımızda dəyişiklik olur”.
Məhəmməd TÜRKMƏN
Fotolar müəllifindir.