İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinləri "xruşovka"lıarın sökülməsini istəyirmi? - VİDEOREPORTAJ, FOTOLAR

5909 01.06.2017 19:27 Ölkə A A

Rusiyada "xruşovka" adlandırılan beşmərtəbəli binalar istismara yararsız hesab edildiyindən kütləvi şəkildə sökülməsi nəzərdə tutulur. Bu səbəbdən də Saxarov prospektində şəhər rəhbərliyinə qarşı beşmərtəbəli binaların sökülməsi və bərpası üzrə proqramına görə etiraz nümayişi başlayıb. Onlar tarixi binaların sökülməsi ilə bağlı hökumətin doğru addım atmadığını bildiriblər.

May ayının əvvəlində sakinləri söküntüyə dair "hə" və ya "yox" deyə səs verəcək evlərin siyahıları ortaya çıxıb. Siyahıda panel "xruşşovkalarla" yanaşı, həmçinin kərpic "stalinka” tipli binalar və hətta inqilabdan əvvəl Rusiyada tikilmiş evlər də var.

Bəs görəsən, bu məsələ paytaxt Bakı üçün də aktualdırmı? Azərbaycanda da köhnə binaların sökülməsi təklif edilir. Başda "Xruşovka" layihəli binalar olmaqla 1960-ci illərdən əvvələ dayanan “İtaliyan” və “Minsk”, “Stalin” layihəli evlərin də sökülməsi nəzərdə tutulub.

Musavat.com-un müxbiri paytaxt Bakıda "Xruşovka",“İtalyan” və “Minsk”, “Stalin” layihəli binaların sakinləri ilə həmsöhbət olub.
Bu tipli binaların ən çox olduğu yerlərdən biri də Nizami rayonudur. Burada əsasən alman evləri və “xruşovka” binaları üstünlük təşkil edir.
Qara Qarayev prospekti ətrafında onlarla iki və beşmərtəbəli binalar yerləşir. 1950-60-cı illərdə tikilən binalarda 100 faizlik yaşayış mövcuddur.

Sakinlər qəzalı vəziyyətdə olan binaların sökülməsinin tərəfdarı olsalar da, normal vəziyyətdə olan binaların saxlanılmasını zəruri hesab edirlər.

“Xruşovka” tipli binada yaşayan Əsəd Alıyev bu tipli binaların sökülməsinin lehinə olduğunu bildirdi: “ Tarix kimi bir neçəsini saxlamaq yaxşı olardı. Ancaq hamısını yox... Yüzlərlə bina var, onların hamısını saxlamaq çətin məsələdir. Həm də 50-60 ilin binaları öz dayanıqlığını itirib. İndiki şəraitə uyğun, hündürmərtəbəli binaların tikilməsi daha sərfəli olardı.

İkimərtəbəli binalarda 50 ailə yaşayırsa, 16 mərtəbəli binada 150 ailə yaşayacaq. Belə binalar artıq təhlükəli hesab edilir. Nə qədər möhkəm olsa da, binanın ömrü maksimum 80 ildir. Sement, daş öz keyfiyyətini itirəcək və nə zamansa qəzalı vəziyyətə düşəcək”.

Digər bir sakin isə deyir ki, köhnə binaların sökülməsini birmənalı şəkildə doğru hesab etmir: “İnternetdə Almaniyadakı evlərə baxırıq. Oradakı binalardan bizdə də var. Çox səliqə-sahmanlıdır. Həmin evləri arxiv kimi saxlayırlar. Ancaq bizdə tamamilə fərqlidir. Yaşıllığı məhv edib, hündürmərtəbəli bina tikirlər. Şəxsən mənə hazırda yaşadığım ikimərtəbəli “nemes ev”i sərf edir. Bundan əlavə bina 1950-ci illərdə tikilib. Belə binalar tarixi binalar sayılır. Tikməyə o qədər yer var ki, tiksinlər də...”.

Səməd Məmmədov adlı yaşlı sakin də yaşadığı binanın normal vəziyyətdə olduğunu və yaşam şərtlərinə tam şəkildə cavab verdiyini deyir. Bu mənada yaşadığı binanın əleyhinə olduğunu söyləyir: “Mənim yaşadığım bina eksperimental bina sayılır. 1980-cı illərdə tikilib. İndidən söhbət var ki, binanı sökəcəklər. Axı binamızın vəziyyəti yaxşıdır. İndiki tikilən yeni tikililərdən qat-qat möhkəmdir. Bundan əlavə, “8-ci kilometr” ətrafında yüzlərlə ev var. Bu qədər adamı hara köçürəcəklər? Yaşlı adamıq, bizim Bakı kəndlərinə, şəhərətrafı qəsəbələrə getməyə halımız yoxdur. Kimsə evimi uçurub yerində hündürmərtəbəli bina tikib, qazanclı çıxacaq, ancaq zülmünü mən çəkməli olacağam. Tarixiliyi bir tərəfə qalsın, biz buradan köçməyin əleyhinəyik”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur MƏRD
Fotolar və video müəllifindir

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR