İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Paşinyanı təbrik edəcəkmi?

1181 08.06.2026 11:05 Dünya A A

Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, Nikol Paşinyan seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq, rəqiblərini əzici şəkildə üstələyib. İlkin nəticələr açıqlananadan sonra Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi”nin qələbəsi elan olunandan sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nikol Paşinyanı keçirilən parlament seçkilərində qazandığı uğur münasibətilə təbrik edib. Gürcüstan hökumətinin rəhbəri bu barədə özünün “X” hesabında paylaşım edib.


Qonşu ölkənin Baş naziri ikitərəfli əlaqələrin gələcəyinə ümid bəslədiyini diqqətə çatdırıb: “Baş nazir Nikol Paşinyanı seçkilərdə partiyasının qazandığı uğur münasibətilə ürəkdən təbrik edirəm. Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığı, dostluq münasibətlərini möhkəmləndirmək, eləcə də xalqlarımızın rifahını təmin etmək üçün sıx əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”.

Ondan əvvəl isə Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Ermənistan Baş naziri Nikol Paşinyana özünün X səhifəsində təbrik ünvanlamışdı.
“Bu gün Ermənistan qətiyyətlə azad, müstəqil və Avropa gələcəyini seçdi”, – Zurabişvili bildirib. Keçmiş prezident qeyd edib ki, bu qərarın demokratiyanın möhkəmlənməsinə xidmət edəcəyinə və regionun Avropa ailəsinə inteqrasiyasını gücləndirəcəyinə inanır. O, həmçinin Gürcüstan xalqının həmrəyliyini ifadə edib.

Beləliklə, Cənubi Qafqaz ölkələrindən biri N.Paşinyanı təbrik edib. Həmçinin Fransa prezidentindən təbrik mesajı gəlib. N.Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Azərbaycan və Türkiyəyə çağırış edib. O, çıxışında İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiq qaldığını bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin Azərbaycan və Türkiyə ilə bağlı mövqeyi dəyişməyib. “Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”, - deyə Paşinyan qeyd edib.

 Bu mənada Paşinyanın seçkisonrası açıqlaması Ermənistanın xarici siyasət kursu və regional münasibətlərin gələcəyi baxımından diqqəti cəlb edib.

Eyni zamanda Nikol Paşinyan Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək istədiyini bir daha bəyan edib. Seçki günü jurnalistlərə açıqlama verən Paşinyan bildirib ki, Ermənistan beynəlxalq əlaqələrini bütün istiqamətlər üzrə inkişaf etdirmək niyyətindədir: “Mən həm Moskvaya, həm Vaşinqtona, həm də Brüsselə gedəcəyəm. Artıq demişəm ki, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək imkanı əldə edəcəyimə ümid edirəm. Biz beynəlxalq münasibətlərimizi tam şəkildə inkişaf etdirmək niyyətindəyik”, – deyə Ermənistan hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammitinin 2028-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulur və tədbirə Avropanın onlarla ölkəsinin liderlərinin qatılması gözlənilir.

Bundan əvvəl parlament sədri Alen Simonyan da Bakıya gəlmək niyyətini açıqlamışdı.

Bəs Azərbaycan dövləti N.Paşinyanı seçkilərdə qazandığı qələbələrə görə təbrik edə bilərmi?

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, belə bir gözləntisi var: “Bəkə də bizim şərh yayımlanana kimi, təbrik artıq ünvanlandı. Prinsip etibarilə erməni cəmiyyətinin yarıdan çoxu sülhə və əməkdaşlığa səs verdi. Bu, gözlənilən idi. Çünki radikallara səs verib, onları hakimiyyətə gətirsəydilər, bu, regionda gərginliyin və müharibə riskinin artması demək idi. İndi isə sabitlikdir. Paşinyan 4 il hakimiyyətdə olacaq. Bu müddətdə referendum da keçirərsə, qısa müddətdə sülh sazişi imzalanacaq, Tramp yolunun inşası başlayacaq və iki ilə də bitəcək. Ondan sonra Ermənistanda hakimiyyət dəyişsə belə, gələcəkdə artıq bu reallığı, sülh və sabitlik reallığını dəyişmək mümkün olmayacaq”.

Qeyd edək ki, N.Paşinyan seçkilər öncəsi Türkiyə Prezidentinə telefon açıb, onu Qurban bayramı münasibətilə təbrik etmişdi. Gözlənilən budur ki, Ankaradan da İrəvana təbrik ünvanlana bilər.

E.Şahinoğlu hesab edir ki, N.Paşinyanın seçkilərdəki qələbəsindən sonra Türkiyə də müvafiq addımlar atacaq: “Sülh sazişi imzalanarsa, sərhəd də açılacaq. İndi Türkiyədən də müəyyən təbriklər ola bilər. Türkiyədən təbriklər olsa, əlbəttə ki, Azərbaycandan da müəyyən təbriklər ola bilər və bu təbrikdə Ermənistan baş nazirinin növbəti mərhələdə Konstitusiya dəyişikliyi edəcəyi ilə bağlı gözlənti ifadələri də yer ala bilər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR