Bakı Olimpiya Stadionu ilk dəfə qapılarını futbol həvəskarlarına açacaq. Buna səbəb Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan-İtaliya matçıdır.
Belə ki, Azərbaycan yığması Avropa nəhənglərindən biri olan İtaliyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək. İlk dəfə futbol matçının keçiriləcəyi arenada hazırlıqlar gedir.
Bu oyun hər kəs tərəfindən maraqla gözlənilir. Çünki rəqib İtaliyadır, oyunun keçiriləcəyi yer isə Bakı Olimpiya Stadionudur. İtaliya millisində dünya ulduzları yer alır. Onları görmək üçün çoxları bu matçı səbirsizliklə gözləyirlər. Üstəlik Bakı Olimpiya Stadionunda ilk dəfə baş tutacaq futbol matçını hər kəs canlı seyr etmək istəyər.
Musavat.com saytı olaraq bu önəmli matçın keçiriləcəyi möhtəşəm arenanın durumu ilə maraqlanmaq üçün stadiona yollandıq.
İlk olaraq qeyd edək ki, ərazidə ciddi mühafizə sistemi var. Xüsusi icazə, vəsiqə olmadan addım atmaq mümkün deyil. Hər tərəf maksimum mühafizə edilir.
Keçirik, stadiona... Ot örtüyü 1 aylıq zəhmətdən sonra oyuna hazır vəziyyətə gətirilib. Meydançanın ot örtüyünün matça hazırlanmasını Türkiyə şirkəti öz üzərinə götürüb. Ölkədə heç bir stadionda bu keyfiyyətdə ot örtüyü yoxdur. Yəni, bu oyun zamanı yerdən torpaq, palçıq qalxmayacaq. Stadion matç üçün demək olar ki, hazırdır. Hazırda ehtiyat futbolçular üçün skamyalar hazırlanır.
Bundan əlavə media tribunalarının da yeri dəyişdirilir. Bunda əsas məqsəd jurnalistlərin meydançanı rahat görməsi üçün şərait yaratmaqdır. Hazırda bu istiqamətdə də tamamlanma işləri gedir.
Meydançada isə sadəcə, rənglənmə işləri, daha dəqiq desək, standartlara uyğun xətlərin çəkilməsi və qapıların qoyulması prosesi qalıb. Onlar da bu günün sonuna kimi tamamlanacaq.
AFFA-dan musavata.com-a verilən məlumata görə, bu matç üçün hazırlıqlar ayın 9-na kimi bitəcək: "Çünki oktyabrın 9-da mətbuat konfransı olacaq. Bundan əlavə işlər yekunlaşmaq üzrədir. Onsuz da stadion ideal durumda idi. Biz sadəcə, futbol matçına görə kiçik dəyişikliklər edirik. O da media nümayəndələrinin əyləşəcəkləri yerlər və stadionun ot örtüyü ilə bağlıdır ki, bu işlər də bitmək üzrədir".
Oyuna gəldikdə isə, burada maraqlı bir nüans var. Milli komandamızın İtaliya millisi ilə son iki matçı eyni gündə, eyni ayda baş tutub. Belə ki, ilk matç 2003-cü ilin, digəri isə 2014-cü ilin oktyabr ayının 10-da reallaşıb. Bu matç da 2015-ci il oktyabr ayının 10-da keçiriləcək. Ümid edək ki, həmin oyunlardakı hesablar bu dəfə təkrarlanmaz.
Bu stadionda matçı seyr etmək istəyənlərin sayı çoxluq təşkil edir. Əsasən gənclər bu oyuna böyük maraq göstərirlər. Hazırda verilən məlumatlara görə, biletlərin böyük hissəsi satılıb və satılmaqda da davam edir.
Bilet əldə etmək istəyənlərin nəzərinə çatdıraq ki, biletləri 28 Mall AVM-dən, "Bakcell Arena"nın kassalarından və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən "Bakcell Müştəri Xidmətləri" mərkəzindən əldə etmək mümkündür.
Biletlərinin qiyməti aşağıdakı kimidir:
1-ci kateqoriya – 4 AZN
2-ci kateqoriya – 2 AZN
3-cü kateqoriya – 1 AZN
VİP – 50 AZN
Bilet satışı nöqtələrindən individual SkyBox biletləri də almaq olar. Bu biletlərin qiyməti 100 AZN-dir. Biletləri həmçinin www.tickets.affa.az ünvanından onlayn əldə etmək də mümkündür.
Məhəmməd Türkmən,
Fotolar müəllifindir.