İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Moskvadan bu cavabı gözləyir - İrəvan üçün “qum saatı” bitdi

1991 11.04.2023 09:28 Siyasət A A

Eyni vaxtda İran, ABŞ və Rusiyanın dostu olmaq istəyən kapitulyant ölkə riskli oyunun içində; “top” isə artıq Azərbaycanın meydanında deyil...

Ötən həftəsonu Ermənistanla bağlı bir-biri ilə məntiq əlaqəsi olmayan iki olayın şahidi olduq. Biri ABŞ ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyətinin İrəvan səfəri, digəri isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İran ziyarəti idi. O İran ki, Vaşinqton onu çoxdan “Şər oxu” elan edib.

Ermənistan Müdafiə Nazirliyinin xəbərində deyilir ki, amerikalı general erməni tərəfi ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə və bilik mübadiləsi imkanlarını müzakirə edib. Amma cənab Ellis nədənsə Bakı və Tiflisə də getməyə lüzum görmədi. Demək, məqsəd sırf Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirmək olub. 

Qriqoryan isə Tehran səfəri çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb. Diqqət edin, ABŞ dövlət katibi az öncə “Azərbaycanı İrandan qorumaq lazımdır” deyə bəyan edir, amma amerikalı general Bakıya yox, İrəvana təşrif buyurur, Ermənistanla hərbi tərəfdaşlığı, ortaq təlimləri müzakirə edir. Bundan bir gün sonra isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Tehrana uçur. Yeri gəlmişkən, dünən SEPAH Azərbaycana ünvanlı növbəti hədələyici video yayıb. İran, üstəlik, Rusiya-Ukrayna müharibəsində birincinin yanında yer alıb.     

Beləcə, İrəvan eyni vaxtda həm Rusiya və İranın qatı düşməni ABŞ-la yaxınlıq edir, həm də İranla. Rəhbəri bəh-bəhlə “Demokratiya sammiti”nə çağırılan kapitulyant ölkə heç nəyə məhəl qoymadan, sanki nümayişkaranə şəkildə Tehran dövləti ilə qardaşlığı gücləndirir.

İran İnqilab keşikçiləri - onlar kimdir? - BBC News Azərbaycanca

Görəsən, bütün bunları ABŞ-dakı müvafiq qurumlar, “beyin mərkəzləri” görmür? Axı İran və Ermənistan, üstəlik, ələ-ələ bölgəni qarışdırmaqla məşğuldur.

Məsələ də ondadır ki, Tehran və İrəvan rəsmilərinin son zamanlar xeyli intensivləşən qarşılıqlı səfərlərindən, açıq və mübhəm görüşlərindən, ümumən İran-İrəvan dostluğundan bölgəyə, özəlliklə Azərbaycana heç bir fayda gözlənilmir. Çünki bu müttəfiqlik Azərbaycana, qardaş Türkiyəyə qarşı yönəlib, regionda daimi sülhün əngəllənməsinə hesablanıb.

Heç şübhəsiz, Qriqoryan molla rejimindən hansısa yeni təlimatlar alıb qayıdacaq. Müşahidələr həmçinin göstərir ki, belə səfərlərdən sonra İrəvan özünü daha cəzasız hiss edir, sülh danışıqlarında, Zəngəzur dəhlizi məsələsində bir qədər də destruktiv və riyakar mövqe sərgiləyir, sərhəddə təxribatları artırır, Qarabağda erməni separatçı ünsürlər daha da fəallaşır. Nəticə etibarilə regionda yeni və genişmiqyaslı hərbi toqquşma riski böyüyür.

Demək, Azərbaycan hərbi xarakterli əks-tədbirlər də daxil, adekvat addımlar atmaq zorundadır. Bu tədbirlərin zamanı artıq yetişib.     

*****

“Mən gələn həftə Bakının Qarabağda, o cümlədən Laçın yolunda Ermənistanın və Qarabağdakı xunta rejiminin əl-ayağını yığışdıracaq hansısa aktiv hərəkətlərini gözləyirəm”.

Fərhad Məmmədov: Koronavirus Ermənistanın demək olar ki, bütün zəif  tərəflərini üzə çıxartdı | 1news.az | Xəbərlər

 Fərhad Məmmədov 

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri politoloq Fərhad Məmmədov Caliber.Az internet layihəsinin növbəti buraxılışında Qarabağ ermənilərinin reinteqrasiya problemləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, əslində həm İrəvan, həm də Qarabağdakı xunta Azərbaycandan müəyyən hərəkətlər gözləyir. “Son günlər verilən qərarlar göstərir ki, onlar bunu gözləyirlər. Məsələn, separatçılar Qarabağ ermənilərinin xüsusi icazə olmadan hərəkətini məhdudlaşdırmaq barədə qərar qəbul edirlər. Onlar Azərbaycanın yola nəzarət edəcəyinə hazırlaşırlar. Hətta güman ki, Rusiya son anda yola Azərbaycanla birgə hansısa ortaq nəzarət təşəbbüsü ilə çıxış edəcək. Fikrimcə, yaxın 7-10 gündə Rusiyanın bu xüsusda müəyyən təşəbbüsləri olacaq. Əgər bu, baş verməsə, o zaman Bakı müəyyən tədbirlər görəcək”, - deyə o qeyd edib.

Konkret qərarın verilməsi üçün isə indi bütün zəruri şərtlər mövcuddur. Bu gün Laçın yolundakı ekofəalların aksiyasının 121-ci günüdür. Belə görünür ki, həqiqətən hansısa yekun qərarı elan eləməyin vaxtı çatıb. Əks halda, proseslər Rusiya və Azərbaycan arasında ənənəvi tərəfdaşlıq münasibətlərini geridönməz şəkildə korlaya bilər.

Onsuz da Bakı 10 minə yaxın erməni silahlı quldurların hələ də Qarabağdan çıxarılmamasına görə (10 noyabr sənədinin 4-cü bəndi) Moskvadan narazıdır və səbirlə gözləyir. Lakin bu səbir, təmkin sonsuz deyil. Azərbaycan eyni zamanda Ermənistandan fərqli olaraq Rusiyanın bölgədəki maraqlarını maksimum nəzərə alır - təbii ki, öz maraqlarını “qırmızı xətt” saymaqla. Qısası, “top” Rusiyanın meydanındadır. İrəvan üçün isə “qum saatı” artıq bitib. 

*****

“Azərbaycan Rusiyanın etibarlı, addımları proqnozlaşdırıla bilən, sübut edilmiş tərəfdaşı və müttəfiqidir. Ermənistan isə ikiüzlü və fürsətçi ölkədir”.

İqor Korotçenko Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qorumasına  imkan verən amillər barədə danışıb - AZƏRTAC

Bunu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert və analitik İqor Korotçenko bildirib (Axar.az).

Ukrayna müharibəsindən bir gün qabaq Azərbaycanın Rusiya ilə müttəfiqlik sənədi (22 fevral Moskva Bəyannaməsi) imzalamasını xatırladan Korotçenkoya görə, Bakı Qərbin sanksiyaları altında olan Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizinin fasiləsiz fəaliyyətini təmin edib: “Ermənistan isə ABŞ və Avropa Birliyinin təsiri altına düşdü, Putini BCM-in sifarişi ilə (baş nazir Nikol Paşinyan vasitəsilə) həbs etməyə hazır olduğunu bəyan etdi, KTMT ilə əməkdaşlıqdan imtina etdi və ABŞ-ın komandanlığı altında Avropa teatrında iki təlimdə iştirak etmək qərarına gəldi”.

Analitik bu fonda Rusiya media məkanında onlarla erməni lobbiçisinin hər gün eyni vaxtda Azərbaycan və Türkiyə əleyhinə həyasızlıq eləməsinə diqqət yönəldib. “Onlar həm də qondarma "artsax"ın blokadaya alınması və “əzabkeş xalqın iztirabları”, separatçıların silahlı hücumları barədə yalanlar danışırlar. Bunlara son qoymasının vaxtıdır", - deyə o vurğulayıb və Azərbaycana təşəkkürünü bildirib: “Mən Azərbaycan rəhbərliyinə və xalqına nə olursa-olsun, bu öhdəliklərə sadiq qaldıqları üçün təşəkkür etmək istəyirəm. Qarabağ Azərbaycandır! Əminəm ki, Rusiya da öz növbəsində bütün öhdəliklərini yerinə yetirəcək və dünyanın mənzərəsini təhrif edən "erməni eynəyi"ni onun üzünə taxmaq cəhdləri uğurlu olmayacaq".

Qalır bir az da gözləmək. Hərçənd “qum saatı” Moskva üçün də bitib...

*****

Yazı hazırlanarkən məlum oldu ki, Ermənistan mediasında artıq Azərbaycan tərəfinin Ermənistanla sərhədin Laçın rayonundan keçən hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdırdığı barədə məlumatlar yayılıb.

Hərbi ekspert Ədalət Verdiyevə görə, nəzarət-buraxılış məntəqəsi həmin ərazinin yaxınlığında mövcud olan və ermənilər tərəfindən quraşdırılan buraxılış məntəqəsi ilə rus sülhməramlı kontingentinin buraxılış məntəqəsinin arasında yerləşir: “Belə bir məntəqənin quraşdırılması gözlənilirdi. Çünki cənab Ali Baş Komandan İlham Əliyev də bu barədə daha əvvəllər təkliflərini səsləndirmişdi. Bu təklif Rusiya və Ermənistanda etirazla qarşılansa da nəzərə almaq lazımdır ki, Zabux və Cağauz kəndləri artıq Azərbaycanın nəzarətindədir. Yəni belə bir nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına kimsənin, o cümlədən Rusiya və Ermənistanın mane olmaq şansları sıfıra bərabərdir. Odur ki, məntəqənin yerləşdirilməsi kifayət qədər real məsələdir. Bu barədə rəsmi məlumat olmasa da, yəqin ki, yaxın saatlarda və ya günlərdə bununla bağlı məlumatlar Azərbaycan mediasında da əksini tapacaq...”

 Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR