İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İrəvana “hə” dedi - Naxçıvana yol açılır, birgə komissiya işə başlayır?

7549 24.06.2023 13:29 Gündəm A A

Ermənistan sərhədlərin delimitasiyasının müzakirəsi ilə bağlı Azərbaycandan müsbət cavab alıb, komissiya Vaşinqton danışıqları fonunda işə başlaya bilər; ekspertlərdən maraqlı proqnoz            

“Ermənistan sərhədlərin delimitasiyası məsələsinin müzakirəsi ilə bağlı görüş keçirmək üçün Azərbaycandan müsbət cavab alıb”. “Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib.

“Bəli, müsbət cavab almışıq, lakin görüşün yeri və tarixi ilə bağlı hələ razılığa gəlməmişik. Düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Söhbət delimitasiya üzrə komissiyaların iclasından gedir”, - Qriqoryan bildirib.

Qriqoryan onu da deyib ki, Arazdəyən-Mehri-Horadiz dəmir yolu xəttinin işə salınması ilə regional kommunikasiyaların açılmasına başlamaq üçün Azərbaycanla mühüm konsensus əldə olunub. Onun sözlərinə görə bu, artıq konkret razılaşmadır və tərəflərə işlərin hansı istiqamətdə görüləcəyi aydındır. “Həmçinin hamı anlayır ki, yolun keçəcəyi ölkələrin suverenliyi prinsipi çərçivəsində addım atılmalıdır”, - o qeyd edib.

“Hesab edirəm ki, Azərbaycan tərəfi bu variantla razıdır, çünki bu məsələnin başqa formatda müzakirə olunmayacağı dəfələrlə bəyan edilib. Əgər görüşlər, müzakirələr gedirsə, deməli, bu, bütün iştirakçılar tərəfindən bölüşülür. Dəmir yolunun Yerasx-Horadiz hissəsinin yenidən istifadəsi ilə bağlı yekun konsensus var, bütün tərəflər razılaşdıqlarını və bunun hazırda region üçün yaxşı və müsbət həll olduğunu bildiriblər”, - Qriqoryan bildirib.

Xatırladaq ki, ötən həftəsonu M.Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə ölkələr arasında sərhədlərin delimitasiyası məsələləri üzrə komissiyaların iclasını keçirməyi təklif etmişdi. Ermənistan baş naziri müavininin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd sərhədlərdə gərginliyə səbəb olan problemli məsələləri müzakirə etməkdir. Keçən il yaradılmış delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının Ermənistana aid heyətinə Mher Qriqoryan rəhbərlik edir. Mustafayevlə ilk görüş 24 may 2022-ci ildə, ikinci görüş 30 avqust 2022-ci ildə Moskvada baş tutub.

Bəs danışıqlar hansı xəritə əsasında aparılacaq? Ortaq komissiya Vaşinqtonda XİN başçıları səviyyəsində sülh danışıqlarının növbəti raundu fonunda işə başlaya bilərmi? İyulun 21-də isə Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında daha bir görüş gözlənilir. Anklavlar məsələsi də müzakirə oluna bilərmi?

Ceyhun Bayramov Misirə işgüzar səfər edib - 12.02.2023, Sputnik Azərbaycan

Ceyhun Bayramov 

Yeri gəlmişkən, bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində belə deyib. Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır: “Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, bu, mümkündür”.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, dəmiryol xətlərinin bərpasına ümid etmək olar, sərhədlərin dəqiqləşməsi isə zaman tələb edir. Onun fikrincə, nəqliyyat kommunikasiyalarının açılması üçün İrəvana ciddi təzyiq var, o baxımdan dəmiryol xətlərinin işə düşməsi mümkündür: “Amma Ermənistan daxilində çox ciddi siyasi problemlər var və mövcud hakimiyyət addım atmağa tərəddüd edir. Hətta ölkənin qarışması gözlənilir və ona görə Paşinyan hökuməti qəti qərarlar qəbul edə bilmir. Bu da Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə mane olur. Nə qədər ki, Qarabağdan terrorçular çıxmayıb, rəsmi İrəvan Azərbaycanın daxili işlərinə qarışır, bizim onlara inanmağımız lazım deyil. Ermənistan razılaşmaların icrasını uzatmamalıdır”.

Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"

Natiq Cəfərli 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə hesab edir ki, delimitasiya və demarkasiya uzun çəkən prosesdir: “Rusiya və Gürcüstanla bu proses yaxın zamanlara qədər davam etmişdi. Amma görünür ki, Ermənistanla yanaşmada bir razılaşma var. Misal üçün, elə sərhəd xətləri var ki, mübahisə doğurmayacaq. Yəni sovet vaxtından məlum olan yerlər var ki, orada razılaşmaq çətin olmayacaq. Bu mənada delimitasiya prosesində protokol imzalanması gözlənilir”.

N.Cəfərlinin sözlərinə görə, dəmiryol xəttinə gəlincə, yola kimin nəzarət etməsi əsas məsələ idi: “Laçın yolunda post qoymağımıza Ermənistan səs-küy yaratsa da, əslində İrəvana sərf etdi. Onların da özləri tərəfdən yola rusların deyil, ermənilərin kontrol etməsi imkanı yaratdı. Azərbaycana fərqi yoxdur ki, Naxçıvana gedən yola hansı tərəf yola kontrol edəcək. Artıq məlumatlar var ki, Rusiya və Ermənistan razılaşıblar, birgə nəzarət məsələsində dil tapıblar. Bu da onların daxili işidir və yaxın zamanlarda dəmiryol, eləcə də avtomobil yolunun açılması ilə bağlı protokol imzalanacaq. Bu da böyük sülh müqaviləsinin imzalanmasının tərkib hissəsi olacaq. Amma sərhədlərin dəqiqləşməsi uzun zaman ala bilər. Məsələn, hər 10 kilometr razılaşdırıldıqca protokollar imzalanacaq, birdəfəlik həlli mümkün görünmür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR