Böyük Britaniyanın ilk dəfə Azərbaycana hərbi attaşe təyin etməsi təhlükəsizlik sahəsində hansı yeni imkanlar açacaq?
Xəbər verildiyi kimi, Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycana ilk dəfə olaraq hərbi attaşe təyin edib. Diplomatik nümayəndəlikdən verilən məlumata görə, bu vəzifəni Qavin Tarbard tutacaq. “Biz Qavin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsini vurğulayan tarixi addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq”, - diplomatik missiyadan bildiriblər. Maraqlıdır ki, bu təyinat Ermənistanda narahatlıq yaradıb. Bəs niyə məhz indi? Hərbi attaşe təyinatı doğrudanmı iki ölkə əlaqələrində tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq? Britaniya bizə hansı silahları verə bilər?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə hərbi attaşe təyinatı çoxdan baş verməli idi: “Bir çox ölkənin Azərbaycandakı səfirliklərinin nəzdində hərbi attaşelər fəaliyyət göstərir. Bəzi ölkələrin Gürcüstan və Türkiyə səfirliklərindəki hərbi attaşeləri həm də Azərbaycana məsuldur. Böyük Britaniyanın da Azərbaycana məsul olan hərbi attaşesi Gürcüstandakı səfirlikdə fəaliyyət göstərirdi, ara-sıra Bakıya gəlirdi. Halbuki Böyük Britaniya Azərbaycana tərəfdaş olan ölkələrdəndir. İkinci Qarabağ müharibəsi zamanı birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan NATO-nun müxtəlif proqramlarında iştirak edir. Böyük Britaniya NATO üzvü kimi bu təşkilat çərçivəsində Azərbaycanla əməkdaşlığını genişləndirə bilər. Bundan başqa, iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi imkanları var. Azərbaycan hərbi baxımdan aparıcı ölkələrin hərbi texnikasına maraq göstərir. Bu sahədə də iki ölkə arasında əməkdaşlıq mümkündür”.
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd isə Azərbaycan-Britaniya əlaqələrinin ciddiyyətinə toxundu: “Hər nə qədər son günlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı barədə müsbət mesajlar verilsə də, Cənubi Qafqazda vəziyyətin gərgin olduğunu deyə bilərik. Sülhdən danışılan zamanda şərti sərhəddə atəşkəsin pozulduğunun şahidi oluruq. Cənubi Qafqazda həm də regiona qonşu dövlətlər olan Rusiya, İran və Türkiyənin maraqları var. Bundan əlavə, kənar qüvvələr sayılan ABŞ, Çin, Fransa və Böyük Britaniyanın da maraqlarının olduğunu açıq şəkildə görürük. Bu qüvvələr arasında uzlaşma olmayacağı təqdirdə Cənubi Qafqazda gərginliyin davam edəcəyini görəcəyik. Qlobal aləmdə baş verən proseslərə baxdıqda, dünyanın sanki bölüşdürüldüyünün şahidi oluruq. Böyük dövlətlər öz maraqlarını, regionları təsir dairələrinə almaq üçün addımlar atır. Azərbaycanla Böyük Britaniya arasında ciddi əlaqələr mövcuddur. SSRİ dağılarkən bu region Rusiya və Fransanın təsir dairəsinə keçmişdi. Ancaq Azərbaycan işğaldakı torpaqlarını hərbi güclə geri aldıqdan sonra yeni reallıqlar yarandı”.
Hərbi ekspert bildirdi ki, Fransanın Ermənistan üzərindən apardığı siyasətə qarşı Böyük Britaniyanın Azərbaycana ilk dəfə hərbi attaşe təyin etməsi gözlənilən idi: “Böyük Britaniyanın aktiv siyasətə keçəcəyi gözlənilən idi. ABŞ təkcə Avropa İttifaqının yox, həm də Böyük Britaniyanın maraqlarına zidd addımlar atırdı. Kanadanın Böyük Britaniyanın təsir dairəsində olduğu heç kimə sirr deyildi. Ancaq Trampın Kanada, Qrenlandiya və adalar iddiası Böyük Britaniyanı da hərəkətə keçməyə məcbur etdi. Düzdür, "Bir kəmər, bir yol layihəsi" Çindən başlayıb, Böyük Britaniyada bitəcək, ancaq yollar üzərinə nəzarət də çox önəmlidir. Bundan əlavə, bu regionda Böyük Britaniya Fransanı sıxışdırıb, Rusiya ilə birgə təsir dairəsinə ala bilər".
S.Məmməd vurğuladı ki, digər məsələ İrandır: “Çünki İranın hədəfdə olduğu heç kimə sirr deyil. Ona görə də Böyük Britaniyanın Azərbaycana hərbi attaşe təyin etməsi həm də İranla bağlı ola bilər. Çünki Azərbaycanla İran həmsərhəddir. Digər tərəfdən, xatırlayırıqsa, Böyük Britaniyanın Azərbaycandakı səfirinin Xudafərin körpüsü istiqamətindən şəkil çəkdirməsi böyük müzakirələrə səbəb olmuşdu. Ona görə də bu addımın atılmasında qeyri-adi bir hal yoxdur. Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq sahəsində də addımlar atıla bilər. İqtisadi, siyasi əməkdaşlığın olduğu yerdə hərbi əməkdaşlığın olmasında qeyri-adi heç nə yoxdur. Digər tərəfdən, bu region uğrunda hər hansı savaş çıxarsa, Böyük Britaniyanın regionda var olması gözləniləndir. Çünki Azərbaycan neftinin ən böyük payçılarından biri Böyük Britaniya şirkəti olan BP-dir. İstənilən halda Böyük Britaniya maraqlarını təmin etmək üçün bu regionda varlığını qoruyub saxlamağa çalışacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”