İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı gömrüyünün şefindən ölkənin ərzaq təhlükəsizliyinə zərbə

12680 01.04.2013 09:58 İqtisadiyyat A A
Yada salaq ki, ölkənin taxılla təchizatında problem yarandığından ötən ilin payızında Nazirlər Kabinetinin qərarı ilə taxıl idxalına tətbiq edilən ƏDV ləğv edilmişdi. O vaxtdan iş adamları un idxalına üstünlük verməyə başlamışdı. Nəticədə idxal kəskin artmağa başladı ki, bu da ölkənin ərzaq təhlükəsizliyi baxımından arzuolunan hal idi. Çünki yerli istehsalın keyfiyyətsizliyi səbəbindən daxili tələbatın ödənilməsi və Taxıl Fondunun doldurulması üçün idxalı stimullaşdırmaq qaçılmaz idi.
Ancaq Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov ölkənin ərzaq təhlükəsizliyinə məhəl qoymayaraq un idxalçılarından alınan qeyri-rəsmi ödənişi artırmağa qərar verib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında buğda idxalının həcmi 51,1 milyon dollar təşkil edib. Bu da 2012-ci ilin yanvar-fevral aylarındakı göstəricidən 2,7 faiz çoxdur. Buğda ununun idxalı 25 dəfə artıb - ölkəyə 7,9 milyon dollarlıq un gətirilib. V.Novruzov da bu gəlirli biznesə “öz payını” əlavə edib. Qazaxıstan və Rusiyadan unun 1 tonu 230-250 dollara alındığı halda, Azərbaycanda pərakəndə satışda unun tonu 440 manata və yaxud 560 dollara satılır - unun 50 kiloqramlıq kisəsi 22 manata təklif edilir. Bu isə ixrac qiyməti ilə pərakəndə satış qiyməti arasında 2 dəfədən çox fərqin yaranması deməkdir. Təbii ki, bu fərqin əhəmiyyətli kəsimi iş adamlarının yox, gömrük boslarının cibinə axır.  
Tikinti materiallarının idxalı ilə məşğul olan şirkətlər də alınan “şapka”nın həcminin kəskin artımından şikayətlənirlər. Artımlar iş adamları arasında ciddi narazılıq doğursa da, onların etirazına məhəl qoyan yoxdur. İş adamlarından birinin sözlərinə görə, işlək inşaat materiallarının idxalına görə alınan “şapka”nın həcmi son bir ildə 100 faizə qədər artırılıb: “Məsələn, əvvəllər bir TİR santexnika materialı üçün 10 min manat ”şapka" alınırdı. 2012-ci ilin əvvəlində bu məbləğ 15 min manata qaldırıldı. Son vaxtlar isə gömrükçülər 1 TİR santexnika materialına 17 min manat “təzminat” tələb edirlər - artım 70 faizdir. Yaxud əvvəllər bir vaqon kafel üçün 21 min manat alırdılarsa, 2012-ci ilin əvvəlində bu məbləğ 28 min manata qalxdı. İndisə “təziminat”ın məbləği 35 min manata çatıb. Ümumiyyətlə, 2012-ci ildən indiyə qədər ölkəyə idxal olunan inşaat, elektrotexnika, həmçinin ərzaq mallarına görə gömrükdə tələb edilən “şapka”nın məbləği ən azı, 50 faiz artıb.
Mənbənin iddiasına görə, “şapka”ların artırılması əməliyyatlarının da başında Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov durur. Çünki gömrükçülərin əməllərindən V.Novruzova şikayətlənəndə rəis işçilərinə haqq qazandırır və bildirir ki, işçiləri onun göstərişini yerinə yetirirlər. İş o yerə gəlib çatıb ki, bəzi sahibkarların Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edəcəkləri ilə bağlı hədələrinə də gömrük rəisi çox sərt reaksiya verir: “Hara istəyirsiniz şikayət edin”!
Vüsal Novruzov işgüzar çevrələrdə fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə tanınır. Bəzi məlumatlara görə, K.Heydərovun biznesinin əsas idarəçilərindən biri də məhz V.Novruzovdur. Bununla belə, “Yeni Müsavat”ı bilgiləndirən iş adamının fikrincə, “şapka”nın həcminin artırılması göstərişi K.Heydərovdan gəlməyə də bilər - V.Novruzov artıq gömrük sistemində muxtar status qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR