Bakı-2015: Daha bir güləşçimiz qızıl medal qazandı - FOTOSESSİYA
Bu gün Bakı-2015 Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulur. Musavat.com-un məlumatına görə, yarışın son günündə daha 4 dəst medalın sahibi bilinəcək.
Qadınlar, sərbəst 53 kq çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda rumıniyalı Natalya Budunu xalçaya dəvət edib. Güləşçimiz bu dəfə də özünü yaxşı tərəfdən göstərib (7:2) və həlledici mərhələdə iştirak hüququ qazanıb.
O, finalda polşalı Roksana Zasina ilə münasibətlərinə aydınlıq gətirib. Görüşü çətinliklə də olsa qalibiyyətlə başa vuran təmsilçimiz ölkəmizə daha bir qızıl medal qazandırmış oldu.
Məhəmməd Türkmən






