İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakatin kim idi? - Əyalət mühəndisi SSRİ-nin həm milis naziri, həm də DTK sədri olub

1676 01.08.2022 16:05 Dünya A A

Xəbər verildiyi kimi, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri Vadim Bakatin dünən vəfat edib.

Rusiyanın ucqar əyalətlərindən birində adi mühəndis kimi çalışarkən birdən-birə dövlətin bürokratik pillələrində başgicəlləndirici karyera yaşayan bu adamla bağlı maraqlı məqamlar çoxdur. Onu SSRİ-nin dağılma prosesinin əsas fiqurlarından və simvollarından biri hesab edənlər də az deyil.

Vadim Viktoroviç Bakatin 1937-ci ildə Novosibirsk vilayətinin (1943-cü ildən - Kemerovo vilayəti) Kiselyovsk şəhərində dağ mühəndisi və cərrah ailəsində anadan olub. İnstitutu bitirdikdən sonra 13 il (1960-1973-cü illərdə) Kemerovo vilayətinin tikinti sənayesində müxtəlif vəzifələrdə çalışıb. 1973-cü ildə Kemerovo evtikmə kombinatında baş mühəndis vəzifəsində çalışarkən partiya işinə keçib.

1973-cü ilin aprelindən 1975-ci ilin aprelinə qədər o,  Sov.İKP Kemerovo şəhər komitəsinin ikinci katibi, 1975-ci ilin aprelindən 1977-ci ilin martına qədər tikinti şöbəsinin müdiri, 1977-ci ilin martından 1983-cü ilin oktyabrına qədər Sov.İKP Kemerovo vilayət komitəsinin katibi vəzifələrində çalışıb.

47635953562e793747baa6782470586_v4_big.jpg (48 KB)

1983-cü ildə Vadim Bakatin Sov.İKP MK-nın təşkilat-partiya işi şöbəsinin müdiri, Siyasi Büronun gələcək üzvü, kadrların seçilməsinə cavabdeh şəxs sayılan Yeqor Liqaçovun diqqətinə düşüb. Məhz Liqaçovun Bakatinin karyera yüksəlişində böyük rol oynadığı deyilir. Vadim Bakatin 1983-cü ilin oktyabrından 1985-ci ilin martına qədər - Sov.İKP Mərkəzi Komitəsinin inspektoru olaraq fəaliyyət göstərib. Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirdikdən sonra (1985) isə o, Kirov vilayət komitəsinin birinci katibi vəzifəsinə göndərilib. 1987-ci il mayın 7-dən 1988-ci il noyabrın 17-dək (rəsmi olaraq) - Sov.İKP Kemerovo vilayət komitəsinin birinci katibi olaraq fəaliyyət göstərib.

20 oktyabr 1988-ci ildə Vadim Bakatin RSFSR Nazirlər Sovetinə rəhbərlik edən Aleksandr Vlasovun yerinə SSRİ daxili işlər naziri təyin edilib. Onun belə bir məsul vəzifəyə təyinatı hər kəsi təəccübləndirib. Bakatini Kommunist Partiyasının XIX emumittifaq konfransından sonra təyin edən Qorbaçovun yaxın ətrafındakılarına deyib: “Mənə milis-nazir yox, siyasətçilər lazımdır”.

Vadim Bakatin özü bu təyinatı sonradan bu cür xatırlayırdı: “...Qorbaçov əmin idi ki, mən heç vaxt oğurluq etməyəcəyəm və mənim zəif cəhətlərim, əyalətçiliyim daha çox onun işinə yarayacaq. Görünür, məni bu son dərəcə mühüm dövlət vəzifəsinə seçərək, asanlıqla idarə oluna biləcəyimə inanırdı. Tamamilə ədalətli bir istəkdir, amma səhv edib-etmədiyini mühakimə etmək mənlik deyil”.

big_294521336_8129281123763465_7042088307756752544_n.jpg (41 KB)

SSRİ Daxili İşlər Nazirliyinin rəhbəri kimi Vadim Bakatin 1989-cu il sentyabrın 28-də SSRİ xalq deputatı Boris Yeltsinlə baş vermiş insidenti araşdırıb və bu barədə SSRİ Ali Sovetinin rəyasət heyətində məlumat verib.

“Yeltsinin körpüdən yıxılması” hadisəsi 1989-cu il sentyabrın 28-də Rusiyanın gələcək prezidenti Boris Nikolayeviç Yeltsinlə bağlı insident sayılır. B.Yeltsinin özünün dediyinə görə, həmin vaxt o, dostu Sergey Başilovun bağ evinə qonaq gedirmiş. Bir qədər yerimək istədiyi üçün o, həmin vaxt sürücünü xidməti maşını ilə buraxıb. Bu zaman qəfildən naməlum şəxslər ona hücum edərək başına torba keçirib “Jiquli” markalı avtomobilə mindirib, sonra isə körpüdən Moskva çayına atıblar. Yeltsinin özünün dediyinə görə, sonradan o qaçmağı bacarıb.

Bu hadisə SSRİ Ali Sovetinin iclasında uzun müddət və ətraflı müzakirə olunub, mərkəzi televiziya ilə yayımlanıb, həmçinin mərkəzi mətbuatda dərc edilib.

Sonradan əslində hadisənin Boris Nikolayeviçin təqdim etdiyi versiyada olmadığı ortaya çıxıb.ı (Boris Yeltsinin bəhs etdiyi vaxtda məşuqəsinin yanında olduğunu deyənlər də çoxdur). Hətta Rusiyanın gələcək prezidentinin mühafizəsinin rəhbəri Aleksandr Korjakov yazdığı kitabda hadisəni Boris Yeltsinin  uydurduğunu işarə edib. Bütün bunlar isə Vadim Bakatinin dövründə ətraflı şəkildə açılıb.

1444119.jpg (153 KB)

Bakatinin rəhbərliyi altında, əvvəlki nazir Aleksandr Vlasovun bölgələrdə xüsusi milis bölmələrinin (OMON) yaradılması prosesi davam etdirlib. Lakin Bakatinin dövründə sovet milisi “demokratizator” adı verilən rezin dəyənəklərə sahib olub.

Nazir kimi Bakatin SSRİ-nin daxili işlər orqanları tərəfindən “pullu məlumat verən”lərlə bağlı təcrübəsini ləğv edib. Doğrudur, onun bu addımı sonradan sərt tənqidə məruz qalıb. Çünki sovet milis aparatı  "agentura şəbəkəsi”ndən cinayətkarlara qarşı mübarizədə müvəfəqiyyətlə mübarizədə istifadə edirdi.

Bakatinin nazirliyi dövründə SSRİ Daxili İşlər Nazirliyi sisteminin istintaq təcridxanasında istintaq altında olanlara ilk dəfə olaraq isti yemək verilməyə başlanıb.

1990-cı il dekabrın 1-də ittifaq respublikalarının daxili işlər nazirliklərinə daha böyük müstəqillik verilməsi siyasəti və Baltikyanı ölkələrdə gücdən istifadə etməkdən imtinası Vadim Bakatinə SSRİ daxili işlər naziri postunu itirməsinə gətirib çıxardı.

Bununla yanaşı, 1990-cə ildə Bakıda baş verən 20 Yanvar qırğınında Bakatinin şəxsi rolu olub. Həmin vaxt o, Bakıda olub və bəzi əməliyyatları koordinasiya edib. Bakatin Primakov, Yazov, Kryuçkovla birlikdə Bakı cəlladlarından biriydi.

main-qimg-804d7eba737569082b7524fe6d67e5a3-pjlq.jpg (35 KB)

Bakatinin nazir postundan getməsinin digər səbəbi SSRİ prezidenti Mixail Qorbaçovun gözündən düşməsi olub. 1990-cı ilin noyabr bayramı öncəsi Qorbaçov Bakatindən Moskvanın Qırmızı meydanında demokratik qüvvələrin alternativ nümayişi keçirməsinə yol verməməsini tələb edib. Sonuncunun buna qəti şəkildə etirazından sonra Qorbaçov onu qorxaq adlandırıb. Bundan sonra SSRİ-nin yeni daxili işlər naziri vəzifəsinə Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri, daha sərt tədbirlərin tərəfdarı, Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) gələcək üzvü Boris Puqo təyin edilib.

1991-ci il iyunun 12-də RSFSR prezidenti seçkilərində müstəqil namizəd kimi iştirak edən Vadim Bakatin 3,42% səs toplayaraq sonuncu yeri tutub. Buna əsas səbəb onun klassik təbliğat üsullarından imtina etməsi idi.

Keçmiş nazir 1991-ci il avqustun 19-21-də baş verən hadisələr zamanı Fövqəladə Hallar üzrə Dövlət Komitəsinə (QKÇP) fəal şəkildə qarşı çıxıb və SSRİ Prezidenti Mixail Qorbaçovun Forosa səfərində onun yanında olub. Vadim Bakatinin həmin vaxt SSRİ-nin müdafiə naziri Yanayevlə dövlət orqanlarına güc tətbiq edilməməsi ilə bağlı danışıqlar apardığı da məlumdur. Avqust qiyamının yatırılmasından sonra Mixail Qorbaçov Dövlət Təhlükəsizlik Komitəsinə onun rəhbərlik etməsini istəyib.

88.jpg (29 KB)

Bakatinin sədrliyi dövründə bir sıra idarələr DTK-nın tərkibindən çıxarılıb və müstəqil strukturlara çevrilib. Məsələn, dövlətin birinci şəxslərinin mühafizəsinə cavabdeh olan 9-cu idarə birbaşa SSRİ prezidentinin tabeliyinə verilib və Prezident Aparatı yanında Təhlükəsizlik İdarəsi adını alıb.

DTK-da xarici kəşfiyyata cavabdehlik daşıyan 1-ci baş idarənin müstəqil quruma çevrilməsi Vadim Bakatini dövründə baş verib. Sonradan bu qurum Rusiya Xarici Kəşfiyyat Xidməti adını alıb.

Lakin Bakatinin adı DTK-da apardığı struktur islahatları ilə deyil, ölkə rəhbərliyinin sanksiyası ilə, yəni əslində Qorbaçovun qərarı ilə “xoş niyyət” əlaməti olaraq ABŞ-ın Moskvadakı səfirliyində dinləmə cihazlarının çertyojlarını Amerika tərəfinə təhvil verməsi ilə bağlıdır.

1991-ci il dekabrın 5-də o, ABŞ-ın Moskvadakı səfirliyinin yeni binasında məxfi dinləmə cihazlarının quraşdırılması və istifadəsi ilə bağlı texniki sənədləri ABŞ-ın SSRİ-dəki səfiri Ceyms Kollinsə təqdim edib.

Onun bu addımı indiyə qədər Rusiyada ən neqativ və utancverici hadisələrdən biri kimi qəbul olunur.

Hər halda Vadim Bakatin SSRİ-nin demokratikləşmə dövrünün simvollarından biri olaraq yaddaşlarda qalacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR