Natiq Cəfərli: “Uzun illərdir Azərbaycan iqtisadiyyatını bürüyən bir çox xəstəliklər, xroniki problemlər var ki, bunlar qiymət artımının daha artıq sürətlənməsinə səbəb olur”
Azərbaycanda qiymətlərin sürətli artımı hər kəsi narahat edən məsələyə çevrilib. Son olaraq Aİ-95 və Aİ-98 markalı benzinlərin bahalaşması, çörəklə bağlı yaşanan ajiotaj, tikinti materialları bazarlarından gələn bahalaşma xəbərləri, marketlərdən ərzaqların hər gün qəpik-qəpik bahalaşması sosial narazılığı artırır. Hökumət rəsmiləri isə bu bahalaşmanı dünya bazarında gedən bahalaşma prosesi ilə əlaqələndirirlər. Lakin qiymət artımlarında daxili səbəblər də az deyil. Digər tərəfdən, əhalinin gəlirlərində adekvat artımlar olmadığından yoxsullaşma ehtimalı da artır.
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, Azərbaycanda qiymət artımının obyektiv səbəbi dünya bazarı ilə bağlıdır, amma bu bahalaşmanın subyektiv səbəbləri daha çoxdur: “Uzun illərdir Azərbaycanda iqtisadiyyatı bürüyən bir çox xəstəliklər, xroniki problemlər var ki, bunlar bahalaşma prosesinin daha artıq sürətlənməsinə səbəb olur. Aİ-95 və Aİ-98 markalı benzin bir neçə il bundan öncə Tarif Şurasının nəzarətindən çıxarılarkən Nazirlər Kabinetinin açıqlamasında qeyd olunmuşdu ki, burada artıq bazar qaydaları olacaq, rəqabətli mühit olacaq. Vətəndaşlar, şirkətlər istənilən ölkə ilə müqavilə bağlayıb yanacaq gətirə biləcəklər və bunu ölkədə satmaq imkanına malik olacaqlar. Üstündən 5 ildən çox zaman keçib, amma bazarda hələ də SOCAR-dan başqa oyunçu yoxdur. Nəticə buna gətirib çıxarır ki, Tarif Şurasının nəzarətindən çıxan yanacaq qiymətləri birbaşa SOCAR-ən nəzarətinə keçir və SOCAR bazarda birbaşa qiymət diktə edir. Dünya bazarında qiymət artır. Bu, obyektiv səbəbdir. Amma paralel olaraq Azərbaycan bazarında da rəqabətli mühit formalaşsaydı, şirkətlərə, hüquqi şəxslərə və sahibkarlara imkanlar yaradılsaydı, onlar istənilən ölkə ilə müqavilə bağlayıb rahat şəkildə benzin gətirə bilsəydilər hazırkı qiymətlər bəlkə də bazarda olmazdı”.
N.Cəfərli vurğuladı ki, bazar iqtisadiyyatı şəraitində ayrı-ayrı bölgələrdə satılan idxal benzininin qiymətində fərq olmalı idi: “Məsələn, Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələrdən biri Gürcüstandır. Gürcüstandakı yanacaqdoldurma stansiyalarında çox cüzi də olsa yanacaq qiymətləri fərqlidir. Aİ95 və digər markalı benzinin qiymətində fərqlər var, 10 tetri, 8 tetri də olsa fərqlər görünür. Amma bizdə elə deyil, bazarda bir oyunçu olduğu üçün, o, nə qədər uyğun görürsə, qiyməti o qədər artırdığını bəyan edirsə və hər yerdə də eyni qiymət diktə olunur. Bu, dünya bazarından fərqli olaraq Azərbaycanın spesifik xüsusiyyətləri ilə, yəni inhisarçılıqla bağlıdır. Digər sahələrdə də belədir. Taxılla bağlı Azərbaycanın daxilindən qaynaqlanan problemlər də var. Uzun illərdir taxılçılıqla bağlı, buğda əkini ilə bağlı Azərbaycan bir neçə proqramlar qəbul edib. Fermerlərə yardımla bağlı, subsidiyalarla bağlı proqramlar qəbul olunub. Milyonlarla vəsait xərclənir, amma bu gün buğda ilə özümüzü təmin edə bilmirik. Azərbaycan ərazisində taxıl və dənli bitkilərin istehsalı artsa da, onların böyük əksəriyyəti yem üçün nəzərdə tutulur. Onların keyfiyyəti, dayanıqlığı yoxdur və nəticə etibarilə Rusiya, Qazaxıstan və Ukraynadan idxaldan asılı vəziyyətdəyik. Bu da ona gətirib çıxarır ki, həmin ölkələrdə qiymət artarkən, istər-istəməz ölkəmizə də təsir edir. Ona görə də bu günə qədər hökumət yaxşı bir infrastruktur qurmalı idi ki, biz taxıldan asılı olmayaraq. Bu iki nümunədən istifadə edərək göstərmək mümkündür ki, dünya bazarında baş verən proseslərin təsiri olduğu kimi daxildəki problemlərin də,idarəetmə ilə bağlı problemlərin də, təşviq proqramlarının yaxşı çalışmamasının, rəqabətsiz mühitin olması da, bazara digər oyunçuların daxil olmasına yaradılan maneələr də Azərbaycanın daxili bazarlarında qiymət artımına daha çox təsir edən amillərdəndir. Buna görə də daha çox bu subyektiv amillər qiymətlərə təsir edir, nəinki dünya bazarlarında gedən proseslər”.
N.Cəfərlinin fikrincə, ən maraqlı və ilk baxışdan qəribə gələn amillərdən biri də odur ki, Azərbaycan hökumətinin bir neçə il bundan öncə vergi və gömrük daxilolmalarının ağardılması ilə bağlı başlatdığı kampaniya da qiymət artımına səbəb oldu: “Əslində bu, alqışlanası bir məsələdir ki, ölkədə gömrük və vergilərdən daxilolmalar işıq üzünə çıxdı və dövlət büdcəsinə daxilolmalar artdı. Amma paralel olaraq infrastruktur qurulmalıdır. Ölkə daxilində istehsal olunmayan əsas tələbat məhsulları ilə bağlı gömrük rüsumları, vergi dərəcələri haqqında fərqli yanaşma qəbul olunmalıdır. Bu şəffaflaşma avtomatik olaraq qiymət artımına təsir edir. Çünki sahibkar ödəsə də, gömrük rüsumları və vergi son nəticədə vətəndaşın cibindən çıxır. Nə qədər qəribə səslənsə də, şəffaflaşma prosesi bahalaşma prosesində rol oynadı. Bunun qarşısını almaq üçün belə bir hesablama aparılmalıdır ki, ölkənin hansı məhsula olan tələbatı nə qədərdir və onun hansı hissəsi daxili istehsal hesabına ödənilir və nə qədəri xaricdən idxal olunur. Nəticə etibarilə, ölkə daxilində cəmi 30 faizi istehsal olunan məhsulların qrafiki tərtib olunmalı və bu məhsulların ölkəyə gətirilməsi ilə bağlı gömrük rüsumları sıfırlanmalı və ya aşağı salınmalı idi. Son nəticədə vətəndaşların cibinə ziyan vurmasın. Son dövrlərdə gömrük xidməti rəhbərliyi hər ay hesabat verir ki, yığımlar gömrük rüsumlarından nəzərdə tutulandan 200 milyon əlavə vəsait toplanıb, ancaq bu, vətəndaşın cibindən çıxır. Son nəticədə qiymətlərin üzərinə gəlir. Bu amil də son zamanlar qiymətlərin artmasında mühüm rol oynayır”.
İqtisadçının sözlərinə görə, yaşayış minimumu, ehtiyac meyarı ilə bağlı rəqəmləri dəyişməzdən öncə ilk növbədə hesablama metodları və prinsipləri dəyişməlidir: “Bizdə minimum istehlak zənbilinin hesablanması biabırçı vəziyyətdədir. Gündəlik istehlak zənbilinin göstəriciləri 1986-cı ildə Nazirlər Kabinetinin prinsiplərinə uyğun olaraq hesablamalar aparılır. Ümumi kalori dəyəri müəyyənləşdirilib, kalorinin ödənilməsi üçün daha ucuz məhsullardan, məsələn, çörəkdən istifadə olunur. Bir günlük kaloriyə 270 qram çörək salınıb. Çünki çörəyin kalorisi çoxdur, kalori tələbatının ödənilməsi üçün bu cür ucuz məhsullardan faydalanıblar. Yaşayış minimumu ilə bağlılığı və minimum istehlak zənbili ilə bağlı hesablama dəyişən kimi avtomatik olaraq, hesablama qaydalarına uyğun olaraq, istehlak zənbilinin həcmi də kifayət qədər, ən azı 30-35 faiz artım mümkündür. O cümlədən əmək haqqı və pensiyaların artımı da buna müvafiq olmalıdır”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”






