İnsanlara hürriyət, millətlərə istiqlal!

Badamdardda qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

1128 30.08.2016 18:28 Ölkə A A
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən musavat.com-a verilən məlumata görə Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir. 

Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci  ilədək perspektiv inkişaf  nəzərə alınmaqla reallaşdırılır. Qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün ”Alatava” mərkəzi su anbarının imkanlarından istifadə olunacaq. Həmin anbardan suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 mm diametrli polad borularla 9,8 km uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilmiş və indiyə qədər kəmərin 4 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Magistral kəmərin uzunmüddətli istismarını təmin etmək üçün tikintidə istifadə olunan boruların üzəri korroziyaya qarşı izolyasiya olunmuşdur. Kəmərlə axıdılacaq içməli suyun keyfiyyət göstəricilərinin sabit saxlanılması üçün borular daxildən qida sənayesində istifadəsinə icazə verilən xüsusi boyalarla izolyasiya edilmişdir. Kəmərin inşası ilə paralel “Alatava” su anbarındakı mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri həyata keçirilir. 

Hazırda qəsəbə ərazisində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri də davam etdirilir.  Tikinti şirkəti tərəfindən indiyədək 25 km su, 16 km kanalizasiya xəttinin çəkilişi başa çatdırılmış, 474 kanalizasiya quyusu quraşdırılmış, ünvanlara birləşmələr verilmişdir. Növbəti mərhələdə su şəbəkəsinə qoşulmaların verilməsi və sayğacların quraşdırılması işlərinin aparılması nəzərdə tutulur. 

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ildə  başa çatdırılması planlaşdırılır. Bununla da Badamdar qəsəbəsində istehlakçıların fasiləsiz su təminatı mümkün olacaq, eyni zamanda mərkəzləşdirilmiş qaydada su və kanalizasiya şəbəkələrinə qoşulmayan əhalinin bu xidmətlərindən istifadəsi imkanı yaranacaqdır.  
Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə layihəsi çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri də yenidən qurulacaqdır. Artıq layihə üzrə tender elan olunmuş və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanacaqdır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR