İnsanlara hürriyət, millətlərə istiqlal!

Bacısı Sevinc Osmanqızından imtina etdi – səbəb nədir... 

10989 01.04.2017 08:00 Gündəm A A

Xanım jurnalist “Bundan sonra hansı azadlıqdan danışmaq olar?” deyir; bu fakt isə nə birincidir, nə də sonuncu


“Mən, Lalə Osman qızı Hacıyeva Sevinc Osman qızı Mirzəyeva ilə bir atanın, bir ananın övladlarıyıq. Həyatımızda nə siyasi baxışlarımıza görə, nə də şəxsi zəmində son vaxtlaradək ciddi problemlərimiz olmayıb”. Bunu APA-ya təqdim etdiyi müraciətində hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Mirzəyevanın (Osmanqızı) bacısı Lalə Hacıyeva qeyd edib.


L. Hacıyeva bildirib ki, son iki ildə Sevincin siyasi mövqeyini kəskin dəyişməsi onda təəssüf yaradıb: “Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Məhz buna görə də bizim siyasi baxışlarımız qarşı-qarşıya gəldi. Uzun düşüncələrdən sonra siyasi mövqeyimi mətbuat vasitəsilə açıqlamaq qərarına gəldim. Mən dəfələrlə elektron media vasitəsilə Sevincin doğma vətənim Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətimi bildirmişəm, ailəmizin tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb etmişəm. Onun möhtərəm cənab Prezidentimiz İlham Əliyev və çox hörmətli birinci vitse-prezident, xanım Mehriban Əliyeva haqqında yazdığı fikirləri qətiyyətlə rədd edirəm. Onun bu məsuliyyətsiz mövqeyini siyasi səbatsızlıq hesab edirəm. Və onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm”.


L. Hacıyeva həmçinin bacısının mövqeyinə görə atası, mərhum Osman Mirzəyevin adının hallandırıldığını, onun ruhunun inciməsindən narahat olduğunu da qeyd edib: “Onunla bağlı müzakirələrdə atamın adının hallandırılması, Osman Mirzəyevin adının belə müzakirələrdə çəkilməsi mənə rahatlıq vermir”.


L. Hacıyeva müraciətinin sonunda qeyd edib: “Bütün bunları nəzərə alaraq mətbuat vasitəsilə bəyan etmək istəyirəm ki, məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır”.


Qeyd edək ki, S. Osmanqızı bir neçə ildir ki, ABŞ-da yaşayır. O, hazırda Meydan.TV ilə əməkdaşlıq edir. Son aylarda o, Xocalı soyqırımı ilə bağlı mübahisəli fikirlərinə görə gündəmə gəlmiş və sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunmuşdu.

Image result for Sevinc Osmanqızının bacısı


S.Osmanqızı Meydan TV-yə bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. Deyib ki, görün necə bir zəmanədə yaşayırıq ki, bacı öz bacısından imtina edir: “Bundan sonra hansı azadlıqdan danışmaq olar? İnsanları 1937-ci il repressiyasında olduğu kimi öz qohumundan imtina məktubu yazmağa məcbur edirlər. Mənim bacım namuslu, qeyrətli bir Azərbaycan xanımıdır. O, heç vaxt adının, ailəmizin adının mətbuatda hallanmasını istəməz. Görün hətta ölkəni tərk edən, xaricdə olan vətəndaşlarımızdan əl çəkmirlər. Onlara əl çatmayanda ailə üzvlərini incidirlər. Bu manipulyasiyanı qəti pisləyirəm”.

Image result for Sevinc Osmanqızının bacısı


Amma bu, Azərbaycanda nə ilk, nə də son haldır. Çünki daha öncə onlarla belə nümunə olub. Xüsusən də siyasi səbəblər ucbatından bu sayaq bəyanatları zaman-zaman eşitmişik. Meydan TV təmsilçilərinin timsalında bu, özünü daha çox göstərib. Meydan TV-nin rəhbəri Emin Millinin qohumları ondan imtina etdiklərini bildiriblər. Eyni media qurumunun əməkdaşı Günel Mövludun valideynləri də ondan imtina ediblər.


11 sentyabr 2015-ci ildə sabiq vicdan məhbusu, hazırda Hollandiyada mühacirətdə yaşayan Rəsul Mürsəlovun ailəsi ondan imtina edib. İmtina ərizəsini gənc fəalın atası Maarif Mürsəlov yazıb. Müraciət Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və Ombudsman Aparatına göndərilib.


Bəyanatda bu sözlər yer alır: “Biz oğlumuz Rəsulun siyasi fəaliyyətini dəstəkləmir və ondan imtina etdiyimizi bəyan edirik. Bunu nəzərə almağınızı və Rəsul Mürsəlovu bundan sonra bizim ailə ilə əlaqələndirməməyinizi xahiş edirik”.


Qohumlar arasında siyasi mövqeyə görə münasibətləri kəskinləşən məşhurlar da var. Bu sıraya Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovu da daxil etmək olar. İllər öncə siyasi polemikalarda qarşı-qarşıya gələn qardaşlar həmin vaxt fərqli mövqelərdən çıxış etsələr də, sonradan bu soyuqluq münasibətlərə də təsir edib. Hazırda onlar da bir-birini danışdırmır.


“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə qardaşı, satirik yazar Mirzə Sakit arasındakı buzların təməli isə illər öncə qoyulub. Öncə maddi problemlər, ardınca Mirzə Sakitin “Azadlıq” qəzetində çapı mümkün olmayan şeirləri ilə bağlı narazılıq yarandı. Və qardaşlar yollarını ayırdılar. Daha çox Mirzə Sakitin müsahibələrində bu narazılıq detalları və sərt ifadələr öz əksini tapır. Son olaraq qohumlarının həbsindən sonra bu narazılıq özünü daha çox büruzə verir.


Bundan başqa, Q.Zahidin həbsdə olan qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov qohumları Qənimət Zahiddən imtina etdiklərini bildiriblər.


Zərdüşt Əlizadə və Araz Əlizadə qardaşları arasındakı gərginlik, narazılıq isə Azərbaycan jurnalistləri üçün qədim mövzudur. 1990-cı illərin əvvəllərində bir partiyanın - ASDP-nin həmsədrləri olan qardaşlar daha sonra yollarını ayırdılar. Bunun səbəbləri barədə çox adamın məlumatı olmasa da, qardaşlar bir-birinin ünvanına media vasitəsilə hər hansı sərt ifadə işlətməyiblər.


Hələ bu, bizim haqqında bildiyimiz və yazdığımız imtina hekayələrindən bir neçəsidir. Azərbaycanda son illər özünü sığortalamanın ən “etibarlı” yolu radikal mövqeyi ilə seçilən qohum-qardaşla əlaqəni kəsmək, ən radikal üsul isə ondan imtina etdiyini media vasitəsilə bildirməkdir. Bir çox hallarda isə imtina olunan şəxslər xüsusi narazılıq göstərmirlər. Çünki onlar reallığı bilir və yaxınlarından inciməmək xətti götürürlər.


Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR