İnsanlara hürriyət, millətlərə istiqlal!

Babal yuyan səfir, ermənilərlə qiyamətə qalan barışıq

2106 06.03.2021 16:49 Yazarlar A A


“Müharibə bitdi, artıq barışıq və əməkdaşlıq zamanıdır”. Bunu Azərbaycanın işğaldan azad edilmiş Qubadlı və Füzuli rayonlarını ziyarət edən Fransanın ölkəmizdəki səfiri Zakari Qross söyləyib.

Diplomat gördüklərindən təsirləndidiyini və üzüldüyunü də dilə gətirib. “Müharibə zamanı belə şeylər baş verir” deyib və ümid etdiyini bildirib ki, Avropa Birliyi, Fransa bölgədə barışıq və əməkdaşlığın bərqərar olması üçün dəstəyini əsirgəməyəcək.

Normal insana xas duyğular, normal istəkdir. Amma və lakin...
Əvvəla, ermənilərin babalını yumağa çalışan hörmətli səfirə etiraz olaraq bildirək ki, müharibə zamanı məhz belə şeylər baş vermir! Özünü “sivil, mədəni, dünyanın ən qədim xalqı” kimi gözə soxan bir toplum isə bunu ümumiyyətlə, özünə rəva görməz. Əks təqdirdə nəinki mədənilikdən danışmağa haqqı qalmaz, bütövlükdə insanlıqdan çıxmış sayılar!..

Ermənilərin keçən 30 ildə torpaqlarımızda törətdiyi vandalizm isə heç bir dəftər-kitaba, zaman ölçücünə, əsrlərə sığmır. Tarixdə də heç bir dövlət başqa dövlətə qarşı müharibədə bunca vəhşiliklərə imza atmayıb, qarşı tərəfin dini-mədəni irsini darmadağın eləməyə, onu alçaltmağa, aborigen bir xalqın öz yurdundakı izlərini silməyə qalxmayıb, mədəni genosidə getməyib. Hər necə olmasa, müəyyən “qırmızı xətlər” gözlənilib.

Hətta Faşist Almaniyası da işğal elədiyi başqa ölkələrin ərazilərində bu qələtləri eləməyib. Mədəni-dini irsə toxumayıb. “Yandırılmış torpaqlar” siyasəti (yəni nə vaxtsa geri çəkiləndən sonra orada bir daha köklü əhali yaşaya bilməsin!) aparmayıb. Üstəlik, hər yanı minalayıb getməyib.

İkincisi, 44 günlük müharibədə min cür hoqqadan çıxan, Azərbaycanı “Dağlıq Qarabağı (öz ərazisini! – Z.S.) fəth eləmək”də suçlayan, müharibədən dərhal sonra isə parlamenti uydurma “artsax”ın “müstəqilliyini” tanıyan Fransanın sülhə ən böyük töhfəsi - sülhə badalaq vurmamaq ola bilər! Yaxud rəsmi Paris “kiçi bacı” adlandırdığı Ermənistanın başına ağıl qoysa, onu “daşı ətəyindən tökməyə” inandıra bilsə, yenə böyük sülhə ciddi fayda vermiş olar, nəinki, onu ərazi iddiasına şirnikləndirməyə davam edərsə.

O Ermənistan ki, 4 aydır uçurumun qırağında üzüqoylu qalsa da, hələ də orda mühüm bir kəsim revanş hissi ilə yaşayır, “itirilmiş erməni torpaqları”nın dərdini çəkir, onları “qaytarmağı” xəyal edir. Yəni müharibə bitsə də, erməni həyasızlığı bitmək bilmir. Özü də söhbət yalnız radikal müxalifət qüvvələrindən getmir. Rəsmi İrəvan da utanıb-qızarmadan vaxtaşırı eyni ovqatdan çıxış edir, Azərbaycana qarşı ərazi iddiasını dilə gətirir.

Məsələn, XİN sözçüsü Anna Naqdalyan Naxçıvana reallaşması ləngiyən Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidentinin iki gün öncəki məlum fikrinə isterik reaksiya verərək deyir ki, heç bir dəhlizdən söhbət gedə bilməz və ardınca öz aləmində bizimlə barışıq formulu bəyan edir: “Artsax" xalqının öz müqəddəratını təyinetmə hüququnu (dırnaqIar bizimdir – Z.S.) zorla tapdamaq cəhdi münaqişənin həllinə zəmin yarada bilməz. “Artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və müharibənin nəticələrinin aradan qaldırılması nizamlanmanın əsas elementləri olaraq qalır”.

Tərcüməsi budur ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı planından əsla imtina eləməyib və bunu açıq şəkildə, dövlət səviyyəsində bəyan edir. Ermənistanın müxalifəti elə - başdan xarab, iqtidarı da ki - belə. Əməkdaşlıq üçün, sülh üçün yer, müstəvi, platforma qalırmı?

Əlbəttə, bizim erməni xalqı ilə düşmənçiliyimiz yoxdur. Bunu dövlət rəsmiləri də ən yüksək səviyyədə bəyan edib və edirlər. Düşmənçiliyi ermənilər özləri başlayıb. Necə, nəyə görə, nəyin üstündə? Hamı bilir. Demək, özləri də düşmənçiliyə, ədavətə, kin-küdurətə son verməlidirlər. Əks halda, barışıq qiyamətə qalacaq və atını da təbii ki, özləri çəkəcəklər. Necə ki, 100 ildən çoxdur çəkirlər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR