İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ozon” zavodu sökülür, yerində nə tikiləcək? - FOTOLAR

7079 21.04.2020 21:25 Reportaj A A

Bir neçə gündür ki, Müdafiə Sənayеsi Nazirliyinin tabеliyindəki “Ozon” zavodunun həyətində söküntü işləri həyata keçirilir. Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən zavod hissə-hissə tarix olmaqdadır.

Böyük bir ərazini əhatə edən zavodun həyətinin bir hissəsi çoxdan “Delta Telekom”un, bir binası İctimai Televiziyanındır, müəyyən hissəsində isə hündürmərtəbəli bina inşa edilib. Uzun illərdir ki, işləməyən zavodun yerdə qalan sahəsi də indi buldozerin qabağına verilərək sökülür. Belə ki, zavodun 2-ci Alatavaya düşən massivinə texnika yeridilib və iş aparılır.

Zavodun həyətinə giriş mümkün olmasa da, Alatavada yaşayanlardan öyrəndiyimizə görə, ərazidə yaşayış binası tikiləcəyi gözlənilir.  Ancaq bu, səhih məlumat deyil və başqa bir layihə də reallaşa bilər. Məsələn, burada yaşayanlar danışırlar ki, yolun genişləndirilməsi də  istisna deyil.

Yeni Yasamaldan “Şamaxinka” istiqamətində tıxacların aradan qaldırılması üçün belə bir addım atıla bilər. Fakt budur ki, “Ozon” zavodunun həyətinə buldozerlər yeridilib və ərazi şumlanır.

Alatava sakinləri bildirirlər ki, əgər məhəllə ilə üzbəüz göydələn inşa olunsa, o halda qəsəbənin girişindəki evlər köçürülə bilər. Sakinlər arzu edirlər ki, şumlanan massivdə yeni yol layihəsi həyata keçirilsin.

Qeyd edək ki, “Ozon” zavodu 1974-cü ildə “Mikrosхеmotехnika” Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib.

Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.

1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub. 2006-cı ilin sentyabrından isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyindədir.

Xatırladaq ki, hələ 2012-ci ildə yayılmış məlumata əsasən “Azon” zavodunun  istehsalat sahəsi hərraca çıxarılıb.

Paytaxtın Şərifzadə küçəsində yerləşən, sahəsi 27714,8 kv.m olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub.

P.S. Yazı dərc olunduqdan sonra Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov Musavat.com-la əlaqə saxlayaraq bildirdi ki, söküntü gedən ərazi zavoda aid deyil, həmin ərazi 2006-cı ildən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır, zavod isə fəaliyyətini davam etdirir.  
 
 
 
Emil Salamoğlu

Musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR