İnsanlara hürriyət, millətlərə istiqlal!

AzLogos.eu saytı yazarlar arasında müsabiqə elan etdi - 1-ci yer min manat

1366 05.09.2019 18:13 Proje A A

Ələkbər Əliyev: “Məqsəd cəmiyyətdəki milli kimliyimizlə bağlı fikir ayrılığına aydınlıq gətirməkdir”

Xaricdə yaşayan azərbaycanlı yazar və publisistlərin birgə ərsəyə gətirdikləri azlogos.eu saytı yeni bir layihəyə başlayıb. Sayt publisistlər üçün “İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya” adlı yazı müsabiqəsi elan edib.

Müsabiqə ilə bağlı musavat.com-a danışan saytın həmtəsisçilərindən biri, İsveçrədə yaşayan yazar Ələkbər Əliyev bildirib ki, məqsəd cəmiyyətdəki milli kimliyimizlə bağlı fikir ayrılığına aydınlıq gətirmək və cəmiyyətin düşünən insanlarının iştirakı ilə müzakirə etməkdir: “Biz AzLogos olaraq düşünürük ki, bu bizim hamımızın həmrəy olduğumuz bir problemdir. Milli kimlik məsələsində biz gürcülərdən və ermənilərdən fərqli olaraq hələ bir qərara gələ bilməmişik. “Azərbaycanlı” ifadəsi ilə razı olmayanlar da var, özlərini etnik azlıq adlandıranlar var, türk adlandıranlar var. Cəmiyyətdə bir konsensus yoxdur. Biz bu konsensusun olmasını və cəmiyyətin ziyalı təbəqəsinin, düşünən insanların bu mövzudakı fikrini bilmək istəyirik. Ona görə bu müsabiqə elan olundu”.


Ələkbər Əliyev

Ə.Əliyev qeyd etdi ki, mövzunun adı da çox aydın qoyulub və orada suala yer yoxdur: “Qələminə güvənənlər yazsınlar görək, biz kimik və hara gedirik. Bu olmadan, milli kimliyimizlə bağlı məsələyə aydınlıq gətirmədən əsla heç nə düzəlməyəcək. Biz 10 milyonluq bir xalq olaraq konsensusa varmalıyıq. Bu qədər fikir haçalanması, ixtilaf yaşanması onu göstərir ki, bu şəkildə nə Qarabağı azad edə biləcəyik, nə də tam formalaşmış bir dövlət, xalq ola biləcəyik”. 

Müsabiqənin şərtlərinə gəlincə, publisistlərdən yazılarında Azərbaycan xalqının siyasi xalq kimi təşəkkül tapmasının tarixi və bu tarixə müxtəlif yanaşmaları, milli kimlik axtarışları,  milli ideya və ideologiya kimi anlayışların müasir dünyada yeri, etnik mənsubiyyət və s. kimi mövzuları əhatə etmələri gözlənilir. “Biz kimik, hara gedirik, bizi nə birləşdirir?” - cəmiyyəti narahat edən əsas sual budur.

Yazının dili publisistik olmalıdır, bədiilik esse janrı çərçivəsində məqbuldur, lakin hekayə qəbul olunmur. Yazılar 10 min işarəni keçməməlidir. İştirak etmək istəyənlər daha əvvəl heç bir yerdə dərc olunmamış yazıları redaksiya@azlogos.eu ünvanına göndərə bilərlər. Yazıları gerçək ad və soyadla yox, təxəllüslə göndərmək lazımdır.  Müsabiqədə qalib gələn iştirakçılara e-mail vasitəsilə sizə xəbər veriləcək.

Əgər iştirakçı seçdiyi təxəllüsün ona məxsus olduğunu nəticələr açıqlanana qədər, publik sferada elan edərsə, müsabiqədən kənarlaşdırılacaq. Bütün bunlar isə müsabiqənin ədalətli olmasını və iştirakçıların anonimliyini təmin etmək üçündür. Yazıların qəbulu 5 sentyabr-25 oktyabr 2019 tarixləri arasında həyata keçiriləcək. Qaliblər 20 noyabra qədər müəyyənləşəcək və həmin gün elan olunacaq. Qalib gələn müəlliflərdən gerçək ad və soyadları öyrənilərək, yazılarının AzLogos-da dərcinə başlanacaq.

Mükafat fondu isə 1-ci yer – 1000 AZN, 2-ci yer – 700 AZN, 3-cü yer – 500 AZN-dir. Müsabiqədə qalib gəlməyən, lakin AzLogos-da dərci uyğun görülən yazı üçün – 100 AZN həvəsləndirici mükafat veriləcək. 

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR