İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərsığorta” şirkəti departament müdiri haqda yazılan məqaləyə cavab verdi

1092 24.02.2021 12:36 Ölkə A A

 

“Azərsığorta” şirkəti Musavat.com saytında dərc edilən yazıya münasibət bildirib.

Fevralın 22-də dərc etdiyimiz “Bakıda "Azərsığorta"da ağlagəlməz fırıldaq - departament müdiri fotoşopla 22 mini ələ keçirib FOTOFAKT” başlıqlı yazıya cavab olaraq şirkətin göndərdiyi cavab məktubunu təqdim edirik:

“Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin üzvü Xəyyam Hətəmovla bağlı həqiqətə uyğun olmayan yazılar dərc edilib. Belə ki, bu yazılardan sonra aparılmış araşdırma nəticəsində məlum olub ki, qanunvericiliyin tələbinə uyğun olaraq sığorta ödənişi həyata keçirilib.

Lakin bu yazını yazanlar özləri qanunvericiliyin tələblərini ciddi şəkildə pozub və törətdikləri əməlin məsuliyyətini dərk etməyiblər. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin adı, ünvanı və digər şəxsi məlumatları, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin şəxsi və ailə həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar sığorta sirri hesab edilir.

Sığorta sirrini qanuni yolla əldə edən bütün şəxslər onu yaymağa və digər şəxslərə açıqlamağa görə Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Dərc edilmiş yazıda X.Hətəmovun sığortalı ilə əlbir olması, fotoşopla avtomobilin zərərinin artıq məbləğdə göstərilməsi özlüyündə həqiqəti əks etdirmir və uydurmadan başqa bir şey deyildir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsinin səlahiyyəti dövlət orqanı tərəfindən rəsmiləşdirilməsi artıq hadisənin real olması deməkdir. Avtomobilə dəymiş zərər məbləği faydalanan şəxslə qanunvericiliyin tələbinə əsasən razılaşdırılaraq sığorta ödənişi həyata keçirilib.

Ü.Məmmədovanın Şirkətə işə düzəlməsi ilə bağlı bildirmək istəyirik ki, müvafiq vakansiyanın tələblərinə cavab verdiyindən onunla müsahibə aparılıb və Ü.Məmmədova Şirkətdə işə qəbul edilib.

Ü.Məmmədovanın işə qəbul edilməsi ilə sığorta hadisəsinin baş verməsi arasında hər hansı bir səbəbli əlaqə olmayıb.

Xüsusilə vurğulamaq istəyirik ki, dərc edilmiş yazıda Şirkətin kommersiya fəaliyyəti ilə bağlı sirlərin qeyri qanuni yollarla ələ keçirilərək sığortalıya aid məlumatların yayılması müvafiq qaydada məsuliyyət yaratdığından bu barədə hüquq mühafizə orqanları və məhkəməyə müraciət edilməsi barədə Şirkət rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

Musavat.com olaraq yazdığımız həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz:

https://musavat.com/news/bakida-azersigorta-da-aglagelmez-firildaq-departament-mudiri-fotosopla-22-mini-ele-kecirib_780968.html

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR