Akademik Milli Dram Teatrı ətrafında yenidən qalmaqal yaranıb. Belə ki, ötən il teatrdan uzaqlaşdırılan aktyor Hikmət Rəhimov teatrın direktoru haqda sosial şəbəkədə ittiham səsləndirib.
Aktyorun sözlərinə görə, adıçəkilən teatrın direktoru işçilərini bir yerə yığıb çalışdığı digər qurum, Teatr Xadimləri İttifaqına illik 40 manat pul köçürməyi tələb edir: “Gözün doymadımı, işlətdiyin Teatr Xadimləri İttifaqının binasındakı arendada olan restoran və obyektlərdən gələn gəlirdən? Axı, sən özün mənə otaqda deyirdin ki, beşbarmaqla, tapança ilə gəzən oğlan olmuşam. Mən səmimiliyinə inandım. Beşbarmaq və ya tapança ilə gəzən, yuxarı məhlədə böyüyən oğlan aktyorlardan necə pul yığa bilər? Axı aktyor güclə dolanır… Bilirsənmi ki, qaz və işıq pulunu verməyə, yeməyə çörəyi necə tapır? Ya elə bilirsən ki, hamı 5000 manat maaş alır, restoran işlətməklə, ponçik alış-verişi ilə məşğuldur? Tələbələrin istisna olmaqla, qalan hansı aktyora qapı açdın, çörək verdin ki, indi 40 manatdan pul yığırsan?”
Akademik Milli Dram Teatrının direktoru və Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemət səslənən ittihamlarla bağlı musavat.com-a açıqlama verib: “Mən o işlərlə məşğul deyiləm. Nə yazırlar, qoy yazsınlar”.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı isə teatr ətrafında yaranmış söz-söhbətə bu cür aydınlıq gətirdi: “Hikmət Rəhimov hazırda Akademik Milli Dram Teatrında çalışmır. Ona görə də aktyorun əsassız ittihamına geniş münasibət bildirmək fikrindən uzağıq”.
Xatırladaq ki, aktyor Hikmət Rəhimov ötən il qalmaqallı şəkildə teatrdan uzaqlaşdırılıb. Həmin vaxt xalq artisti Fuad Poladov da aktyora dəstək məqsədi ilə gözlənilmədən teatrı tərk etmişdi.
Xalidə Gəray,
Musavat.com






