“Azərişıq” bədbəxt hadisəyə reaksiya verdi: “Hər transformatorun yanında bir gözətçi qoya bilmərik ki...” - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonunda 8 yaşlı uşağı yaşadığı evin yaxınlığında yerləşən üç fazalı transformator məntəqəsinə daxil olarkən elektrik cərəyanı vurub, azyaşlı hər iki əl və baş nahiyəsindən xəsarət alıb. Mediada və sosial şəbəkələrdə yenə “Azərişıq” hadisə ilə bağlı günahlandırılıb və transformator məntəqələrinin qapılarının açıq olmasına görə, ittiham olunub.
Hadisə ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Müsavat”a danışıb və vətəndaşları ehtiyatlı olmağa çağırıb: “Belə hadisələrin qarşısını almaq, təəssüf ki, mümkün deyil. Bu, insanların məsuliyyətsizliyi, ehtiyatsızlığı ucbatından baş verir. Bir müddət öncə də buna bənzər bir hadisə olmuşdu. Bir gənc sevgilisi ilə transformatorun qapısını açıb oraya girmişdi və cərəyan vurmuşdu. Transformator giriləcək yer deyil axı, oranın qapısı həmişə bağlı olur. Bizim işçilərimiz heç vaxt o qapıları açıq qoymurlar. İndi biz nə edək ki, insanlar gəlib o qapıları açırlar. Biz hər transformatorun yanında bir gözətçi qoya bilmərik ki... Sadəcə insanları ehtiyatlı olmağa səsləyirəm”.
T.Mustafayev mətbuatda yayımlanan köhnə fotolara da etirazını bildirib və artıq Bakıda o cür transformator məntəqələrinin qalmadığını vurğulayıb: “O xəbərlə paralel yayımlanan şəkillər də düzgün deyil. İndi Bakıda elə köhnə transformator məntəqəsi qalmayıb... Kim inanmırsa, biz onunla Bakını gəzib baxa bilərik. Bütün transformator və yarımstansiyalar yenilənib, qapalı şəkildə qurulub. Yüksək gərginlikli yarımstansiyalar hasara alınıb, xəbərdarlıq nişanları vurulub. Bir yerdə belə o şəkillərdəki transformatorlardan yoxdur. "Azərişıq” son 14 ay ərzində Azərbaycanın paytaxtında və bölgələrində 2 minə yaxın transformator quraşdırıb”.
Nərgiz LİFTİYEVA






