İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların “Türkiyə seçkisi sevdası”nın səbəbləri

Azərbaycanlılar Türkiyədə keçirilən prezident, parlament, hətta bələdiyyə seçkilərini xüsusi maraq və canıyananlıqla izləyir.  İnsanlar emosional şəkildə müzakirələrə qoşulur, tərəf saxlayır, həyati əhəmiyyətli bir hadisə kimi yanaşır, hətta bir-birini aşağılayırlar.

Adekvat münasibəti nə Rusiya, nə İran, nə Ukrayna, nə Gürcüstanda keçirilən seçkilərdə görmək olar. Amma Türkiyənin siyasi həyatında nə baş verirsə, bizimkilər həssaslıqla izləyir, öz taleyinin, müqəddəratının həll olunması qədər həyəcanla reaksiya verir. Bunun səbəbləri əlbəttə ki, olmamış deyil.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, azərbaycanlıların Türkiyənin siyasi həyatı ilə hədsiz dərəcədə maraqlanması bu ölkə ilə yaxınlığımızdan irəli gəlir: “Biz Türkiyədə baş verən hər hansı hadisəyə bu ölkənin irəliləməsi və ya geriləməsi kontekstindən yanaşırıq. Bu baxımdan heç kim istəmir ki, Türkiyə sıxıntı içində olsun. Çünki hazırda Türkiyə iqtisadi böhran yaşayan bir ölkədir”.

Fazil Mustafa: ile ilgili görsel sonucu

Fazil Mustafa: “Heç kim istəmir ki, Türkiyə sıxıntı içində olsun”

F.Mustafanın sözlərinə görə, Azərbaycanın iqtisadi və siyasi həyatında Türkiyə kimi dinamizm yoxdur: “Kaş bizdə də canlanma olsun. Türkiyədə aktivlik var, maraqlı proses gedir”.

Sabir Rüstəmxanlı ile ilgili görsel sonucu

Sabir Rüstəmxanlı: “Türkiyədəki seçkilər doğrudan da maraqlıdır, Avropanın həsəd aparacağı prosesdir”

VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı hesab etmir ki, azərbaycanlılar özümüzdən çox Türkiyənin siyasi həyatı ilə maraqlanır: “Sadəcə, bizdə ağrı içərimizdədir, gündəlik həyatımızda bu çətinlikləri yaşayırıq. Türkiyə siyasəti isə üzdədir, efirdən izləyirik. Başqa bir səbəb Türkiyə telekanallarının açıq olmasıdır. Bizdə dövlətin gördüyü işlər televiziyada verilir. Amma ona münasibət, müxtəlif qütblərin mövqeyi, şərhi ekrana çıxmır. Onda belə təəssürat yaranır ki, Azərbaycanda siyasət sönüb”.

S.Rüstəmxanlının sözlərinə görə, eyni zamanda Türkiyədəki seçkilər doğrudan da maraqlıdır: “Avropanın özünün həsəd aparacağı bir seçkidir. Türkiyədə əhalinin böyük əksəriyyəti seçkiyə qatılır, Qərb ölkələrində isə seçici aktivliyi 50 faizdən çox olmur”.

VHP sədri xatırladır ki, həmişə müxalifət seçkinin nəticələrindən narazı qalırdı: “Bu dəfə isə iqtidar saxtakarlıq edildiyini söyləyir. İqtidar deyir ki, saxtakarlıq olub, kənar barmaq var. Biz indi buna şərh verə bilmərik, hüquq-mühafizə orqanlarının işidir. Amma İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğvi mənə şübhəli görünür. Hesab edirəm ki, bu qərarda hakimiyyətin təsiri olub. Bütün bunlar isə Azərbaycan cəmiyyətinin gözü qarşısındadır. Biz bir millətik, Türkiyə dünyada ən etibarlı, sadiq dostumuzdur. Obanın bir ucunda baş verənlər o biri ucunda reaksiya doğurmalıdır. Çünki Türkiyənin güclü olması bizim güclü olmağımızdır, hər bir vətəndaşımızın marağı daxilindədir.

Orada seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycanla Türkiyənin dostluğu davam etməlidir".

Ä°lgili resim

Aqil Abbas: “Türkiyə nə qədər qüdrətli olarsa xeyrimizədir, çünki bizim sözümüzü də deyəcək”

Yazıçı, deputat Aqil Abbas Türkiyəni Azərbaycana dayaqlardan biri sayır: “Bu, belədir. Türkiyə nə qədər qüdrətli olarsa bizim xeyrimizədir, çünki bizim sözümüzü də deyəcək. İçi mən qarışıq hamımız onların siyasəti ilə maraqlanırıq, hətta futbolunu yaxından izləyirik.

Məsələn, Almaniyada tanımadığımız iki klub oynayır, hansında türk varsa onu dəstəkləyirik. Bu dərəcə onlara sevgimiz var və bilmirəm onlar da bizi belə sevirlərmi".

A.Abbas hesab edir ki, Türkiyə iqtidarı ciddi səhvlər edib: “Ona görə də maraqlanırıq ki, orada kim iqtidar olacaq. Türkiyədə iqtidarın ən böyük səhvi İstanbul seçkilərinin nəticələrini ləğv etməsiydi. Bu addım demokratiyaya ziyan vurdu. Bu dəfə İmamoğlu 70 faiz səslə qalib gələcək. Mən Ərdoğanı Türkiyənin ən natiq, xarizmatik liderindən sayıram, səmimi söhbətlərimiz olub. Amma buna niyə getdi, anlamıram".

Qulamhüseyn Əlibəyli ile ilgili görsel sonucu

Qulamhüseyn Əlibəyli: “Sovet vaxtından azərbaycanlılar Türkiyə ilə maraqlanıblar, bu da etnik mənsubiyyətimizin eyniliyindən irəli gəlir”

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, Azərbaycan və Türkiyənin ortaq maraqları var. Onun sözlərinə görə, sovet vaxtından azərbaycanlılar Türkiyə ilə maraqlanıblar: “Bu da ilk növbədə etnik mənsubiyyətimizin eyni olmasından irəli gəlir. Türkiyə Azərbaycanın güvənc yeridir və bu gün də Ermənistanla sərhədlərini bizə görə açmır. Bu qədər prinsipiallıqdan artıq nəzərə alınmalıdır ki, nə üçün oradakı proseslərlə çox maraqlanırıq. Digər tərəfdən, azərbaycanlılar Türkiyədə baş verən siyasi proseslərdən nümunə götürməkdədir.

Düzdür, daha çox Avropa, Amerika siyasətində, demokratiyasındakı inkişafdan nümunə götürmək istəmişik. Lakin Türkiyə daha yaxınımızdadır".

Partiya sədrinin fikrincə, Azərbaycan dövlət müstəqilliyini təxminən 30 ildir ki, bərpa edib və bu müddətdə gedən siyasi proseslərin hər bir dönəmi ayrı-ayrılıqda maraqlı olub:

“Mən onları bir-birindən fərqləndirməzdim. Hesab edirəm ki, hər bir dövr öyrənilməli, təhlil edilməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR