İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanlıların bir araya gəlməsi həmişə bayramdır”- Qurultay iştirakçılarının ilk qrupu Şuşaya çatıb FOTO VİDEO

1759 21.04.2022 16:56 Gündəm A A

 

Dünya azərbaycanlıları Şuşada toplaşmağa başlayıb. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı “Şuşa İli” ilə bağlı Tədbirlər Planının növbəti mərhələsidir.

Məsələ ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı Musavat.com-a bildirdi ki, gənclik illərində dünya azərbaycanlılarının bir araya gəlməsi xəyal kimi görünürdü: “Azərbaycanla maraqlanan, tarixini, mədəniyyətini araşdıran alimlərin də qurultayının keçirilməsi vacibdir. Öncəki qurultaylarda iştirak etmişəm. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüyəm. Yer məhdudiyyəti olduğu üçün Bakıdan az sayda qonaq gedəcək. Ölkə başçısı qurultayda iştirak edəcək. Qarabağın abadlaşdırılması, yenidən dünyanın inkişaf etmiş bölgəsinə çevrilməsi üçün işlər görmək lazımdır. Şübhəsiz ki, Qarabağın bərpasında iştirak etmək istəyənlər olacaq. Azərbaycanlıların bir araya gəlməsi həmişə bayramdır, çünki soydaşlarımız bütün qitələrə səpələnib. Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisədir. Ölkə başçısı çıxışlarından birində demişdi ki, mən 50 milyonluq xalqın prezidentiyəm. Qurultayda toplaşanlar elə 50 milyonun təmsilçiləri olurlar.  Qurultayın işinə uğurlar arzulayıram”.

S.Rüstəmxanlı əlavə etdi ki, Güney Azərbaycan Konqresini təmsil edən azərbaycanlılarla Bakıda görüşlər gözlənilir.

Millət vəkili Asim Mollazadə Dünya Azərbaycanlılarının Qurultayının böyük rəmzi xarakter daşıdığını vurğuladı: “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Azərbaycan xalqının hər bir nümayəndəsini yaşadığı yerdən asılı olmayaraq, birləşdirən əsas amil Azərbaycanın qədim, gözəl mədəniyyətidir. Bu baxımdan Şuşanın misilsiz rolu var. Dünyanın fərqli ölkələrində yaşayan bir millətin övladları öz Vətəninin dəyərlərini dünyaya yayırlar. Eyni zamanda yaşadıqları ölkələrdə Azərbaycanın hüquqlarını müdafiə edə bilirlər. Biz dəyərlərimizi dünyaya yayaraq daha çox dost qazana bilərik”.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova “Yeni Müsavat”a açıqlamasında Dünya Azərbaycanlıların Qurultayını ölkəmizin tarixində əlamətdar hadisə kimi dəyərləndirdi: “Dünya Azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Şuşa şəhərində Zəfər qurultayına toplaşacaqlar. Diaspora nümayəndələri Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın Mədəniyyət paytaxtı doğma Şuşamızın görüşünə gedəcəklər. Bu qurultay müstəqil, torpaqları işğaldan azad olunmuş, bir bütöv olmuş Azərbaycanın tarixində önəmli hadisələrdən biri kimi yaddaşlarda qalacaq. Zəfər qurultayı son illər, xüsusilə də müharibə dövründə yüksək təşkilatlanma, birlik nümayiş etdirən, Azərbaycan həqiqətləri haqda davamlı maarifləndirmə işi aparan, Azərbaycanın haqq səsini daha yüksək instansiyalara çatdıran diasporamızın ilk böyük görüşü olacaq. Əminəm ki, qurultay dünya azərbaycanlılarının daha aktiv və məqsədyönlü işləmələri,  daha sıx birləşmələri, daha da fəal olmaları üçün çox həvəsləndirici bir tədbir olacaq. Qurultayın məhz Şuşada keçirilməsi işğalçı qonşularımıza da önəmli bir mesaj verir - bu müqəddəs torpağın sahibləri yenidən öz yurdlarına, el-obalarına döndülər. Torpaqlarımız düşmən tapdağından xilas oldu. Ədalət zəfər çaldı. Qurultayda  “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - təşkilatlanma mərhələsinin əsaslarını möhkəmlətməklə yanaşı, bu hərəkatın növbəti, daha fərqli, daha yüksək mərhələyə daşımağa xidmət edəcək. Ölkəmizin ən çətin, ən sınaqlı günlərində gecəsini gündüzünə qatan soydaşlarımız “Qarabağ Azərbaycandır”, “Biz Birlikdə Güclüyük”, “Dəmir Yumruq” devizləri altında birləşdilər. Bu birlik diaspora tarixində görünməmiş bir vüsət aldı. Zəfər Qurultayının məhz Şuşada keçirilməsi Vətənimizin öz övladlarına verdiyi dəyərin bariz nümunəsidir. Britaniya Azərbaycan İcması adından  Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürlərimizi bildirmək istəyirəm”.

F.Pənahova əlavə etdi ki, Britaniyanın Azərbaycan icması prezidentin hazırkı çətin dövrdə yürütdüyü balanslaşdırılmış siyasəti dəstəkləyir və Azərbaycanın maraqlarının qorunması uğrunda apardığı siyasətdə ona uğurlar arzu edir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri  Hikmət Cavadov “Yeni Müsavat” a bildirdi ki, Şuşada keçiriləcək Zəfər qurultayı tarixi önəm daşıyır: “Hər bir azərbaycanlı üçün şərəf mücadiləsi sayılan II Qarabağ müharibəsində ölkə rəhbərliyinin çox ciddi rəhbərliyi altında Azərbaycan ordusu qələbə qazandı. Biz bu qələbəyə illərlə hazırlaşmışdıq. Ukrayna diasporunu təmsilən deyə bilərəm ki, hazırda Ukraynada azadlıq mücadiləsi dövründə Şuşada qurultayda iştirak etməyimiz də simvolik önəm daşıyır. Qurultaydan gözləntilərimiz böyükdür. Biz diasporun inkişafının yeni mərhələlərini, perspektivlərini müzakirə edəcəyik. Xaricdə olan həmkarlarla əlaqələrimiz daha da genişlənəcək. Yaxın gələcəkdə diasporun qarşısına qoyulan vəzifələrin proqram şəklində hazır olması vacibdir. Gələcək mücadilə prosesində koordinasiyalı şəkildə fəaliyyət göstərməyimiz önəmlidir. Bunun üçün bir araya gəlmişik. Bu baxımdan qurultaydakı müzakirələr mühümdür. Bütün qurultay iştirakçılarına uğurlar arzu edirəm”.  

Dünya Azərbaycanlılarının V Qurultayı nəinki, ölkə gündəminin, medianın da diqqət mərkəzindədir. “Yeni Müsavat”ın əməkdaşları da qurultayı işıqlandırmaq üçün Şuşaya yola düşəcəklər.

“TV Musavat” ın aparıcısı Sevinc Telmanqızı ilk dəfə Şuşada keçiriləcək qurultayı  dünyaya böyük mesaj kimi dəyərləndirib: “Şuşanın işğaldan azad edildiyi xəbərini ilk dəfə canlı efirdən elan etməyim indiki kimi yadımdadır. Həmin gündən etibarən arzum ora səfər edib, tərifini kitablardan, mahnılardan, tanışlardan eşitdiyim Şuşanı görmək idi. Amma bu günə qədər qismət olmamışdı. Hər dəfə Şuşaya səfər edənlərlə “Skype” üzərindən, telefon bağlantısı ilə efir gerçəkləşdirəndə də onlara münasibətdə qısqanclığım olub, nə yalan deyim? Nəhayət, mən də o müqəddəs torpaqları görəcəyəm. Hər şeyə dörd gözlə baxıb, təftiş, müşahidə etmək, Şuşanı gözümə, qəlbimə yığmaq üçün əlimdən gələni edəcəyəm. Yazılarımla, videoreportajlarımla mən də Şuşanı vəsf etməyə çalışacağam.

Tarixi hadisəyə şahidlik edəcəyik. Dünyanın dörd bir yanından gələn soydaşlarımız da bizimlə birgə Şuşanı görəcək və bu, bütün dünyaya böyük mesaj olacaq. Diasporumuzun fəaliyyətində zaman-zaman özünü göstərən axsaqlıq, çatışmazlıqlar və bu durumdan çıxış yolları orda müzakirə olunacaq. Soydaşlarımız Şuşanı kameranın, telefonun yaddaşına köçürüb, onu yaşadıqları ölkələrdə, yəni dünyanın dörd bir yanında yayacaqlar. Bu da təbliğatın ən yüksək səviyyəsidir.  Bu tədbir dünyaya böyük mesajdır. Bir media nümayəndəsi olaraq bu mesajın çatdırılmasında fəal iştirak edəcəyimiz üçün tərifi mümkünsüz duyğular, qürur hissi yaşayıram”.

“Yeni Müsavat” Media Qrupunun reportyoru Məhəmməd Türkmən planları açıqladı:  “İnternetin imkanları daxilində canlı yayımlara çıxmağı, reportajlar, müsahibələr hazırlamağı planlaşdırırıq. Şuşada olduğumuz müddəti maksimum dəyərləndirməyə çalışacağıq. Qarşımıza öhdəliklər qoyulub: maraqlı yazılar, reportajlar, görüntülər və s. Sevinc Telmanqızı ilə bunları gerçəkləşdirməyə çalışacağıq. Hazırda saatları sayırıq”.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 aprel tarixlərində Şuşa şəhərində keçiriləcək. Artıq Şuşada olan ilk qrupun sosial şəbəkələrdə yaydıqları görüntülərdən bəzilərini təqdim edirik:

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR