İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların başqa xalqlara heyranlığı - Səddamdan Zelenskiyə qədər...

2923 26.05.2019 01:00 Sosial A A

Əhməd Qəşəmoğlu: “Millət olaraq qəhrəmanlığa, qələbəyə təşnəyik”

Cəmiyyətimizin bəzi kəsimləri vaxtaşırı yaxın-uzaq ölkələrdə baş verənlərə xüsusi heyranlıqla yanaşır. Bu, uzun illərdir davam edən prosesdi. Bəzi örnəklər verək. Məsələn, 1994-cü ildə Rusiya ilə Çeçenistan arasında müharibə başlayanda çeçenlər rus ordusuna qarşı ciddi dirəniş göstərirdi. Müharibədə məğlub olmuş xalq olaraq çeçenlərin bu tövrünü heyranlıqla izləyirdik.

Onları qəhrəman xalq adlandırırdıq. Amma bu uzun sürmədi. Rus-çeçen savaşı ikincinin ziyanına ağır məğlubiyyətlə yekunlaşdı. Halbuki çeçenləri nümunə göstərib, özümüzü tənqid edirdik. “Bir Dudayevimiz də olmadı...” deyib, köks ötürürdük. Şamil Basayevə və başqa çeçen səhra komandirlərinə həsəd aparırdıq. Çünki bu müharibənin arxasındakı mahiyyəti, gerçək səbəblərini bilmirdik. Səhnəarxasına bələdçiliyimiz olmadığından, üzdəkilərə tamaşa edib, riqqətə gəlirdik. “Biz niyə çeçenlər kimi cəsur olmadıq” deyib, öz gözümüzdə özümüzü kiçildirdik.

Hələ bundan öncə - birinci körfəz müharibəsi zamanı İraq prezidenti Səddam Hüseynə necə rəğbətimiz yaranmışdı. Onu müsəlman olduğu üçün müdafiə edirdi azərbaycanlılar. Həmin dövrdə din amili ölkəmizdə sürətlə yayılırdı. İstənilən dini təbliğat cəmiyyətin dərin qatlarına qədər işləyirdi. Ona görə də səddamçı olmuşduq. Daha bilmirdik ki, S.Hüseyn başkəsənin, cəlladın biridir. Öz din qardaşlarını min bir əzabla öldürürdü. İnsanları sulfat turşusunda yandırırdı. Siyasi müxalifətin nümayəndələrini itlərin qabağına atdırıb, parçalatdırırdı. Və bu səhnəni ləzzətlə seyr edirdi.

Azərbaycanda insanlar ile ilgili görsel sonucu

Daha sonralar bu heyranlıq Gürcüstana, Ukraynaya, Qırğızıstana yönəldi. İnsaf naminə demək lazımdır ki, Səddam Hüseyndən, Şamil Basayevdən Saakaşvilini, Yuşşenkonu “balet” eləmək daha sivil davranış idi. Çünki orda demokratik proseslər gedirdi. Seçki və məxməri inqilab yoluyla iqtidar dəyişikliyi olurdu. Lakin bu da yolverilməz idi. Hər bir xalq öz potensialını işə salıb, başının çarəsinə baxmalıdır. Qonşuya tamaşa edib, ağzının suyunu tökməklə deyil...

Ən son qaragüruh heyranlığımız Ukraynanın yeni seçilmiş prezidenti Zelenskiyə oldu. Vəzifəsinin icrasına başlamamış, bəzi azərbaycanlılar onu Ukraynanın xilaskarı elan etdilər.

Bu aşırı heyranlığın səbəbi nədir? Niyə qonşu dövlətlərə, xalqlara baxıb, həsəd aparırıq?

Yeri gəlmişkən, Azərbaycanın bəzi müxalifət liderləri Venesuelada baş verənləri də nümunə kimi göstərib, “vaxt gələcək, Azərbaycan xalqı da öz haqqı uğrunda bu cür ayağa qalxacaq” deyib, həsəd aparırdılar. Halbuki Venesuelada gerçək bir faciə yaşanır. Faciəni nümunə kimi ictimai rəyə sırımaq, “kaş biz də onların gününə düşəydik” arzulamaq hansı məntiqə sığır?

Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb:

“Bu məsələ həmişə məni düşündürür. Fikrimcə, bunun bir neçə səbəbi var. Ən başlıcası məğlubiyyətdir. Azərbaycanlılar yüz illərdir torpaq itirir, işğala məruz qalır. Son 200 ildə başımıza gəlməyən qalmayıb. Azərbaycanı Rusiya və İran iki yerə bölüb. Rusiya bizi 200 il əsarətdə saxlayıb. Qarabağ kimi süni və qondarma bir problem yaradıb. Müharibədə ermənilərə açıq dəstək verib. Torpaqlarımızı yalnız Ermənistan silahlı qüvvələri işğal etməyib, Rusiya ordusunun ayrı-ayrı bölmələrinin yaxından dəstəyi və iştirakı ilə bu işğal həyata keçirilib”.

Ə.Qəşəmoğlunun fikrincə, digər səbəb ölkəmizdə demokratik proseslərin ləng getməsidi: “Ona görə də azərbaycanlılar qəhrəmanlığa, qələbəyə təşnədilər. Demirəm, biz qəhrəman xalq deyilik. Əksinə, azərbaycanlılar qəhrəmanlıqda heç bir xalqdan geri qalmırlar. Sadəcə, böyük güclərin basqısı hər zaman üzərimizdə olub. Bizi bölüb, parçalayıblar. Zəiflədiblər. Hər dəfə vətənimizi müdafiə etmək üçün ayağa qalxanda, olmazın faciələrlə üzləşmişik. Bu da istər-istəməz millətin psixologiyasında mənfi izlər buraxıb”.  

Ə.Qəşəmoğlunun sözlərinə görə, müharibədə və siyasətdə məğlubiyyətlə üzləşən azərbaycanlılar digər xalqların bu sahələrdəki uğurlarına heyranlıq yanaşırlar: “Amma bu heyranlığı uzun müddət davam etdirmək yanlışdı. Xalq olaraq öz taleyimizə sahib çıxmalı, düşdüyümüz məğlub durumdan çıxmağı bacarmalıyıq. Elə etməliyik ki, başqa xalqlar bizim siyasətdə, hərbdə, başqa sahələrdəki uğurlarımıza baxıb, qibtə etsinlər”.

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR