İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanlılar erməni silahlı birləşmələrinin əhatəsində yaşaya bilməzlər”-Politoloq

640 12.01.2023 16:48 Siyasət A A

 

“Qərbi Azərbaycan” ideyasını genişləndirməyə ehtiyac var. Hüquqi əsaslar hazırlanmalı, müxtəlif  tədbirlər keçirilməlidir”.

Musavat.com xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin  rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, hətta Azərbaycanın xarici ölkələrdəki səfirliklərində bir diplomatın sırf bu işlə məşğul olması önəmlidir: “Həmin diplomat çalışdığı ölkədə mətbuata bu barədə məlumat verməlidir. Dünya bu problemdən xəbər tutmalıdır. Qərb ölkələrində Qarabağda ermənilərin yaşadığı və onların hüquqlarının pozulduğu barədə birtərəfli fikir var. Halbuki, Ermənistanın indiki ərazisi tarixi Azərbaycan torpaqlarıdır. İllər uzunu orada azərbaycanlılar yaşayıb. Müxtəlif dövrlərdə doğma yurdlarından qovulublar. Dünyanın, bəlkə də tərəfdaşlarımızın da bu barədə məlumatı yoxdur. Demək ki, həm Azərbaycanda hüquqi baza hazırlanmalı, Qərbi Azərbaycan İcmasının (QAİ) fəaliyyətini gücləndirməli, müxtəlif komissiyalar yaradılmalı, həm də xarici ölkələrdə sistemli fəaliyyət göstərməliyik.  Bu problemə beynəlxalq təşkilatların diqqətini çəkməliyik”.

Politoloq vurğuladı ki, Qərbi Azərbaycan mövzusu ölkəmizin Ermənistan hakimiyyətinə təzyiq alətidir. O xatırlatdı ki, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayıb: “Ermənistan sülh sazişi imzalamaqdan yayınır. Ermənistan ərazisi tarixi Azərbaycan torpaqları olsa da, bizim ərazi iddiamız yoxdur, lakin Qarabağdan əl çəkməsələr, biz Qərbi Azərbaycanın Azərbaycana birləşdirilməsi istiqamətində fəaliyyətimizi genişləndirməliyik. Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində dedi ki, məqsəd azərbaycanlıları qədim torpaqlarımıza qaytarmaqdır. Bu o demək deyil ki, o əraziləri Ermənistandan qoparmaq istəyirik. O ərazilərdə yaşayış azdır, kəndlərin çoxu boşdur. Qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılmasına başlasaq, onların təhlükəsizliyi ciddi məsələ olacaq. Azərbaycanlılar erməni silahlı birləşmələrinin əhatəsində yaşaya bilməzlər. Buna görə də prezident İlham Əliyev mətbuat konfransında vurğuladı ki, Azərbaycan Ermənistanın yenidən silahlanmasına, işğalçı dövlətə çevrilməsinə imkan verməyəcək. Biz həm azərbaycanlıların qayıtması, həm də onların təhlükəsizliyi barədə ciddi düşünməli, planlarımızı da buna uyğun qurmalıyıq”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR