Azərbaycanlı yazıçı Şimali Kipr ziyalılarını ağlatdı (FOTO)
Müəllifi olduğu “Sıfır Nöqtəsi” romanının tanıtımı məqsədilə ŞKTC-də işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, gənc yazıçı Əhməd Şahidov noyabrın 8-də Uluslararası Kıbrıs Universitetində bu təhsil ocağının rektor, müəllim və tələbə heyəti ilə görüşüb. “Sıfır Nöqtəsi” romanının müzakirəsi məqsədilə təşkil olunan bu toplantıda UKU-nun rektor vəkili Prof. Dr. Hikmet Seçim, UKU-nun Baş Katibi Doç. Dr. Ahmet Adalıer, Şimali Kiprin millət vəkili Zorlu Töre, tanınmış tarixçi-araşdırmaçı Hadice Özler Şahin, “Rauf R. Denktaş və Düşüncələrini Yaşatma Dərnəyi” başkanı Latif Akça, “Ahıska Türkləri Mədəniyyət və Dayanışma Dərnəyi” başkanı Hakan Uyqun və universitetin müəllim-tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan tanınmış radio aparıcısı Emine Şark Sivri Şimali Kipr haqqında məlumat verib, ŞKTC-nin bütün dünyada tanınmasının əhəmiyyətindən danışmış və bu məqsədlə “Sıfır Nöqtəsi” romanının rolunu yüksək qiymətləndirib. Daha sonra qonaqlar çıxış ediblər. ŞKTC Məclisinin üzvü, millət vəkili Zorlu Törenin alovlu çıxışı tədbir iştirakçılarında milli hissləri bir qədər də qaldırıb və zaldakı tələbələr “Kıbrıs Türkündür, Türkün olacak!” şüarları səsləndiriblər. Çıxışının sonunda Rauf Denktaşın sevərək söylədiyi “İki Bayraq” şeirini səsləndirən millət vəkili Zorlu Töre gənclərin alqış sədaları altında göz yaşlarını saxlaya bilməyiö.
Sonda gurultulu alqışlar ilə kürsüyə qalxan gənc yazıçı Əhməd Şahidov Şimali Kiprlə tanışlığı, bu ölkəyə səfərləri və rəhmətlik Rauf Denktaşla ilk görüşü barədə danışıb və “Sıfır Nöqtəsi” romanı barədə ətraflı məlumat verib. Bu dəfə Şimali Kiprə gəldikdə bir qədər məyus olduğunu bildirən Əhməd Şahidov ŞKTC-nin qurucu lideri Rauf Denktaşın ruhuna göstərilən münasibətdən narazı olduğunu, mərhumun məzarının baxımsız şəraitdə olduğunu ürək yanğısı ilə diqqətə çatdırıb. Çıxışının sonunda özünün müəllifi olduğu “Ben Türküm” şeirini səsləndirən Əhməd Şahidovun çıxışı zalda əyləşənlərin göz yaşlarına səbəb olub və tədbir iştirakçıları ayağa qalxaraq, gənc yazıçını davamlı alqışlayıblar.
Tədbirin sonunda Əhməd Şahidov “Sıfır Nöqtəsi” romanını tədbir iştirakçıları üçün imzalayıb və xatirə fotoları çəkdirib.






