“Azərbaycanlı tələbələrin yaddaşı türkiyəli tələbələrinkindən daha qüvvətlidir”
Çingiz Sahmanlı:”Ərdoğan çox gizli bir şəkildə Türkiyəni Osmanlı dövlətinə çevirməyə çalışır”
Yəqin ki, facebookdan “Bedava ingilis dili dərsləri” adlı səhifəyə rast gəlməmiş olmazsınız. Hər kəsi diqqətini cəlb edən pulsuz ingilis dili dərsləri ilə bağlı həm əlavə məlumat almaq üçün, həm də həmin səhifənin yönəticisi olan Çingiz Sahmanlını yaxından tanımaq üçün müsahibə aldıq. Sağ olsun Çingiz bəy də bizi qırmayıb, müsahibə təklifimizi qəbul etdi. Müsahibə Çingiz bəyə məxsus olan, hazırda fəaliyyətdə olan “Pillə” kursunda baş tutdu.
- Neçə ildir Bakıda yaşayırsınız?
- Son iki ildir Bakıda yaşayıram. Buraya gəlməyimin, burada qalmağımın səbəbi mənə ingilis dili ilə bağlı təklif oldu. Burada çox fərqli şeylər ediləcəyinə inanıram. Bir də onu vurğulayım ki, mənim həyat yoldaşım azərbaycanlıdır. Biz 20 ildir ki, evliyik. Burada qaldığımız zaman həyat yoldaşım mənə dedi ki, Bakıda yaşasaq daha yaxşı olar, bizim üçün daha da əlverişli olar. O üzdən tamamən Bakıda yaşamağa qərar verdik. Amma veb saytda pulsuz ingilis dili dərsləri üzrə fəaliyyətimiz 3 ildir ki, başlayıb.
- Azərbaycana gəlməmişdən öncə yəqin ki, Türkiyədə də ingilis dili üzrə mütəxəssisi kimi çalışmısınız.
- Mən 35 ildir ki, ingilis dili müəllimiyəm. Türkiyədə də universitetlərdə ingilis dilindən dərs demişəm. Sonda Azərbaycandan təklif gəlincə, üstəlik də həyat yoldaşımın istəyi ilə Bakıda yaşamağa qərar verdik. Artıq 2 ildən çoxdur ki, Bakıda işləyirəm.
- Azərbaycanlı tələbələrlə münasibətiniz necədir? Türkiyəli və azərbaycanlı tələbələrdəki hansı fərqləri gördünüz?
- Azərbaycanlı tələbələr türkiyəli tələbələrdən fərqli olaraq, hafizələri daha qüvvətli, əzbərləməyi daha asanlıqla həyata keçirirlər. Amma Türkiyənin 20 ildə keçdiyi məsafəni Azərbaycan 1 ildə keçir. Amma məsələn, cib telefonları, kompyüter, televizor, media, sosial şəbəkələr və bu kimi başqa şeylərin hamısı uşaqların beyninin, hafizələrinin çox hissəsini tutur, dərsə isə yer qalmır. Bu şeylər uşaqlara imkan vermir ki, dərslərinə daha diqqətli yanaşsınlar, daha məsuliyyətli olsunlar. Amma ümumilikdə əzbərləri qüvvətlidir, bir az da idealistdirlər, məqsədlərinə çatmaq üçün mücadilə aparırlar. Amma tarixi keçmişləri ilə bağlı çox bilgili deyillər. Amma mən ilk demokratik cümhuriyyət Məmməd Əmin Rəsulzadə tərəfindən qurulduğunu bilirəm. Mən tələbələrlə bağ qurarkən, sadəcə İngilis dilini öyrənmək deyil, paralel olaraq da həyatlarından örnəklər verərək onlara bir ata kimi yaxınam. Buna görə də məni çox sevirlər. Tələbələri də qınamamaq lazımdır. Vaxtında öyrətmək lazımdır ki, bilsinlər.
- Bəs tələbələrinizin sizə qarşı münasibəti necədir? Bir müəllim kimi sizi necə qəbul edirlər?
- Tələbələrim məni çox sevir. Mən də onları övladlarım kimi sevirəm. Təəssüfləri olsun ki, mənim övladım yoxdur. Mən çox kasıb bir ailədə böyümüşəm. Pulsuz ingilis dili yaratmağımın da ən başlıca səbəbi isə məhz budur. İstədim ki, mənim kimi imkanı olmayan uşaqlar ingilis dilini öyrənə bilsinlər. Sıfırdan başlayıb, hər şeyi xırda detallarına qədər anlatmağa çalışdım. İndi də 1700-dən çox özümün hazırladığım dərs videolarım var. Təxminən 2011-ci ildən bu günə qədər 130 dərs kitabı yazdım. Hamısını da burada yazdım.
- Elə biz də sizi facebookdan tanımışıq. Veb saytda pulsuz ingilis dili dərsləri nə deməkdir, şərtləri necədir?
- Niyə pulsuz deyirik bu dərslərə? Əslində pulsuz deyil, pulludur. Amma insanlardan pul almırıq. Mən bu işə başlamazdan əvvəl hər şeyi öz imkanım daxilində etdim. İnsanlar da internetdə İngilis dili ilə bağlı hər şeyi diqqətdə saxlayırdı. Sonra veb saytı yaradıldı. Biz də reklam etmək üçün googledən yararlandıq. Buradan bizə fərqində olmadan gəlir gəlməyə başladı. Hazırda həm veb saytdan, həm də Youtube-dən çox yaxşı reklam gəlirimiz var. Mənim hazırladığım videolar 2 milyondan çox insan tərəfindən izlənilib. 11 minə yaxın da abunəçisi var. Əslində Youtube-də bu yüksək rəqəmdir.
- Reklamlardan aldığınız gəliri hara xərcləyirsiniz?
- O gəliri veb saytına xərcləyirəm. Bundan başqa mənimlə çalışanlara verirəm. Bizim veb saytımızdan insanlar sıfırdan ən yüksək pilləyə qədər ingilis dilini öyrənə bilər, hətta öyrənənlər də var. Saytımızda hər şey pulsuzdur, hətta kitablarımız da. Əgər bir insan məsuliyyətlə həmin veb saytdan ingilis dilini öyrənmək üçün tam məsuliyyətlə sıfırdan başlasa, rahatlıqla dili öyrənə bilər. bedavaingilizcedersler.com saytımızda dil öyrənmək üçün hər cür imkan var. Amma saytdan öyrənib də, əksiklikləri varsa, kursumuzdan yararlana bilər. Kursda daha da sürətli şəkildə İngilis dilini öyrənə bilərlər. İnanın ki, Türkiyədə yaşayan 56 yaşlı qadın İngilis dilini saytımız, videolarımız sayəsində ən yüksək pilləyə qədər öyrəndi. Gündə mənə 300-400 email göndərirlər. Mən də bacardığım qədər emailləri cavablandırmağa çalışıram.
- Kurslarda ingilis dilini tam öyrənmək üçün məyyən vaxt qoyulur. Məsələn, 6 ay Bəs “Pillə” kursunda nə qədər müddətə İngilis dilini öyrənmək olar?
- Bilirsiniz, əslində bu gerçəkdən mümkün deyil. Bu insanların vaxtları ilə paralel olan bir şeydir. Vaxt qoymaq insanları depressiyaya sala bilər. Bizim kursda İngilis dilini öyrətməkdən ziyadə, mən tələbəni İngilis dilli bir mühittə saxlamağa çalışıram. Cib telefonu varsa, telefonuna ingiliscə videoları yükləyirəm, tələbələrlə yazışanda belə ingiliscə yazıram ki, dil bilgiləri daha da irəliləsin. Bir sözlə ingilis dilini yaşatmağa çalışıram.
- Kursun özündə də pulsuz dərs almaq mümkündürmü?
- Bəli, o da mümkündür. Biz bunun üçün mərhələlər təşkil etmişik. Bu da 2-4 ay arasında olur. 2 aydan sonra imtahan keçirik. 100 bal toplayan 3 ay pulsuz, 100-dən sonra ən yüksək bal toplayan 1 ay pulsuz, ikinciyə də 50 faiz endirim edirik. Kursumuza ilk baş vuran tələblərdən səviyyə imtahanı götürürük. Bu test pulsuzdur. Hansı səviyyədirsə, o qrupa da alırıq. Həftədə 4 saat olmaqla, bir ayı 80 manatdır. Bir də dili öyrənmək üçün birinci dərsdən ikinci dərsə kimi heç olmasa 2 gün fərq olmalıdır. Bu zaman daha effektli nəticə əldə etmək olar. Üst-üstə dərs keçəndə, tələbənin bilik səviyyəsiniz yoxlamaq mümkün olmur. Yaxşı kurslar buna daha çox önəm verir.
- Sizin kursda ingilis dilini ən tez neçə aya öyrənmək mümkündür?
- Bu günə qədər ən tez öyrənən 5 ay yarıma öyrənib.
- Kursu bitirdikdən sonra sertifikat verilirmi? O sertifikatla tələbə nələri edə bilər?
- Təbii ki, kursu bitirdikdən sonra sertifikat verilir. Düzdür, bu sertifikatlar Türkiyədə olduğu kimi, Azərbaycanda verilən sertifikatların heç biri keçərli deyil. Amma biz bu halda nə edirik? Cambridge Universitetinin hazırladığı imtahanlar olur. Mən tələbələrimi bu imtahanlara hazırlayıram. İELTS imtahanlarına da hazırlaşdırıram. İELTS dərsləri həftədə 2 dəfə gələndə 80 manatdır. Amma bu insanın bazasına bağlı bir şeydir. Əgər biliyi ortadırsa 4-5 aya İELTS-ə hazırlaşmaqla yüksək bal qazanmaq mümkündür. Əgər səviyyə bir az da aşağıdırsa 5-6 aya tam hazırlaşmaq olar.
- Çingiz bəy, dərslər haqqında yetərli biliklər əldə etdik. Bundan başqa bir türkiyəli kimi Azərbaycana münasibətiniz necədir? Burada yaşamaq çətin deyil ki?
- Mən özüm Ərzurumluyam. Amma İstanbulda oxuyub, işləmişəm. Azərbaycanı getdikcə inkişaf edir. Amma sürətlə də Azərbaycanda kirlənmə olur. Kirlənmə deyərkən, yəni çevrə kirlliyi həddindən artıq çoxdur. Məsələn, bizim bu kursun önündə ki, yeni tikilmiş çox mərtəbəli bina buna misal olar. Zəlzələ baş verdiyi zaman düşünün bu binaların insan həyatına verəcəyi fəsadları. Bu mənə görə çevrə kirliliyidir. Çox böyük binalar mənə görə mənasızdır. Bundan başqa Azərbaycanda nəqliyyat heç yaxşı deyil. Bank kreditləri insanlar üçün ən ağrılı yerdir. Azərbaycan ölkə olaraq çox gözəl ölkədir. İnsanları istiqanlıdır, insanlıq ön plandadır. Amma azərbaycanlıların mümkün olduğu qədər adət-ənənələrinə sadiq qalmalarını arzu edirəm.
- Azərbaycanın hansı rayonlarını gəzmisiniz?
- Bir neçə rayonlarında olmuşam. Qusara, İsmayıllıya, Qobustana və başqa bir neçə rayonlara getdim. Onu söyləyim ki, doğurdan çox gözəl yerlərdir, çox bəyəndim. Bir də mən burada təbii ərzaqları çox yedim. Məsələn, tut bizdə unudulmuşdur, amma burada elə deyil. Bu gün Tovuzdan bir tələbəm gəldi, mənə oradan doşab gətirib. Bu doşabı biz İstanbulda 200 dollar versək belə, tapa bilmərik.
- “Pillə” kursunu açarkən, çoxmu çətinlik çəkdiniz?
- Çox çətinliklə bu kursu açdım. Əslində bu işlərlə mənim vəkilim məşğul olurdu. Amma yenə də çətinliklə ərsəyə gətirdik.
- Azərbaycan universitetləri haqqında nə düşünürsünüz?
- Təxminən 16-17 universitetdə seminarlara getmişəm. Onların içində bəyəndiyim Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Slavyan Universiteti oldu. Dövlət İdarəçilik Akademiyasını bəyəndim. Tələbələr üçün çox gözəl şərait var, tələbələri də savadlıdır.
- Həyat yoldaşınıza da ingilis dilini öyrətdinizmi?
- Bəli, ona da ingilis dilini öyrətdim. Danışa bilir, haradasa mənim qədər də bilir. İqtisad Universitetində müəllimə işləyir. Hətta İqtisad Universitetindən mənə iş təklifi də gəldi. Qəbul etmədim. Çünki mənim həyat tərzimə uyğun deyil. Bir sistem qurmuşam, o sahədə çalışıram. Məqsədim zəngin olmaq deyil, xeyirli bir iş etməkdir. Düşünürəm ki, maaş üçün işləməyimə gərək yoxdur.
- Türkiyə üçün darıxırsınızmı?
- Türkiyənin yeməyi üçün darıxıram. İstanbulun o havası, dənizə gedib də, dənizi seyr etmək nəyə desəniz dəyər. Həyat bu, ola bilsin ki, Türkiyə qayıtdıq.
- Çingiz bəy, indi də siyasi bir sual verim. Hazırda Türkiyədə siyasi durumlar qarışıqdır, prezident seçkiləri öncəsidir. Sizin bu mövzuda fikirləriniz necədir?
- Hazır ki, hökuməti istəmirəm. Çünki Ərdoğan çox gizli bir şəkildə Türkiyəni Osmanlı dövlətinə çevirməyə çalışır. Allahı, dini aşırı istifadə edir, bu da çox pis haldır. Bizdə din dövlətdən ayrıdır, amma hazırkı hökumət bunları birləşdirməyə çalışır. İndi də prezident seçkiləri dönəmidir. Orada da bir tələ var. Çatı aday Ekmelledin deyilən adam belə tanımırlar. Burada da bir tələ var. Ərdoğan da daxil olmaqla, digər bir nəfər də hökumətin adamıdır, Ekmeleddin də ola bilsin ki, öz adamlarıdır. Yəni üçü də mənim istədiyim namizəd deyil. Mənim istədiyim adam çox demokratik görüşlü insan olmalı, oxumuş, kültürlü, təhsilli olmalı, tərəf tutmamalıdır. Tərəf tutmaq prezidentə yaraşmaz.
Müsahibəmiz elə burada yekunlaşdı. Sonda Çingiz bəy mənə, ümumiyyətlə “Yeni Müsavat” qəzetinə belə bir addım atdığı üçün təşəkkürlərini də əsirgəmədi. Qəzet əməkdaşlarını İngilis dilini öyrənmək üçün öz kursuna dəvət etdi.
- Sizə təşəkkür edirəm. Ən azından kurs haqqında məlumatları Azərbaycana vermək lazım idi. Veb saytlarımızn adları əslində qəzetə yazılsa, düşünürəm ki, daha da mükəmməl olar. Çünki buraya gəlib də , öyrənməyəcəkləri heç nə olmayacaq. Təsəvvür edin İstanbulda 12 min dollar qarşılığında iş təklifi aldım. Amma qəbul etmədim, gözüm parada-pulda deyil. Mənim bu saatdan sonra ehtiyacım üstümə düşən vəzifəmi yerinə yetirməkdir. Dünyadan gedəndən sonra, insanların yaddaşında xoş anılmaq istəyirəm. Buna ehtuyacım var.
Nərgiz Yaqublu






