İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı jurnalist: "İnfantinolu yeni FIFA maraqlı perspektivlər vəd edir" - MÜSAHİBƏ

383 26.02.2023 20:50 İdman A A

Ali futbol orqanı olan FIFA gələn il mayın 21-də 120 illik yubileyini qeyd edəcək. Bu gün – fevralın 26-da isə isveçrəli Canni İnfantinonun FIFA prezidenti kimi fəaliyyətinin yeddinci ili tamam olur.

Bununla bağlı müraciət etdiyimiz tanınmış idman yazarı, bir sıra nüfuzlu beynəlxalq mükafatların jüri üzvü Rasim Mövsümzadə "Report"a müsahibəsində ötən illərdə ali futbol qurumunun Canni İnfantinonun rəhbərliyi altındakı fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

- İnfantinonun fəaliyyəti birmənalı qarşılanmır. Onun dövrü barədə həm tənqidlər, həm də təriflər səslənir...

- Bu illərdə FIFA-da, ümumiyyətlə, dünya futbolunda çox dəyişikliklər, yeniliklər, islahatlar olub. Düzdür, beynəlxalq federasiyanın fəaliyyəti sərt tənqidlərə də məruz qalıb. Amma FIFA-nın tarixinə nəzər salsaq, qalmaqallar və tənqidlər qurumun yarandığı 1904-cü ildən bəri həmişə olub. Təbii ki, müsbət məqamlar da var.

- Məsələn, əsasən hansı müsbət məqamları qabartmaq olar?

- Gəlirlər eyni ölçüdə çoxalmasa da, 2016-cı ildən əvvəlki ilə müqayisədə futbolun inkişafına sərmayənin yeddi dəfə artması Infantinonun rəhbərliyilə yeni FIFA-dakı maliyyə idarəetmə islahatlarının nəticəsidir.
Artıq pul “yoxa çıxmır”, Sürixdə FIFA-ya məxsus olmayan binalara yarım milyard məbləğində fəlakətli xərclər, on milyonlarla məbləğində bonuslar, qeyri-müəyyən səbəblərə görə endirimli qiymətə verilən media hüquqları müqavilələri yoxdur. FIFA-nın əsaslı dəyişikliyi bir sıra xarici təşkilatlar, o cümlədən ABŞ Ədliyyə Departamenti tərəfindən etiraf edilib və onilliklər boyu davam edən futbol korrupsiyası sxemlərinin qurbanları olaraq FIFA, CONCACAF və CONMEBOL-a dəymiş ziyanın kompensasiyası kimi FIFA Fonduna 201 milyon ABŞ dolları məbləğində təzminat təyin edilib.

Covid pandemiyası zamanı futbol həyatı, demək olar ki, durmuşdu. Möhkəm maliyyə vəziyyəti sayəsində FIFA qlobal futbol ictimaiyyətinə qrantlar və kreditlər vasitəsilə 1,5 milyard ABŞ dolları həcmində yardım planı təqdim edərək, koronavirusun qlobal futbola təsirini aradan qaldıra bildi.

- Məlum məsələdir ki, futbol sadəcə sahədəki oyundan ibarət deyil. Meydandan kənarda da bir çox amillər var ki, bu idman növünün inkişafına birbaşa və ya dolayısı ilə təsir edir...

- FIFA meydanda və meydandan kənarda hər səviyyədə inkişafı dəstəkləmək üçün çoxlu vaxt və resurslar xərcləyir. Qadın futboluna da diqqət çox artıb. 2019-cu ildə Fransada keçirilən FIFA Qadınlararası Dünya Kuboku əsl dönüş nöqtəsi oldu: statistikaya görə, bu turniri stadionlarda 1,1 milyondan çox azarkeş və bütün dünyada 1 milyarddan çox televiziya tamaşaçısı izləyib. 2023-cü ilin dünya çempionatı isə daha böyük yarış olacaq, çünki ilk dəfə 32 komandanın iştirakı ilə özü də iki ölkədə - Avstraliya və Yeni Zelandiyada keçiriləcək.

Nəticədə Filippin, Haiti, İrlandiya, Mərakeş, Panama, Portuqaliya, Vyetnam və Zambiya kimi ölkələr ilk dəfə qadınların dünya çempionatında təmsil olunacaqlar.

- Bəzi tənqidçilər mundiallarda komanda sayının artırılmasının marağın azalması, baxımlılığın itməsi ilə nəticələnəcəyini düşünürlər. Sizin bu barədə fikirləriniz necədir?

- FIFA Dünya Kubokunun genişləndirilməsi və yenilənmiş tender prosesi də islahatların bir hissəsidir. 48 komandanın çıxış edəcəyi ilk yarış kimi FIFA Dünya Kuboku 2026 daha çox ölkəyə öz arzularını həyata keçirmək imkanı verəcək və bununla da yerli səviyyədə kütləvi inkişafa təkan olacaq.

Ümid edirəm, iştirakçıların sayının artırılması sayəsində uzun müddətdir dünya çempionatlarının seçmə mərhələsində çıxış edən, həmçinin hazırda FIFA reytinqində daha yüksək mövqelərdə qərarlaşan, amma heç vaxt final turnirinə çıxa bilməyən komandaları da mundiallarda görə biləcəyik: Avropadan Albaniya, Finlandiya, Kipr, Lüksemburq, Şimali Makedoniya, elə Azərbaycan; Asiyadan Bəhreyn, Honkonq, İordaniya, Malayziya, Oman, Özbəkistan, Tailand, Vyetnam; Afrikadan Kabo Verde, Keniya, Mali, Qvineya, Sudan, Zambiya; Cənubi Amerikadan, nəhayət, Venesuela; Şimali və Mərkəzi Amerika və Karib dənizi hövzəsindən Kürasao, Qvatemala, Surinam; Okeaniyadan Fici və s.

- Tender prosesində də müəyyən dəyişikliklər var...

- FIFA-nın əsas yarışına ev sahibliyi etmək üçün tender prosesi də tamamilə yenilənib. Özü də seçim zamanı yekun qərar
keçmişdə icraiyyə komitəsinin gizli səsverməsindən fərqli olaraq, indi FIFA Konqresində açıq səsvermədə 211 üzv assosiasiya tərəfindən qəbul edilir.

- Futbolda texnologiyaların istifadəsi də bəhs etdiyimiz dövrə düşür...

- Son illər, əsasən, VAR-ın genişləndirilməsi yolu ilə futbolun faydası üçün texnologiyadan istifadədə böyük irəliləyiş əldə olunub və bu, oyunu daha ədalətli edir.

VAR, ümumiyyətlə, futbolda bir inqilabdır. Yeri gəlmişkən, 2021-ci ilin dekabrında sosial şəbəkə hesabımda VAR-dan əvvəlki dövrdə və son illər VAR-ın olmadığı yarışlarda hesaba alınmayan qolların vurulduğu bəzi beynəlxalq matçların siyahısını təqdim etmişdim:

Konfrans Liqası 2021/22: Bazel - Qarabağ (Abdellah Zoubir)
DÇ-2022 seçmə mərhələsi: Serbiya - Portuqaliya (Cristiano Ronaldo)
Avro-2012: İngiltərə - Ukrayna (Marko Devic)
DÇ-2010: İngiltərə (Frank Lampard) - Almaniya
Avro 2008 seçmə mərhələsi: Portuqaliya (Cristiano Ronaldo) - Azərbaycan
Avro-1996: Bolqarıstan - Rumıniya (Dorinel Munteanu)

Bundan başqa, yeni FIFA+ rəqəmsal platforması istifadəyə verilib. Bu, futbol azarkeşlərinə dünyanın hər yerindən canlı futbol matçlarını izləməyi, həmçinin interaktiv oyunlara, xəbərlərə, turnir məlumatlarına və orijinal video məzmuna girişi təmin edir. FIFA+ dünyanın hər yerindən kişilər, qadınlar və gənclər futbolunun əvvəllər yayımlanmamış yarışlarından canlı yayımlar təklif edir...

- Martın 16-da Ruandada keçiriləcək FIFA Konqresində növbəti dörd illik müddət üçün beynəlxalq futbol federasiyasına prezident seçkisi də keçiriləcək...

- Gianni Infantino həmin vəzifəyə yeganə namizəd olacaq, belə ki, bunun üçün təyin olunan vaxt bitib və başqa kimsə öz namizədliyini irəli sürməyib. Beləliklə, gələn ay 53 yaşı tamam olacaq isveçrəli daha dörd il dünya futboluna rəhbərlik edəcək.
Bir neçə dəfə beynəlxalq futbol tədbirlərində Gianni Infantino ilə görüşmək mənə də nəsib olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR