Osmanlı İmperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən "Dəlilər Fatihin Fərmanı” filminin İstanbulda təqdimat mərasimi baş tutub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 milyon TL-yə başa gələn ekran işinin nümayişinə televiziya və sənət dünyasının tanınmış simaları qatılıb. Filmin təqdimatından öncə jurnalistlərin suallarına cavab verən baş rol ifaçısı Cem Uçan Sabir, Tənzilə və Cəmil Rüstəmxanlıya təşəkkür edərək, filmin ərsəyə gəlməsində böyük rol oynadıqlarını deyib.
O, dünya standartlarında film çəkməyə çalışdıqlarını dilə gətirib: “Belə demək olarsa, tər və göz yaşı ilə film çəkdik. Canla-başla bu filmdə çalışdıq. Film indiyə qədər bizim idi, indidən sonra 80 milyon igidin filmi olacaq. “Dəlilər”i tamaşaçılara əmanət etdik. Layiqli münasibəti görsə, davamını çəkəcəyik”.
“Vlad Tepeş” obrazını canlandıran Erkan Petekkaya ekran işinə böyük əmək sərf edildiyini bildirib: “Məncə, filmdə ən çox əməyi keçən makiyaj edənlər, dərzilər və texniki heyətdir. Filmi izlədiyinizdə nə qədər çətinliklər olduğunu görəcəksiniz. Ağır işə imza atdıq. Çox xoşbəxtik. İnşallah, tamaşaçılar da bəyənəcək”.
Aktrisa Nur Fəttahoğlu həyəcanlı olduğunu və tamaşaçıların filmi bəyənəcəyinə inandığını vurğulayıb.
“Mübariz” obrazını canlandran azərbaycanlı aktyor Namiq Rüstəmxanlı film haqqında bunları deyib:
"Əslində yalnız tarixdən bəhs edən bir film deyil. Bu günümüzün də filmidir. Çünki izlərkən də görəcəksiniz, Trabzonda şəhid olan Erenimiz (Eren Bülbül), Qarabağda şəhid olmuş Mübariz İbrahimov kimi insanlarımız da filmdə var. Ekran işi Türkiyə tarixiylə məhdudlaşmayıb. Valideynlərini, qohumlarını və yaxınlarını gözünün önündə itirən və ”Sizi Allaha şikayət edəcəyəm” deyən suriyalı uşaq da var”.
Qeyd edək ki, ekran işi Osman Kayanın rejissorluğu ilə ərsəyə gəlib. Filmin ssenarisini Mustafa Burak Doğu ilə İbrahim Ethem Arslan qələmə alıb.
Filmdə Kamil Güler, Batın Uçan, Serhat Şahin, Mehmet Ali Karakuş, Mehmet Pala, Hakan Yufkacıgil, Berat Efe Parlar, Rüzgar Aksoy, Gökçe Özyol ve Demet Tuncer kimi məşhurlar da rol alıb.
Film Fatih Sultan Mehmetin “Dəlilər” adlı əsgərlərdən ibarət qrupunun Osmanlının Şərqi Avropadakı torpaqlarında Eflak VoyvodasıTepeş tərəfindən zülm görən əhaliyə köməyindən və onları xilas etməyə çalışmasından bəhs edir
Könül,
Musavat.com






