İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANLA RUSİYA ARASINDA ÇOX DƏRİN MÜZAKİRƏLƏR

4056 12.06.2011 09:38 Gündəm A A

Ramiz MehdiyevKremlin rəsmi saytının yaydığı məlumatda deyilir ki, bu dəfə tərəflər Bakıda keçiriləcək beynəlxalq humanitar forumla bağlı müzakirələr aparıblar, həmçinin iki ölkə arasında qaz alqı-satqısına dair məsələləri, Qarabağ münaqişəsinə dair danışıqlar prosesindəki vəziyyəti müzakirə ediblər. S.Narışkin görüşdə deyib ki, Rusiya Azərbaycanla əməkdaşlığın indiki yüksək səviyyəsindən xeyli məmnundur. Onun sözlərinə görə, tərəflər indi humanitar sahədə də güclü əməkdaşlıq edirlər: “Rusiya ilə Azərbaycan humanitar məsələlərə böyük əhəmiyyət verir. Moskva ilə Bakının beynəlxalq məsələlərə dair gündəmi də demək olar ki, üst-üstə düşür”.
R.Mehdiyev isə deyib ki, iki ölkə prezidentləri tərəfindən bu ilin oktyabrında Bakıda beynəlxalq humanitar forumun keçirilməsi təşəbbüsü irəli sürülüb. Hazırda prezident administrasiyaları səviyyəsində bu foruma hazırlıq gedir: “Biz Azərbaycanda bu təşəbbüsə böyük məsuliyyətlə yanaşırıq. Forum Bakı ilə Moskvanın münasibətlərinin təkcə iqtisadi-siyasi səviyyələrdə deyil, humanitar səviyyədə də inkişaf etdiyini göstərəcək”.
R.Mehdiyevin sözlərinə görə, foruma çoxlu qonaqlar, o cümlədən Avropa və Qərbdən nümayəndələr dəvət olunacaq. O deyib ki, Bakı forumunun keçirilməsi ilə əlaqədar bütün məsələlər kompleksi işçi qaydada müzakirə edilib: “Təşkilati, hətta mən deyərdim, nəzəri xarakterli məsələlər və bu humanitar forumun müzakirəsinə çıxarılmalı olan məsələlər də var idi. Çünki humanizm, humanitar məsələlər insan həyatının bütün fəaliyyətini əhatə edir. Buna görə də forum bu baxımdan müəyyən mənada orijinal olacaq. Bu gün burada işçi qrupu iclas keçirir. O, həyata keçirilməsi zəruri olan daha konkret məsələləri həll edəcək”.
Serqey NarışkinForumun son dərəcə maraqlı və zəngin olacağını bildirən S.Narışkin deyib: “Biz diskussiyaların mövzuları və iştirakçıların tərkibi barədə razılığa gəldik. Plenar iclaslardan əlavə bir neçə panel iclası da olacaq. Onların sayını və adlarını deməyəcəyəm, lakin müəyyən maraq yaratmaq üçün 3 panel diskussiyasının adını çəkirəm: "İqtisadi inkişafın müasir modellərinin humanitar problemləri"; “Humanizmin fəlsəfi problemləri”; “Biotexnologiyalar və etika problemləri”. Bunlar çox ciddi, fəlsəfi, humanist mövzulardır. O diskussiyalarda bizim cəmiyyətlərin qarşısında, bəşəriyyət qarşısında duran suallara cavab verilməlidir".
R.Mehdiyev isə deyib ki, bu forumun orijinallığı onun bu qəbildən ilk forum olmasıdır: “Əvvəla, bu, beynəlxalq forumdur. İkincisi, bir amili xüsusi vurğulamalıyıq ki, bu forum iki prezidentin - Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə keçirilir, iki dövlət belə bir beynəlxalq forum keçirilməsi məsuliyyətini öz üzərinə götürüb. Orijinallıq da elə bundadır. Bizim ölkələrimizin prezidentlərinə qədər heç kəs bu ümumbəşəri, ümumdünya miqyaslı qarşılıqlı humanitar əlaqələr problemini dünya ictimaiyyətinin müzakirəsinin gündəliyinə daxil etməyib”.
Göründüyü kimi, Bakı forumunun gündəmində dərin fəlsəfi və humanitar problemlərin çıxarılması planlaşdırılır. Bəs belə forumun təşkil olunması Bakı və Moskvanın nəyinə lazımdır? Belə görünür ki, əsas məqsəd iki ölkə hakimiyyətləri arasında bağların necə sıx olduğunu göstərmək, həm də Rusiya və Azərbaycan hakimiyyətlərinin qlobal insani problemlərə necə qayğı ilə yanaşdığı barədə imic formalaşdırmaqdır. Son vaxtlar Azərbaycan hakimiyyəti tərəfindən tez-tez bu cür qlobal humanitar məsələlərə həsr olunmuş dəbdəbəli beynəlxalq forumlar təşkil olunur, ora xaricdən yüzlərlə qonaq çağırılır və bütün xərcləri ödənilir.
İndi isə Rusiya ilə birlikdə növbəti belə forum təşkil olunur. Görünür, Bakı və Moskvada hesab edirlər ki, bu cür tədbirlərlə beynəlxalq aləmdə insan haqlarının pozulduğu, korrupsiyanın geniş kök atdığı ölkə imicini dəyişmək mümkündür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR