Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Meksikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanla Latın Amerikası arasında rabitə rolunu oynayan Sakit okean: Sakit Okean Alyansı” mövzusunda dəyirmi masa keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Meksikanın Azərbaycandakı Səfiri Xuan Rodriqo Labardini Flores, Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Anxelika Steer və Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberq, Milli Məclisin üzvləri iştirak edib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bir-birindən uzaq məsafədə yerləşən ölkələr arasında münasibətləri tənzimləmək asan deyil: "Hədəflərdən biri humanitar sahədə əlaqələri genişləndirməkdir. Qida təhlükəsizliyi, nəqliyyat dəhlizləri məsələlərinə də önəm verilir. Erməni icmalarının təsirlərini də nəzərə alaraq, əlaqələri gücləndirmək lazımdır".
Meksikanın Azərbaycandakı Səfiri Xuan Rodriqo Labardini Flores çıxışında BMTM-nin fəaliyyətini yüksək dəyərləndirib: "Azərbaycanla Cənubi Amerika arasında kifayət qədər böyük məsafə var: 12 min km. Buna baxmayaraq, müttəfiqlik qurulub. Bu müttəfiqlik sadəcə ticarət məsələlərini deyil, bir çox sahələrdə əməkdaşlığı ehtiva edir. Alyansa daxil olan ölkələrin demək olar ki, yarısı Latın Amerikası ölkələridir.
Azərbaycan karbohidrogen yataqlarına malik önəmli ölkədir. Ümumiyyətlə, Sakit Okean Alyansı dünyanın diqqətini cəlb edib. Əksər ölkələr alyansa üzv olmaq istəyirlər".
Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberq bildirib ki, Çili 40 il əvvəl açıq qapı siyasətini yürütməyə başlayıb: "Azərbaycan da dünyaya açıq ölkədir. Sakit Okean Alyansı təsis edildiyi gündən etibarən ilk 10 illikdə Sakit Okean ölkələrinə diqqət var. Daha sonra əhatə dairəsi genişləndi. Azərbaycan olmaqdan şadıq. Yeganə ölkədir ki, müşahidəçi statusuna malikdir. Üzv dövlətlərin inteqrasiya üçün yanaşması praqmatikdir".
Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Anxelika Steer qeyd edib ki,11 il öncəki hədəflərə nail olunub:
"2020-ci ildə Kolumbiya alyans rəhbərliyini üstlənib. Pandemiyaya baxmayaraq, qarşıya qoyulan məqsədlərə nail olunub. Ticarət dövriyyəsi 4 milyon dollar təşkil edib. Biznes imkanlarının genişləndirilməsi üçün müvafiq tədbirlər görülür. Gender bərabərliyi, turizmlə bağlı məsələlər də diqqət mərkəzindədir".
Millət vəkili Jalə Əliyeva çıxışında müasir texnologiyanın uzaq məsafələri yaxınlaşdırdığını bildirib: "Meksika-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri olaraq təsdiq edə bilərəm ki, Meksika hər zaman Azərbaycana diqqət göstərib. Hər iki ölkə bir çox sahə bir-birinə töhfələr verib. Pandemiyaya baxmayaraq, parlamentarilər, diplomatlar ölkələr arasında dialoqun inkişafı üçün mühüm təkliflər veriblər. 44 günlük müharibədə də Meksika Azərbaycana dəstək oldu.
Azərbaycan bütün dünyaya açıqdır. İqtisadiyyat, idman, turizm, Qarabağda quruculuq işləri və başqa sahələrdə əməkdaşlığın güclənəcəyinə inanıram".
Millət vəkili Asim Mollazadə hesab edir ki, birgə fəaliyyətdə, xüsusilə, humanitar sahədə böyük potensial var: "Azad iqtisadi zonaya bir çox ölkələr, o cümlədən Latın Amerikası ölkələrini cəlb etmişik. Rusiya taxıl məhsullarının 60%-nin ixracatçısıdır. Niyə də qida əlçatanlığı baxımından Latın Amerikası ölkələri bu məsələdə birgə fəaliyyət göstərməsinlər?".
Qeyd edək ki, Bakıda ötən il Sakit Okean Alyansının ofisinin açılış mərasimi keçirilib.
Nigar HƏSƏNLİ,
Musavat.com






