İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın müttəfiqlərinin yaratdığı GUM-Bakıdan reaksiyalar

1303 26.05.2021 09:10 Gündəm A A

Rusiya nəşrləri mayın 18-də Kiyevdə elan edilmiş GUM-un (Gürcüstan, Ukrayna, Moldova) “anti-Rusiya ittifaqı” kimi, həm də ABŞ-ın xeyir-duası ilə yaradıldığı haqda hay-küy qaldırıblar ki, bu da səbəbsiz deyil. Çünki yeni ittifaq ABŞ dövlət katibinin Kiyevə səfərindən dərhal sonra yaradılıb.

Üç ölkənin xarici işlər nazirləri ortaq memorandum imzaladıqdan sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Avropa Birliyinə inteqrasiya ölkələrin suveren seçimidir və heç bir dövlət bu seçimi dəyişdirə bilməz. Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani isə əlavə edib ki, Avropa Birliyi ilə assosiativ sazişi imzalamış hər üç ölkə inteqrasiyanı daha da əhatəli etmək, əməkdaşlığın dərinləşməsi və təhlükəsizlik məsələlərini hədəfləyir. Bu, çoxdan fəaliyyəti gözə dəyməyən GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) taleyini gündəmə gətirib.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə keçirilən beynəlxalq konfransda bu qurum haqda danışıb. Prezident deyib ki, Ukraynanın o zamankı prezidenti Viktor Yuşşenkonun təklifi ilə yaradılan GUAM-ın gündəliyi çox geniş idi və o, çox yaxşı xatırlayır ki, onun Ukraynada prezidentliyi dövrü bəlkə də GUAM-ın fəal dövrü olub: “Biz hər il mütəmadi olaraq müxtəlif paytaxtlarda sammitlər keçirirdik, qeyri-rəsmi müzakirələrimiz olurdu. Biz, həqiqətən də bu təşkilatın çox fəal inkişaf dövrünü yaşayırdıq. Bir çox hallarda bəzi başqa ölkələrin prezidentləri də bizə qoşulurdu, bu isə təşkilatın cəlbedici olduğunu göstərirdi. Lakin əziz dostum Viktor da çox yaxşı bilir ki, GUAM-da aparıcı rolu məhz Ukrayna oynayıb. Ona görə də o, hakimiyyətdən gedəndən sonra siyasi gündəlikdə baş verən dəyişikliklər faktiki olaraq təşkilatın vəziyyətinin bir qədər pisləşməsinə gətirib çıxardı. O, Ukraynanın xarici siyasətinin prioritetlərindən biri olmağı dayandırdı. Bu səbəbdən də biz yavaş-yavaş GUAM-ın əvvəlki dinamikasını itirdiyini görməyə başladıq. Daha az görüş keçirilir, təmaslar və birgə layihələr daha azdır”.

Prezident əlavə edib ki, GUAM-ın bundan sonrakı taleyi Ukraynanın xarici siyasətinin prioriteti olub-olmamasından asılı olacaq. Kiyevin isə indi “üçlər” ittifaqı yaratması GUAM-ın taleyi ilə bağlı pessimist düşüncələri artırıb. Yeni ittifaqın yaradılması GUAM-ın “dəfn edilməsi” deməkdir? Əgər belə deyilsə, GUM-un fonunda GUAM-ın taleyi necə olacaq?

Dekabrdan sonra sülh müqaviləsi” gözləntisi - İrəvan və Bakıda rəsmi  reaksiya\

Elşən Mustafayev: “GUAM işlək bir qurum kimi funksiyasını itirmişdi”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev yeni təşkilatın yaradılmasından rəsmi Bakının əvvəlcədən xəbərdar olduğunu düşünür: “GUAM-da təmsil olunan 3 ölkənin - Ukrayna, Gürcüstan və Moldavanın yeni ittifaq yaratması son illər Avropada gedən proseslərin, regionda yaranmış vəziyyətin məntiqi nəticəsi idi. İctimaiyyətə qapalı olsa da, düşünürəm ki, Azərbaycan rəsmilərinin bu ittifaqın yaranacağı ilə bağlı öncədən məlumatı olub. Hətta çox güman ki, müzakirələr, fikir mübadiləsi də aparılıb. Prezident İlham Əliyev də etiraf edir ki, son illər GUAM çox zəifləmişdi və yarandığı ilk illərdən fərqli olaraq daha az tədbirlər keçirirdi və s. Yəni GUAM işlək bir qurum kimi funksiyasını itirmişdi və yeni bir formatın yaradılacağı gözlənilən idi. Hesab edirəm ki, bu günün reallıqlarından irəli gələrək Azərbaycan bu ittifaqda təmsil olunmayıb. Məlumdur ki, 44 günlük müharibədən sonra baş verənlər Azərbaycanı hədəflərinə çatmaq üçün bir müddət mücadilə etməyə məcbur edəcək. Belə bir zamanda prosesi sona catdırmağa mane olacaq gücə malik Rusiyanı qıcıqlandırmaq təhlükəlidir. Ukraynanın da, Gürcüstanın da Azərbaycana münasibətləri çox yaxşıdır və 44 günlük müharibə dövründə ortaya qoyduqları mövqe təqdirəlayiqdır. Moldova ilə də münasibətlər yaxşıdır və bu ölkə də Rusiyanın caynağından qopmaq üçün yollar axtarır. Əminəm ki, bundan sonra bu dövlətlərlə münasibətlər, əlaqələr əvvəlki kimi davam edəcək. Bu təşkilatın yaranmasında hər 3 dövlətin maraqları ilə yanaşı Qərbin, ABŞ-ın maraqlarının olması şübhəsizdir. Hər 3 dövlət Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. Moldovada Qərbin dəstəklədiyi və rusiyameylli Dodon üzərində qələbə çalan Maya Sandu prezidentdir, Ukrayna rəhbərliyinin Rusiyaya münasibəti öncədən məlumdur, Gürcüstanda isə İvanişvili komandasının hakimiyyətdə olmasına baxmayaraq, Saakaşvili zamanından təməli qoyulmuş, əhalinin əksəriyyətinin dəstəklədiyi Aİ-yə inteqrasiya siyasəti davam edir və bu siyasətdən yayınmaq isə hazırda imkansızdır. Yəni hər 3 ölkənin aşağı-yuxarı Rusiya ilə ciddi problemləri mövcuddur və gələcəkdə bu ölkələrin Rusiya əleyhinə birgə fəaliyyəti və bu fəaliyyəti Qərbin dəstəkləyəcəyi şübhəsizdir. Azərbaycanda isə dediyim kimi, situasiya hazırda fərqlidir. Biz Avropa İttifaqı ilə sazişi hələ bağlamamışıq, Qarabağ problemi ilə bağlı ortada çoxlu suallar mövcuddur və bu sualların cavablarının əksəriyyəti Rusiyadadır. Eyni zamanda Avropa Parlamentinin və bir sıra Avropa qurumlarının işğal altındakı torpaqlarımızın böyük hissəsini qaytarmağımızı haqsız olaraq aqressiv qarşılaması və ədalətsiz yanaşması düşünürəm ki, Azərbaycan hakimiyyətini bu qurumda təmsil olunmaqdan çəkindirib. Ona görə də hər 3 dövlətin mövcud situasiyanı qəbul edib anlayışla qarşılamasına inanıram. Bir məsələni də vurğulayım ki, gələcəkdə Azərbaycan istəyəcəyi halda bu təşkilatın qapıları hər zaman üzümüzə açıq olacaq”.

90f8a1f6-9c1c-47fd-9d80-c6d11917.jpg (15 KB)

Azər Hüseynov: “Bu bir daha Azərbaycanın yanaşmasının praqmatikliyini göstərir”

Siyasi şərhçi Azər Hüseynovun da fikirləri çox diqqət çəkir: “44 günlük Vətən müharibəsi nəinki Qafqazda, o cümlədən regionda və xüsusən Avrasiya məkanında reallıqları dəyişdirdi. Azərbaycanın mərkəzində dayandığı çevik müzakirə və iş formatı dayandı. Hər nə qədər format daxilində Rusiya, Türkiyə və Azərbaycan arasında fikir fərqləri olsa, iqtisadi dividentlər və beynəlxalq situasiya baxımından daha işlək formatdır. Burada Türkiyə-Rusiya AES tikintisi əməkdaşlığı, Zəngəzur dəhlizinin açılışı ilə daha cazib yol infrastrukturunun formalaşması diqqəti cəlb edir. Bu üçlü format beynəlxalq miqyasda Avropa İttifaqı kimi post-müharibə amerikançı layihədən ayrılan Britaniya tərəfindən dəstəklənir. Zəngəzur dəhlizinin açılması Avrasiya ticarət yollarına ABŞ-ın təsir imkanlarını azaldır. ABŞ isə öz növbəsində Avropa İttifaqını önə verərək geosiyasi proseslərin gedişinə təsir etmək imkani əldə etmək istəyir. Maraqlıdır ki, yeni yaranan GUM da bunun layihəsi kimi ortaya çıxır. Hər üç ölkənin problemi çevik xarici siyasət formatından məhrum olmaları, eyni zamanda tam müstəqil siyasi hakimiyyətə malik olmamalarıdır. İstər Zelenski, istər digər iki həmkarı ABŞ-ın ciddi təsirinə məruz qalırlar. Rusiyaya qarşı xarici amillərdən istifadə etmək əvəzinə onlar istifadə edilirlər. Bu bir daha Azərbaycanın yanaşmasının praqmatikliyini göstərir. Qonşumuz Gürcüstana gəldikdə isə onu Zəngəzur dəhlizi qorxudur ki, özünün tranzit əhəmiyyəti azalsın. Bəlkə də bu qorxusu səbəbilə ondan müttəfiqləri yenə istifadə edirlər. GUM-u quran dövlətlərin ciddi siyasi mərkəzi hakimiyyətə sahib olmaması qurumun taktiki vasitə olduğunun göstəricisidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR