İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Mehridən keçən dəmir yolunu azad etmək hüququ var – rəsmi qurumlardan reaksiyalar

7111 30.04.2019 09:30 Gündəm A A

XİN sözçüsü Leyla Abdullayeva: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Cəbrayıl və Zəngilan rayonlarında yerləşən Azərbaycan Dəmir Yollarının mülkiyyəti viran edilib”

Ermənistanın ərazilərimizi işğal etməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi ziyanın həcmi 900 milyard dollara yaxındır.  İşğalın nəticələrini araşdıran Qiymətləndirmə Komissiyası öz tərəfindən faktları təqdim edib. Hərbi Prokurorluğun yaydığı məlumatda isə bildirilib ki, aparılan araşdırmalar zamanı işlər üzrə ümumilikdə 75 mindən artıq istintaq hərəkəti icra edilib, 296 şəxsin cinayətləri sübuta yetirilib.

Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycan ona dəymiş maddi zərərin ödənilməsi üçün beynəlxalq arbitraja müraciət etməlidir. Beynəlxalq səviyyədə işğalın nəticələrindən danışılarkən adətən, Dağlıq Qarabağ və ətraf 7 rayondan bəhs olunur. Ancaq Ermənistanın işğalı digər əraziləri də əhatə edir. Hələ Qarabağda gərginlik ocağı yaradılmazdan öncə müxtəlif bəhanələrlə Azərbaycandan qoparılmış min hektarlarla ərazini bir tərəfə qoyuruq. Ermənistan öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın hüdudlarından çox-çox uzaqlarda yerləşən Qazax rayonunun 7 kəndinin əhalisini hələ 90-cı illərdən bəri soyqırıma məruz qoyub və işğalda saxlayır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kərki kəndi on illərdir işğal altındadır. Lakin dünya birliyi nədənsə Ermənistanın bu əraziləri zəbtinin üstündən sükutla keçir. İşğalın nəticələrindən danışılarkən unudulan bir ünvan da var – söhbət Azərbaycana məxsus dəmir yollarından gedir. Erməni işğalı nəticəsində ölkəmizin dəmir yolu sistemi də az zərər görməyib. İnternet resursları hesabına bu mövzuda bəzi məlumatlar əldə etdik. Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 km. sahəsi işğal altına düşmüşdür: Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km. İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 060 min ABŞ dolları məbləğində ziyan dəyib. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir: Lokomotiv təsərrüfatı üzrə - 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalmış, təqribən 14 mln. ABŞ dolları həcmində ziyan dəyib. Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 mln. 860 min ABŞ dolları məbləğindədir.

Bundan əlavə, yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı - 10 mln. 250 min ABŞ dolları təşkil edir. Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 12 mln. 350 min ABŞ dolları məbləğindədir.

Rabitə və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 3 mln. 600 min ABŞ dolları təşkil edir. Bura daxildir: 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz, Mincivan-Xurama sahələrində olan birxətli avtomatik bloklama sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi.

Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonunu işğal etməklə Ermənistan Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəmizi kəsib. Eyni zamanda bir fakt unudulur ki, Naxçıvan istiqamətinə aparan dəmir yolu da Azərbaycanın mülkiyyətinə daxildir və faktiki olaraq işğal olunmuş ərazilər sırasına daxildir. Yəni günün birində Azərbaycan ordusu antiterror əməliyyatına, yaxud ərazilərimizin işğalçılardan təmizlənməsi prosesinə başlasa, o halda Mehridən keçən dəmir yolu xəttini də açmaq hüququna malikdir. Bəs Azərbaycanın rəsmi qurumları bu ərazilərin işğalçılardan azad olunması istiqamətində hansısa addımlar atırmı? Aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılırmı?

Naxçıvana aparan - hazırda işğal altında olan - Mincivan-Mehri dəmir yolu xətti Azərbaycan dəmir yollarının balansındadır. Sovet vaxtı da Ermənistandan keçən 43  km-lik yol Azərbaycanın balansında olub. XİN bu xəttin açılması, Naxçıvanla birbaşa əlaqənin qurulması və ya Azərbaycanın tabeliyinə qaytarılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edibmi, yaxud bununla bağlı addım atıla bilərmi?

Ä°lgili resim

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Yeni Müsavat”un sorğusuna cavab olaraq bunları bildirdilər: “Horadiz-Ordubad sahəsində yerləşən dəmir yolu və onun infrastrukturu, o cümlədən Ermənistan Respublikası ərazisindən keçən 43,4 km dəmir yolu xətti Sovet İttifaqı dövründə Azərbaycan Dəmir Yollarının balansında olmuşdur. Dağlıq Qarabağ müharibəsinin başlanması və dəmir yolu xəttinin keçdiyi ərazilərin işğal altına düşməsi ilə əlaqədar olaraq Horadiz-Ordubad xəttinin istifadəsini mümkünsüz etmişdir. Qeyd edilən dəmir yolu xəttinin və ona aid infrastrukturun geri qaytarılması ilə bağlı hər hansı beynəlxalq quruma müraciət olunub-olunmaması ilə bağlı məlumatımız yoxdur”.

Sevinc Qədirova: "Horadiz-Ordubad sahəsində yerləşən dəmir yolu və onun infrastrukturu, o cümlədən Ermənistan Respublikası ərazisindən keçən 43,4 km dəmir yolu xətti Sovet İttifaqı dövründə Azərbaycan Dəmir Yollarının balansında olmuşdur"

Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə açıqlamasında bunları söylədi: “Məlum olduğu kimi, 1991-ci ilə qədər Araz çayı boyunca Ermənistan SSR-in üzərindən keçən və Naxçıvana aparan dəmir yolu xətti, habelə Zəngilan rayonundakı Mincivan stansiyasından başlanan və Ermənistan SSR-dəki Qafan stansiyasına qədər davam edən digər qısa xətt SSRİ Dəmir Yolları Nazirliyinin tabeçiliyində olmuş Azərbaycan Dəmir Yolunun balansında idi. Lakin o da hamıya məlumdur ki, SSRİ-nin süqutundan və Cənubi Qafqaz ölkələrinin müstəqilliyi əldə etdiyi andan etibarən Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı təcavüzkar və işğalçı siyasət yürüdür.

Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva i ile ilgili görsel sonucu

Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin olmadığı bir halda, Ermənistan Respublikasının Mehri rayonunun ərazisində sovet dövründən qalmış dəmir yolu infrastrukturu üzərində nəzarətin aparılması və onun istismarı məsələsi praktiki müstəvidə müzakirə mövzusu olmayıb. Onu da qeyd etmək olardı ki, beynəlxalq təcrübədə bu cür məsələlər adətən ikitərəfli qaydada öz həllini tapır”. XİN rəsmisi digər məqamı da xüsusi vurğuladı: “Bununla yanaşı, nəzərə alınmalıdır ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Cəbrayıl və Zəngilan rayonlarında yerləşən Azərbaycan Dəmir Yollarının mülkiyyəti viran edilib və nəticədə hazırda Horadiz stansiyasından Ermənistan Respublikasının sərhədinə qədər dəmir yolu xətləri də istismar olunmur. Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində müvafiq mərhələdə dəmir yolu və digər nəqliyyat infrastrukturunun bərpa edilməsi və istifadəyə yararlı hala qaytarılması dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının ərazilərində sözügedən məsələlərin mərhələli şəkildə həll olunmasından sonra digər məqamlar da müvafiq qaydada nəzərdən keçirilə bilər”.

Hər halda, mövzunu danışıqlar masasına çıxarmağın yalnız və yalnız faydası var. Ermənistan yeni ərazilərimizə iddia edirsə, biz niyə dövlətimizin balansında olan dəmir yolları ilə bağlı məsələ qaldırmayaq?..

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR