İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Ermənistana sülhlə bağlı yeni təkliflərinin detalları nədir? - rəylər

2192 09.02.2023 09:10 Siyasət A A

Danışıqların növbəti raundu başlayır, rəsmi İrəvanın açıqlamasına Bakıdan operativ və konkret cavab verildi; Fransa isə bölgəyə jandarma qrupu yollamaq istəyir; Sahib Alıyev: “Hazırda regionda sülhə ən böyük maneə məhz Fransadan gəlir”

2023-cü ilin ilk günlərində belə pozitiv rəylər verildi ki, cari ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, bu yöndə ən azı çərçivə sazişi imzalana bilər. Prezident İlham Əliyev də çıxışlarından birində buna ümidlə yanaşdığını qeyd edib.

Nəzərə çatdıraq ki, Azərbaycan 2022-ci ildə Ermənistana 5 bənddən ibarət təklif vermişdi. 2022-ci ilin avqustunda belə açıqlamalara rast gəlinirdi ki, bu təkliflər üzrə razılaşdırılmayan məqamlar çox azdır və ilin sonunadək müqavilə imzalana bilər. Belə bir ərəfədə Ermənistan xarici təsir dairələrinin təhriki ilə sərhəddə təxribatlar törətdi və nəticədə 12-14 sentyabr hadisələri yaşandı, bununla da proses tormozlandı. Son informasiyalar onu deməyə əsas yaradır ki, sülh danışıqları üzrə növbəti proses başlayıb. Ermənistanın xarıci işlər naziri Ararat Mirzoyan Almaniya xarici işlər naziri Annalena Berbokla Berlində görüşü zamanı deyib ki, İrəvan bu günlərdə sülh razılaşması ilə bağlı Azərbaycandan təkliflər alıb. Sitat: “Rəsmi İrəvan təklifləri nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir”.

Artıq rəsmi Bakıdan məsələyə reaksiya verilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə media nümayəndələrinin sualına cavabında Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın danışıqlar prosesinə maneçilik törətdiyinə dair iddiasına münasibət bildirib. Musavat.com-un xəbərinə görə azərbaycanlı diplomat bildirib: “Öncə qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib. Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin bu bəyanatından göründüyü kimi, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır. Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”.

Şübhəsiz ki, konfidensiallıq baxımından yeni təkliflər razılaşma əldə edilməyənə qədər detallarla bağlı rəsmi açıqlamanın verilməsi məqbul sayıla bilməzdi. Sadəcə, ümumi mahiyyət və məzmun, reallıqların ehtiva etdiyi məsələlərdən danışıla bilərdi ki, rəsmi Bakı mümkün olanı edib.

Bu məqamda rəsmi İrəvanın iddialarına Rusiyadan maraqlı reaksiya gəlib. “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı olaraq qalır. Ona BMT mandatı verməyə ehtiyac yoxdur”. Musavat.com bildirir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib. İliçev bunu onunla izah edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında Rusiya sülhməramlılarının fəaliyyət üsulları artıq müəyyən edilib. “Bu məsələdə mübahisənin iştirakçıları arasında konsensus var”, - İliçev qeyd edib. Ekspert bu faktı açar adlandırıb. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının fəaliyyəti həm Ermənistan, həm də Azərbaycan tərəfindən dəstəklənir. “Ərazinin yekun statusunun qeyri-müəyyənliyi kontekstində bu, əsas əhəmiyyət kəsb edir”, - diplomat əminliklə əlavə edib.

Erməni mediası bu mövzudan bəhs edərkən xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər Qarabağdakı Rusiya sülhməramlılarının mandatının müddəti bitdikdən sonra regiona beynəlxalq sülhməramlı kontingentin göndərilməsi zərurətini irəli sürüb və rəsmi Moskvanı Rusiya sülhməramlılarına bu mandatın verilməsi məsələsinə də baxmağa təşəbbüs göstərməyə çağırıb. Bundan sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov beynəlxalq sülhməramlıların cəlb edilməsi üçün münaqişənin bütün tərəflərinin razılığının vacibliyini qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl KTMT missiyasının da bölgədə yerləşdirilməsi istiqamətində müzakirələr açılmışdı. Ötən gün isə Fransanın Ermənistan-Azərbaycan sərhədinə jandarm qüvvələrini göndərəcəyi barədə məlumat yayıldı. Azpost.info bildirir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Haqqın.az-a bildirib. Məlumata görə, Avropa İttifaqının mülki missiyanın 100 nəfərlik tərkibinə 70 nəfərlik Fransa jandarmı daxil edilib.  Belə bir məlumatın Paşinyan-Makron telefon danışığından sonra tirajlanması da təsadüfi deyil. Ermənistan bir tərəfdən sülh prosesindən danışır, digər tərəfdən sülhü tormozlayacaq anlaşmalara gedir. 

Bəs ekspertlərimizin yeni təkliflərin açıqlana biləcək detallarına dair bilgiləri, ehtimalları nədən ibarətdir? Ümid edə bilərikmi ki, sülh danışıqları üzrə başlayan növbəti mərhələdə, raundda konkret nəticələr əldə olunacaq? Yeri gəlmişkən, burada onu da xatırlatmaq yerinə düşər ki, bir müddət öncə sülh danışıqlarının yeni ünvanının Gürcüstan olacağı bildirilirdi.

Bu arada - fevralın 8-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar baş nazir İrakli Qaribaşvili ilə görüşünün detallarını açıqlayıb.

APA-nın Tiflis müxbiri xəbər verir ki, Toivo Klaar Gürcüstanın İctimai kanalına açıqlamasında İrakli Qaribaşvili ilə Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərini müzakirə etdiyini bildirib.

Klaar Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlığın daha da artacağına ümidvar olduğunu qeyd edib. Əlavə edib ki, bölgədə sülhün əldə edilməsi üçün hər üç ölkənin birgə səy göstərməsi vacibdir.

“Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhü təşviq etməsi çox vacibdir və burada Azərbaycan və Ermənistan arasında körpü rolu oynayan Gürcüstan çox önəmlidir. Baş nazir və mən bu məqsədlə atılmış addımları müzakirə etdik və mən ümid edirəm ki, gələcəkdə bu istiqamətdə Aİ ilə Gürcüstan, Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında daha çox əməkdaşlıq olacaq”, - deyə xüsusi nümayəndə bildirib.

Toivo Klaar Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin vacib olduğunu, Gürcüstanın hələ də müxtəlif formatlarda yüksək səviyyəli görüşlərə ev sahibliyi edə biləcəyini deyib. Əlavə edib ki, eyni məkanda yerləşən hər üç ölkə nəqliyyat, enerji, ətraf mühitin mühafizəsi kimi digər sahələrdə əməkdaşlıq etməyə çalışmalıdırlar.

“Mən bunun üçün həm indi, həm də gələcəkdə böyük potensial görürəm”, - Klaar bildirib.

Gözləmək olarmı növbəti müzakirələr Tiflisdə aparılacaq?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, detallarla bağlı dəqiq məlumatı yoxdur: “Amma fikrimcə, burada söhbət Ermənistanın təklifinə cavabdan gedir. Cavab da aydındır ki, yenə həmin o 5 prinsipdən ibarət olacaq. Ermənistanın xarici işlər nazirinin hansısa təklifləri dəyərləndirmələri fikrinə gəldikdə, bu, vaxt uzatmaqdan başqa bir şey deyil. Danışıqları indiyədək intensivləşdirən irəli sürdüyü təşəbbüs, verdiyi təklif və atdığı addımlarla Azərbaycan olub. Addımlar deyərkən mən qarşı tərəfə tezliklə sülhə gedilməsə, daha acı reallıqlarla üzləşə biləcəklərinin anladıqları dildə onlara çatdırılmasını nəzərdə tuturam”.

S.Alıyev hesab edir ki, hazırda regionda sülhə ən böyük maneə məhz Fransadan gəlir: “Ona görə də mən qarışıq subyektliyini ona-buna icarəyə vermiş Ermənistan rəhbərliyinin sülhlə bağlı heç bir açıqlamalarını ciddi qəbul etmirəm”.

Maraqlıdır, Qarabağa konkret təlimatla göndərilmiş Rusiya canişini Ruben Vardanyanın Moskvaya qaçmasından sonrakı proseslər nə vəd edir? S.Alıyev: “Vardanyan, ümumiyyətlə, heç kimdir, bizim ona yanaşmamız baxmayaraq ki, yumşaq desək, keyfiyyətsizin biridir, heç də şəxsi kimliyi ilə bağlı deyil. Obrazlı desək, regionda sülhə maneçilik törədən səbəb Fransanın "Charlie Hebdo"luq, Moskvanın isə Vardanyanlıq etməsidir. Yəni Vardanyanı önə çıxarıb bu dələduzun əli ilə suverenliyimizə qarşı yönələn dələduz cəhdləri biz rədd edirik, sir-sifətindən harınlıq tökülən və öz millətinə deyil, milyardına, həmən milyardı onu qazandıranlara xidmət edən bu hay özü də əslində böyük məmnuniyyətlə Xankəndinə qayıtmaq istəməzdi. Mən belə fikirləşirəm ki, Vardanyan var gücü ilə moskvadakıları inandırmağa çalışacaq ki, Azərbaycanla yanaşı, Ermənistan rəhbərliyi də onu Qarabağada görmək istəmədiyindən yaxşı olar ki, yerinə yetirməli olduğu “missiya” başqasına tapşırılsın".

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə konkret addımlara ümid etmir: “Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Ölkəmizin mövqeyi belə idi ki, Azərbaycan bundan sonra bölgədə hansısa hərc-mərclik və eyni zamanda qarşıdurma istəmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ölkəmizin sülh potensialı 5 vacib nəticəyə təsir edir: Birinci, bundan sonra bölgədə regional əhəmiyyətli böyük layihələrdə Güney Qafqaz tam iştirak edir; ikinci, Ermənistanın xarici gec faktorlarından asılılığı sona çatacaq; üçüncü, Azərbaycan mərkəzli yeni geostrateji rıçaq yaranacaq; dördüncü, bölgəyə xaos vəd edən tendensiyalar bitəcək; altıncı, regional rifah yüksələcək və bütün tərəflər bundan maksimum yararlanacaq”.

T.İsmayılov qeyd etdi ki, Azərbaycan ilkin olaraq 5 maddəlik təklif göndərib: “Bundan sonrakı mərhələdə əlavə şərtlər də ola bilər. Hər halda, delimitasiya və sülh məsələsində irəliləyiş əldə etmək üçün Ermənistan işğalda saxladığı Qazax kəndlərindən və Kərkidən çıxmalıdır. Düşünürəm ki, bu məsələ əsas şərtlərdən biridir. Azərbaycan sülh üçün Ermənistana son şans olaraq bu ili göstərib. Ermənistan qurtulmaq və ayaqda durmaq istəyirsə, Azərbaycanın şərtlərini qəbul etməlidir. Bundan başqa, Gürcüstanın artıq əsas güc və nizamlayıcı kimi rolu var. Rəsmi Tiflis bu kontekstdə önəmli aktordur. Artıq Gürcüstan moderatorluğunun real nəticələrini görəcəyik”.

Elxan Şahinoğlu: “Mütləq mənada Türkiyə ilə birgə hərəkət etməliyik”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə mövzu ilə bağlı bunları açıqlayıb: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfər etdiyi Berlində bildirib ki, Bakı İrəvana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib və indi Ermənistan hakimiyyəti onlara baxır. Azərbaycan Xarici İşlər Nazirliyi ötən ilin mart ayında da İrəvana 5 baza prinsipinə əsaslanan təkliflərini göndərmişdi. Həmin təklifləri xatırlayaq: 1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması”.

E.Şahinoğlu qeyd edib ki, rəsmi Bakının göndərdiyi yeni təkliflər də böyük ehtimalla bu 5 baza prinsipinə əsaslanıb: “Bu təkliflərə kiçik əlavələrin olunması istisna deyil. Bu əlavələr 5 baza prinsipinin mahiyyətini dəyişdirməyib. Ötən il İrəvan bu təkliflərə müsbət cavab vermədi və bununla özünə ziyan etdi. Çünki İrəvan təklifləri qəbul etmədiyini bildirdikdən təxminən 6 ay sonra iki ölkənin təmas xəttində döyüşlər baş verdi və Azərbaycan Ordusu strateji yüksəklikləri ələ keçirməklə mövqelərini gücləndirdi. Ermənistan hakimiyyətinə yeni bir şans verilir. Nikol Paşinyan onsuz da etiraf edib ki, Qarabağ yükünü daşıya bilmir. Paşinyan Bakının yeni təkliflərini qəbul edərsə, bölgə sülhə yaxınlaşar və real əməkdaşlıq başlayar. Paşinyanın Bakının təkliflərini qəbul etməyə heç nə mane olmur. ”Qarabağ klanı"nın timsalında Ermənistan müxalifəti zəifdir, lidersizdir. Buna baxmayaraq, Paşinyanın ötən dəfə olduğu kimi rəsmi Bakının təkiflərinə özünün məntiqsiz təkliflərini əlavə etməsi ehtimalı yüksəkdir. Belə olan halda yenə nəticə əldə olunmayacaq".

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR