İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın enerji sahəsi uzun illər əsas gəlir mənbəyimiz olacaq - proqnoz

722 23.07.2020 10:20 İqtisadiyyat A A

İlham Şaban: “Yaxın onillikdə neft-qaz sektorundan illik ən azı 7-8 milyard dollar gəlir əldə olunacaq”

İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev çıxışında neft gəlirlərinin Azərbaycan iqtisadiyyatındakı rolu barədə danışıb. Bildirib ki, bütün bu sosial layihələr, DOST xidmətinin fəaliyyətə başlaması həm ideya, innovasiya, siyasət, eyni zamanda vəsait tələb edir: “Sirr deyil ki, bizim vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir”.

Dövlət başçısı qeyd edib ki, bu, Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olub: “Təsəvvür edin, əgər bizim neft-qaz kəmərlərimiz olmasaydı və xarici şirkətlər Azərbaycan neft-qaz sənayesinə milyardlarla dollar pul qoymasaydılar, biz indi nəyin hesabına yaşayacaqdıq? Bu səviyyədə yaşaya bilərdikmi? Əlbəttə ki, yox. Öz haqlı işimizi beynəlxalq arenada bu dərəcədə müdafiə edə bilərdikmi? Əlbəttə ki, yox. Ona görə Ulu Öndərin xalq qarşısında xidmətləri arasında bu sahə xüsusi yer tutur. Biz məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaratmışıq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyuruq. Biznes, özəl sektor buna görə inkişaf edir. Hər kəs bunu bilməlidir ki, bu gün və bundan sonrakı illərdə qeyri-neft sektoru nə qədər inkişaf edirsə-etsin, bizim əsas gəlir mənbəyimiz enerji sektorudur - neft və bu gün qaz. Ona görə bu, bizim üçün strateji əhəmiyyətli sahədir. Əlbəttə, mən çalışıram və bundan sonra da çalışacağam ki, bu sahə inkişaf etsin. Biz yeni neft kontraktlarının, yeni layihələrin işə düşməsi nəticəsində uzunmüddətli inkişafımızı təmin edəcəyik.

Qeyd edək ki, Azərbaycanda neft gəlirlərinin dövlət büdcəsində payı həmişə yüksək olub. Elə bu il üçün dövlət büdcəsinin 24 milyard manatlıq gəlirlərinin 11 milyard 350 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edəcək. Bundan əlavə, neft-qaz sektorunda çalışan şirkətlərdən mənfəət vergisi və digər vergilər formasında da büdcəyə xeyli həcmdə vəsait daxil olur. Bu ilin 6 ayında Neft Fondundan dövlət büdcəsinə 5 milyard 675 milyon manat köçürülüb.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban ...

Araşdırmaçı-ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ölkənin əsas gəlirlərinin neft-qaz sektorundan olması reallıqdır: “Prezident situasiyanı çox gözəl dəyərləndirir. Baxmayaraq ki, Nazirlər Kabinetinin iclasında 2012-ci ildən bəri heç bir vaxt hesabat dinlənilməyib. Əsas diqqət yönəldilib qeyri-neft sektoruna, bu sektorun inkişafının zəruriliyi Azərbaycan xalqının diqqətinə çatdırılıb. Lakin bütün bunlara rəğmən, enerji sektorundan gəlirlər ölkə iqtisadiyyatında böyük payını saxlamaqdadır. 2020-ci il tarixə çox qeyri-sabit, proqnozlaşdırılması mümkün olmayan bir il kimi düşməkdədir. Bu baxımdan neft bazarında xüsusilə ağır problemlər yaşandı. İlin əvvəlində orta neftin qiyməti 68 dollar idisə, cəmi 3 aydan sonra 20 dollara qədər ucuzlaşdı. Azərbaycan nefti 15,9 dollara qədər qiymət enişi yaşadı. Belə bir ildə ilk yarımilin yekunlarına əsasən Dövlət Neft Fonduna 2,4 milyard dollar xalis mənfəət daxil olub. Bütövlükdə ilin yekununda mənfəət 4,5-5 milyard dollara çata bilər. Bu o zaman baş verib ki, İkinci Dünya müharibəsinin ikinci ilindən bəri ilk dəfə olaraq son 3 ayda Azərbaycanda neft istehsalı inzibati yollarla azaldılır. İlin sonunadək hasilat ötən illə müqayisədə 2 milyon tondan çox azalacaq. İlin birinci yarısında artıq 1 milyon ton azalma qeydə alınıb. Bu azalma ikinci yarımildə də davam edəcək”.

Ekspert bildirir ki, ötən il neft-qaz sektorundan mənfəət gəlirləri 8,6 milyard dollar təşkil edib: “Bu, kifayət qədər böyük rəqəmdir. Çünki Azərbaycanın qeyri-neft sektorundan ixracımız 1,7-1,8 milyard dollara güclə çatır. Bundan nə qədərinin mənfəət olduğunu açıqlamırlar, lakin aydın məsələdir ki, ixracın ümumi həcmindən aşağı bir məbləği əhatə edir. Çox təəssüf ki, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası, yaxud Maliyyə Nazirliyi hər ilin yekununda qeyri-neft sektoru üzrə əldə olunan mənfəəti hesablayıb açıqlamırlar. Yaxın 10 ildə neftin orta qiyməti 50 dollar olarsa, Azərbaycanın neft-qaz sektorundan əldə edəcəyi illik mənfəət 7-8 milyard dollar ətrafında olacaq. Bu, hələ pessimist ssenaridir. Gəlin görək, qeyri-neft sektorundan mənfəətimiz nə zaman bu həddə çata bilər? Bu gedişlə yaxın onilliklərdə buna nail olunması real görünmür. Bizim neft-qaz sektorunda həyata keçirilən meqalayihələrimiz qeyri-neft sektorunun da inkişafına təkan verir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR