İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın əlində əsir-yesir qalan Ermənistan - indi Bakıdan hərbçi aparmağa sevinirlər...

488 21.12.2021 10:40 Siyasət A A

Daha 10 hərbçisi Bakıdan aparılan İrəvanın “Böyük Ermənistan”, “dənizdən-dənizə” xülyaları darmadağın olub, nəyə sahib olduqlarını dərk edirlər; ekspert: “Özləri haqda ”ən qədim xalq", “məğlubedilməz ordu” mifləri yaratmışdılar"

Ermənistan son iki ilini kabus kimi yaşamaqdadır. Bu ölkənin ifrat millətçiləri, saxta tarix yazan müəllifləri və himayə edən gücləri onları illərlə o dərəcə miflərə inandırmışdılar ki, indi başlarına gələnlərin isterikasından çıxa bilmirlər. “Yeni Müsavat” yazır ki, faktiki olaraq rəsmi İrəvan bütün beynəlxalq platformalarda uduzmaqdadır. Hətta baş nazir Nikol Paşinyan son ümid yeri olan Brüssel zirvəsindən də məyus qayıtdı və ictimaiyyəti aldatmaqla məşğuldur. Halbuki ermənilər anlamağa başlayırlar ki, 90-cı illərin Azərbaycanı deyil və onunla yalnız xahiş-yalvarış leksikonunda danışmaq olar. Elə Avropa İttifaqının təşəbbüsü ilə daha 10 erməni terrorçunun Ermənistana təhvil verilməsi də məhz Bakıya müraciətlərin nəticəsidir. Onları İrəvana təyyarədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar müşayiət edib.

Bu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun gücləndiyinin bariz sübutudur. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin qalib ölkə rəhbəri olaraq alicənablığını, humanistliyini göstərir. Ermənistan hakimiyyəti - Azərbaycanın 20 faiz torpaqlarını 28 il işğalda saxlayan, 1 milyona yaxın vətəndaşımızı ata-baba yurdundan didərgin salan bu ölkə, indi Prezident Əliyevə yalvarır ki, onun hərbçilərini azad etsin, təhvil versin. Bu, ermənilərin yuxudan ayılmasıdır, Rusiyaya, Qərbə, Fransaya güvəncin nəticə verməməsinin, yalnız bizdən xahiş etməklə problemin həll oluna biləcəyini anlamağın göstəricisidir.

Ermənistan Azərbaycan tərəfindən həm müharibədə məğlub edildi, həm diplomatiyada küncə sıxışdırılıb, həm iqtisadi-siyasi və hərbi baxımdan tam çöküş yaşayır. Artıq dənizdən-dənizə ideyası da sabun köpüyünə çevrilməkdədir. Azərbaycandan və Türkiyədən torpaq qoparacağını, ərazilərini böyüdəcəyini, Qarabağda ikinci erməni dövləti yaradacağını iddia edən ermənilər indi bizdəki hərbçilərini geri qaytarmağımıza sevinirlər. Yəni açıq şəkildə Ermənistan Azərbaycanın əlində əsir-yesir qalıb. Bu, onların hərb meydanında olduğu kimi, diplomatik masada da məğlubiyyətinin təsdiqi deyilmi? 

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, onlar “Böyük Ermənistan”, “5 erməni dövləti”, “dənizdən-dənizə xülyaları ilə yaşayırdılar. ”30 il ərzində işğal etdikləri ərazilərimizin azad olunması danışıqlarla həllini tapmadı, 44 günlük müharibə ilə onların xəyallarını darmadağın etdik. İndi Ermənistan nəyə sahib olduğunu, mahiyyətini dərk etməkdədir. Çünki özləri haqda “ən qədim xalq”, “ən qədim mədəniyyətə malik xalq”, “məğlubedilməz ordu” mifləri yaratmışdılar. Bunu da Azərbaycan Ordusu məhv etdi. İndi Ermənistan reallıqla barışmaq məcburiyyətində qalıb və siyasi təlatüm, xaos davam etməkdədir", - deyə siyasi şərhçi qeyd etdi.

X.Bəşirov hesab edir ki, hələ də keçmiş cinayətkar klan Ermənistanın baş nazirini kapitulyant adlandırır, amma hakimiyyət də onları xəyanətkarlıqda, xalqa illərlə yalan danışmaqda ittiham edir: “Bir sözlə, Ermənistan xalqı anladı ki, gücü nədən ibarətdir. Əgər yenə revanşizm istəkləri olacaqsa, ərazi iddiaları davam edəcəksə, Ermənistan bundan da pis vəziyyətə düşəcək. Halbuki, bu ölkə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırıb düşdüyü iqtisadi bataqlıqdan çıxa bilər. Ona görə 10 noyabr sənədi, daha sonra Soçi və Brüssel görüşləri sübut etdi ki Azərbaycanın masaya qoyduğu proses dünya tərəfindən qəbul olunmaqdadır. Baxın, Ermənistanın dəstək gözlədiyi hər iki qütb - şimal qonşumuz və Qərb ölkələri İrəvanı reallıqla barışmağa çağırırlar. Biz 30 il işğala dözdük, bu gün mənzərə fərqlidir, artıq Zəngəzur dəhlizindən, kommunikasiyaların bərpasından danışırıq.

Eyni zamanda Ermənistanın yalvarışları nəticəsində biz onların hərbçilərini qaytarırıq. Deməli, Azərbaycan heç kəsin diktəsi ilə hərəkət etmir, müstəqil qərarlar verir. Hərçənd ki, onlar təxribat törətməyə can atıblar, amma biz humanist olduğumuzu bir daha dünyaya nümayiş etdirdik. Habelə, Brüssel görüşü “status” məsələsini hara göndərdiyimizi bir daha təsdiqlədi. Bu proses davam edərsə, qalan problemlər də həllini taparsa, böyük sülh sazişi imzalana, münaqişə səhifəsi bağlana bilər. Bizə xalq olaraq Ermənistan tərəfindən əsassız yerə düşmənçilik edilib, cinayət törədiblər və indi onlar münaqişəyə son qoymaq üçün addım atmalıdırlar. Zaman və şərtlər bizim xeyrimizə işləyir".

ABŞ əsgərinin ayağı dəydiyi ölkələr niyə bədbəxt olur - politoloq rəyi

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, 10 erməninin qarşılığında Bakı “nə qazandı” sualı dayanır: “Mina xəritələrinin dəqiq olmasa belə hamısının artıq alınması bu sualı aktuallaşdırır: əslində Bakının istədiyini Brüssel görüşündə aldığını deyə bilərik.

Görüşdən öncə Rusiyanın vasitəçiliyi ilə 10 erməniyə qarşı bütün xəritələr alındı. Avropa İttifaqının Bakıda saxlanılan ermənilərin bir neçəsinin qaytarılmasına vasitəçilik edəcəyi gözlənilən idi və bu, qarşılığında nə veriləcəyi məsələsinə dair suallar yaradırdı. Bakı Brüsseldə buna nail oldu: müzakirə edilən məsələlər və görüşün nəticələrinə dair verilən bəyanat birbaşa postmünaqişə dövrü ilə bağlı oldu və Qarabağın adı, ümumiyyətlə, çəkilmədi; beləliklə, Avropa masasında da münaqişənin bitdiyi reallığı qəbul olundu".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR