“Azərbaycanın benzin bazarında monopoliya olmasaydı…” - Ekspert rəyi
Məlum olduğu kimi, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir. Ancaq xaricdən idxal olunan Aİ 95 və Aİ 98 markalı benzinin qiyməti bazar tərəfindən müəyyənləşir.
Bəs, görəsən, dünya bazarında neftin qiyməti ilə yanaşı, benzinin də qiymətinin ucuzlaşdığı bir vaxtda Azərbaycanda niyə qiymətlər dəyişməz qalıb?
Musavat.com-un sualını cavablandıran enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, Azərbaycanda benzin bazarı monopoliyada olduğundan qiymətlər də onlardan asılıdır: “Azərbaycanda benzin bazarı 2014-cü il aprelin 1-dən etibarən dövlətin nəzarətindən çıxıb və artıq benzinin qiymətini dövlət tənzimləmir. Bundan sonra Aİ-95 və Aİ-98 markalı benzinin qiymətini dövlət deyil, bazar müəyyənləşdirəcək.
Ancaq iş burasındadır ki, bu dövlətin monopoliyasından çıxıb, digər monopoliyanın əlinə keçib. Həmin monopoliyanı isə açıqlamaq istəmirlər. Sonuncu qiymət dəyişikliyi 2014-cü ilin oktyabrında olub. Bunun üzərindən 6 ay vaxt keçib və qiymət dəyişməyib. Bazarda monopoliyanın olması qiymətlərin normal tənzimlənməsinə imkan vermir.
Məsələn, Gürcüstan bazarına nəzər salsaq, orada daim qiymətlər dəyişir. Çünki orada monopoliya yoxdur. Azərbaycana neft məhsulları əsasən Rumınyadan gətirilir. Gürcüstana isə, həm Bolqarıstandan, həm Yunanıstandan, həm də Rusiya və Azərbaycandan neft məhsulları daşınır. Azərbaycanda Aİ-95 markalı benzini “Azərtrans” şirkəti gətirir. Aİ-98 benzini isə o qədər keyfiyyətsizdir ki, ondan heç istifadə edən də yoxdur”.
İlham Şaban onu da qeyd etdi ki, Azərbaycanda bu sahədə monopoliya olmasaydı, müxtəlif bölgələrdə benzinin qiyməti fərqli olardı: “Məsələn, Gəncədə, Qazaxda benzinin qiyməti Bakıda satılandan daha ucuz olacaqdı. Çünki orada satılan benzini Batumdan gətirirlər. Ölkənin hər yerində benzinin qiymətinin eyni olması gülünc bir haldır. Bazarı açıq elan ediblər, ancaq bütün ölkə üzrə eyni qiymətdir. Bunun heç bir iqtisadi əsası yoxdur. Bazar qiymətləri belə formalaşmır”.
Nərgiz Liftiyeva






