İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın aqrar məhsullarını Rusiya sərhədindən geri qaytaran səbəblər

2535 13.07.2019 09:50 İqtisadiyyat A A

Ekspert Nicat Nəsirli: “Ola bilər ki, karantin tədbirləri vaxtında yerinə yetirilmədiyinə görə güvə tipli zərərvericilər məhsula düşür”; Fikrət Yusifov: “Rusiya bütün səhnələrdə özünün hegemonluğunu, qolunun gücünü göstərmək istəyir”

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub. Xəbərə görə söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir. Bununla yanaşı, Rusiya tərəfi Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyulub.

“Rosselxoznadzor” nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah edib. Qeyd edək ki, son zamanlar Rusiya bu tipli addımlarını intensivləşdirib, vaxtaşırı olaraq kənd təsərrüfatı məhsullarını sərhəddən geri qaytarır. Müxtəlif ekspertlər Rusiya hökumətinin bu davranışına fərqli qiymət verirlər.

Son vaxtlar Rusiya özü də ən çox tələbat olan kənd təsərrüfatı məhsullarının istehsalına başlayıb, ancaq bu hələ ki, ölkə əhalisinin tələbatını ödəyəcək həddə deyil. Lakin buna baxmayaraq, ölkəsinin fitosanitar vəziyyətini qorumaq üçün  zərərvericilərin aşkarlandığı məhsulları sərhəddən buraxmır.

Burada qərəz faktorunun olması da müzakirə olunan məsələdir. Çünki Rusiyanın dəfələrlə siyasi qalmaqalları əsas bir çox ölkələrə pomidor qadağası tətbiq etməsi heç kimə sirr deyil.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli ile ilgili görsel sonucu

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bildirdi ki, bu məsələ analitik təhlil tələb edir və aqrar məhsula tələbin həddin artıq yüksək olduğu nəzərə alsaq, Rusiyanın qərəzli olaraq belə bir addım atması ehtimalı azdır: “Rusiyada istehsalın nə qədər artdığını və idxaldan asılılığın hansı dərəcədə azaldığını öyrənmək üçün müvafiq rəqəmlər olmalıdır. Ancaq Rusiya hökuməti bu addımları karantin vəziyyətə nəzarət və ölkənin fitosanitar durumunu qorumaq üçün atdığını bildirir. Rusiya bir çox ölkədən məhsul idxal edir, hər ölkədən bir zərərverici gəlsə, bu ölkənin fitosanitar durumu nə vəziyyətə düşər. Rusiyanın vəziyyəti hazırda elədir ki, qərəz etmək durumunda deyil, çünki  200 milyondan artıq vətəndaşı var. Orada aqrar məhsullara böyük tələbat var. Problem ondan ibarətdir ki, Rusiya bazarını Cənubi Amerika ölkələri ələ keçirmək istəyir. İran bu istiqamətdə çox böyük addımlar atır, xüsusən də tərəvəzçilik sahəsində iş aparılır. Son illər İrandan müasir texnologiya ilə becərilən tərəvəz məhsulları sahələrini artırırlar. Məqsəd Rusiya bazarını ələ keçirməkdir. O baxımdan mən hesab etmirəm ki, burada qərəz var”.

N.Nəsirli bildirdi ki,  Rusiyanın təbii iqlim şəraiti orada məhsulun  bizdən tez yetişməsinə imkan vermir: “O mənada biz Rusiyadan daha çox üstünlüyə malikik, bizdə məhsul tez yetişir. Mən yanvar ayında Rusiya bazarlarında müşahidə aparmışdım, orada Azərbaycandan getməyən məhsullar belə bizim ölkənin adı ilə alıcılara təqdim olunur. Çünki Azərbaycan məhsullarına tələbat böyükdür. Mən hesab etmirəm ki, burada qərəz ola bilər. Əksərinə Tacikistan və Özbəkistandan gələn məhsulları Azərbaycan məhsulu adı ilə təqdim edirlər və çox yaxşı da sata bilirlər. O qədər böyük bir dövriyyədə, hansı məhsulun Azərbaycana aid olub-olmamasını təyin etmək də mümkün deyil. Ola bilər ki, bizim qapalı şəraitdə istixanalarda yetişdirilən məhsullarla bağlı karantin tədbirləri vaxtında yerinə yetirilmədiyinə görə güvə tipli zərərvericilər məhsula düşür. Kök hissədə inkişaf edir, sonra meyvəyə inteqrasiya edir. Mümkündür ki, meyvədə güvə olsun”.

Ekspert vurğuladı ki, bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi nəzarət etməlidir: “Qaydalara görə, ölkəyə daxil olan və ölkədən çıxan bütün məhsullar karantin nəzarətindən keçməlidir və bu işi AQTA-nın gömrük keçid məntəqələrində fəaliyyət göstərən xidməti həyata keçirir. Bu mənada bu məsələyə AQTA münasibət bildirməlidir ki, bu məsələdə qərəz varmı? Bizim üçün də maraqlıdır ki, əgər məhsulda karantin zərərvericiləri varsa, o hansı tipli zərərvericilərdir. Ola bilər ki, Rusiya elə bir karantin zərərvericisinin adını çəkər ki, o ümumiyyətlə Azərbaycanda yoxdur”.

İqtisadçı ekspert Fikrət Yusifov ile ilgili görsel sonucu

İqtisadçı ekspert Fikrət Yusifov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya bütün səhnələrdə özünün hegemonluğunu, qolunun gücünü göstərmək istəyir: “Rusiyanın bu addımı iqtisadi əməkdaşlıq etdiyi ölkələrə daha çox təzyiq vasitəsidir. Belarusiya və Rusiya ittifaq dövlətidir, ittifaq dövləti olduqdan sonra dəfələrlə Belarusiya prezidentinin Rusiyanın siyasətini tənqid etdiyi bir çıxışa görə, dərhal bu ölkədən ətin, südün və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağalar qoyub, müxtəlif bəhanələrlə dayandırıblar. Bu ancaq təzyiqdir. Rusiya hər kəsin onunla hesablaşmaq zorunda olduğunu göstərməyə çalışır”.

İqtisadçının sözlərinə görə, Rusiya bunu təkcə Azərbaycanın Qarabağ problemini, Gürcüstanın və Ukraynanın torpaq problemini həll etməklə yox, eyni zamanda digər iqtisadi rıçaqlarla göstərmək istəyir: “Azərbaycan ixracı şaxələndirməlidir, Rusiyanın ipinin üzərinə odun yığmaq olmaz, onlar istədikləri vaxt kəndiri çəkə bilərlər. Biz ilk növbədə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlar tapmalıyıq. İxracın şaxələndirilməsi üçün ciddi iş aparılmalıdır, Avropaya və ərəb ölkələrinə üz tutmalıyıq. Bu istiqamətdə dövlət də iş adamlarına dəstək olur, ixracın təşviqi çün iş aparılır. Ancaq hələ ki, biz Rusiya bazarından asılıyıq. Bunu optimallaşdırmaq lazımdır ki, ixracın qarşısına süni sədlər çəkiləndə pis vəziyyətdə qalmayacaq. Başqa idxalatçılarımız da olmalıdır ki, məhsullarımızı onlara sata bilək”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR