İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı təhdid edən narkotik bəlası - narkotranzitin fəsadları...

2114 15.09.2022 09:20 Gündəm A A

Ötən il İrandan Azərbaycan ərazisinə daşınmış 3 milyard 637 milyon 450 min dollarlıq heroin qanunsuz dövriyyədən çıxarılıb

Son 1 ildə hüquq-mühafizə orqanları, polis narkotacirlərə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı intensiv əməliyyatlar keçirir. Hər gün narkotik alverçilərinin həbsi barədə məlumatlar açıqlanır. Son məlumatda bildirilir ki, polis “Papanin” və “Kubinka”da əməliyyat keçirib, 16 nəfər saxlanılıb.

Rəsmi rəqəmlərə nəzər salanda bəlli olur ki, son bir ildə yüzlərlə narkotik alverçisi tutulub. Amma onları tutduqca sanki yeniləri dövriyyəyə girir, göbələk kimi artırlar.

Paralel olaraq İrandan ölkəyə narkotik daşıyanlar da bir ucdan sərhəddə ələ keçir, ancaq yeniləri peyda olur.

Narkotik böyük bir bəlaya çevrilib. Xüsusilə ucuz, sintetik narkotiklərlərə qurşananların sayı artıb. Eynilə onun alverinə qoşulanlar da çoxalmaqdadır.

Bu gün dünyada ən ucuz sintetik narkotik növü kimi dövriyyədə olan patı əksər ölkələrin başağrısına çevrilib. Patı heroin və nəşədən çox fərqlənir. Yeniyetmələr, qızlar arasında geniş yayılıb. Patı adı ilə məşhur olan sintetik narkotik, tibbdə metamfetamin adlanır. Patının ilk qəbulundan sonra asılılıq yaradır.

Metamfetamin ilk dəfə yapon alimləri tərəfindən müharibə dövründə hərbçilərin qorxu, yorğunluq hisslərinin bloklanması məqsədi ilə yaradılıb. Kristal və şəffaf olduğundan “şüşə” adlandıranlar da az deyil.

Psixostimulyatorlar olan bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofamin maddələrinin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir. İlk qəbuldan sonra göz bəbəkləri daralır, sifət qızarır. Ardıcıl istifadədən sonra gözlər şüşəyə bənzəyir, donuq olur. Patının qəbulundan sonra yorğunluq hissi itir, süni gümrahlıq hissi yaranır. Ətrafda baş verənlərə əhəmiyyət verilmir, dəridə qaşınma çoxalır, bədəndə yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər.  Ucadan qışqıraraq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.  Qarşısıalınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə və s. bu kimi hallar yaranır. Bütün sintetik narkotiklər - “şüşə”, “kokos” hamısı oxşar əlamətlər verir.

İnsanları bu bəladan necə çəkindirək? Hansı effektiv üsullar tətbiq edək? Dünya təcrübəsində necədir? Bu məsələnin köklü həlli varmı, yoxsa insan mövcud olduqca bu bəla da davam edəcək?

Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh  edir - 18.07.2021, Sputnik Azərbaycan

Arzu Nağıyev: “Yoxsulluq, işsizlik problemləri aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq”

Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən  Arzu Nağıyev “Yeni Müsavat”a bildirib ki, yaxın 20-30 ildə dünyanı ağuşuna alan narkotik bəlasının kökünü kəsmək mümkün deyil: “Bu problem yalnız dünya dövlətlərinin birliyi sayəsində çözülə bilər. Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz. Bunun obyektiv səbəbləri var. Azərbaycanın İranla sərhəd olması və İranın Əfqanıstanla qonşuluqda yerləşməsi son nəticədə ölkəmizə narkotik axınının davamlı olmasına gətirib çıxarır. Sərhədlərdə narkotrafikin ən yaxşı halda 30 faizinə qədərini müəyyən edib götürmək olur. Narkotiklərin əksəriyyəti gömrükdən kənar, sərhədlərdəki zəif, gizli yerlər vasitəsilə keçirilir. SSRİ dönəmində İranla həmsərhəd rayonlarda xüsusi rejim tətbiq olunurdu. Həmin rejim əraziyə gəlib-gedənləri nəzarətdə saxlamağa imkan verirdi. Azərbaycan müstəqillik qazanandan sonra xüsusi rejim də ləğv olunub. Həmin zonaya gediş-gəliş sərbəstləşdi. Narkotranzitlə məşğul olanlar da xüsusi rejimin  ləğvindən öz maraqları üçün istifadə etməyə başladılar. Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən bir an belə dayanmır. Transmilli cinayətkar şəbəkələr üçün pandemiya, xüsusi sərhəd rejimi qaydaları yoxdur. Bu şəbəkələr daim öz cinayətkar əməllərini davam etdirəcəklər. Tranzit kanallar fəaliyyətdədir. Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində bu cinayətlərin əhəmiyyətli hissəsinin qarşısı alınsa da, sızmalar var. Əsas məqam ondan ibarətdir ki, bu cinayətlər kuryerlər vasitəsilə həyata keçirilir. Kuryer həbs olundu, yeni bir kuryer tapılır. Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrindədir, Qızıl üçbucaq adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi, Əfqanıstanda isə böyük narkoplantasiyalar mövcuddur. Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut ölkəmizin də olduğu marşrutdur”.

Deputatın sözlərinə görə, nə qədər ki, narkotiklərdən istifadə edən insanlar var, o qədər də həmin narkotikləri əkib-becərən, daşınmasını gerçəkləşdirənlər olacaq:

“Bu gün Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı xəbərdardır. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisi 100 tonlarladır. Dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır. Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Azərbaycan bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan etsə də, bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır.  Artıq ölkə ərazisindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni nəql olunması nəinki Azərbaycanın, hətta regionun çərçivəsindən çıxaraq böyük miqyaslı bir problemə çevrilməkdədir. Narkobiznesdə ağlasığmaz dərəcədə böyük pullar dövr edir və bu, cinayətkar şəbəkələri ayaqda saxlayan əsas məqamdır. 1 qram heroinin "qara bazar"da qiyməti 100 dollardır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi statistik məlumatına görə, 2021-ci il ərzində Azərbaycanda qanunsuz dövriyyədən çıxarılmış heroinin miqdarı 3 ton 637 kiloqram 450 qram olub. Deməli, ötən il İrandan Azərbaycan ərazisinə keçirilərkən 3 milyard 637 milyon 450 min dollarlıq ələ keçib. Bundan 2 dəfə artıq malın ölkə ərazisindən keçmə ehtimalı var. Heroin tiryəkin emalından sonra alınır. 2022-ci ilin yanvar-mart ayları ərzində İrandan Azərbaycan ərazisinə keçirilən 200 qram kokain qanunsuz dövriyyədən çıxarılıb.  Kokainin Bakıda 1 qramı 400 dollardır. 1 qram kokain dozası istifadəçiyə 3-4 gün ərzində bəs edir. Əfqanıstandan Avropaya heroin, Cənubi  Amerikadan isə kokain daşınır. Kokain koka ağacından alınır. Heroin də, kokain də təbii tərkiblidir. Son vaxtlar süni narkotiklərdən də istifadə geniş yayılıb. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Mərkəzi Asiya Regional İnformasiya Mərkəzi mövcuddur. Bu mərkəzdə narkotiklərin qanunsuz dövriyyəsi haqda məlumatlar toplanır və müvafiq addımlar planlaşdırılaraq atılır. Həmin koordinasiya mərkəzində narkotrafikin qarşısının alınmasında iştirak edən müxtəlif dövlətlərin hüquq-mühafizə orqanlarının nümayəndələri təmsil olunurlar. Son 10 ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib. Və mübarizənin daha kəsərli olması üçün də addımlar atılmaqdadır. Təbii ki, narkomafiyalar da əllərini sallayıb oturmurlar. Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Maye sabun, qida məhsulu və s. adlar altında narkotik daşımaları faktları məlumdur. Yəni hüquq-mühafizə orqanları səylərini artırdıqca, narkomafiyalar da yeni üsullara əl atırlar. Ümumiyyətlə isə narkotik, insan orqanlarının, silahların alveri dünyada ən böyük qanunsuz dövriyyədir. Bu dövriyyəni bir qərarla durdurmaq mümkünsüzdür. Yalnız bu dövriyyəni kiçiltmək, miqyasının genişlənməsinə qarşı addımlar atmaq olar. Bu bütün dünyada bəladır.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR