İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan partiya sədri Putinin istəyinə qarşı çıxan rus deputata məktub göndərdi

1367 25.03.2014 08:12 Ölkə A A


Bir sıra Avropa ölkələrindən, o cümlədən Azərbaycandan İlya Ponomaryova dəstək məktubları ünvanlanmaqdadır. Azərbaycandan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dünən İlya Ponomaryova rəsmi məktub göndərib. VİP mətbuat xidməti məktubun surətini ictimaiyyətə açıqlamaq üçün “Yeni Müsavat”a təqdim edib. Əli Əliyevin məktubu maraqlı cümlə ilə başlayır: “Hörmətli cənab Ponomaryov! Sizə müraciət edən Azərbaycandakı sistemdənkənar müxalifət partiyalarından birinin sədridir. Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində sistemə daxil olub siyasi simanı itirməmək, sadəcə olaraq, mümkün deyil. Bu ”sadə səbəb"ə görə belə “arzuolunmaz” statusla kifayətlənir və “narahat”, sərbəst düşüncədən irəli gələn mövqeyimizi daim ifadə edirik".
Sonra Ə. Əliyev bildirib ki, Putin komandasını qeyzləndirəcəyi üçün Azərbaycanda Ukrayna ətrafında cərəyan edən son hadisələrin müzakirəsi “məqbul sayılmır”. Ukraynada baş verən məlum hadisələrin inkişaf ssenarisinin gözlənilməzliyini nəzərə alsaq, Azərbaycanın rəsmi şəxslərinin verdikləri pauzanı başa düşmək olar.

VİP sədri rusiyalı deputata Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin Rusiyaya birləşdirilməsinə qarşı səs verdiyi üçün təşəkkür edib və bildirib ki, hadisələrin coğrafiyasından uzaqlaşmamaq şərti ilə İlya Ponomaryovun bu hərəkətini Böyük Vətən müharibəsi zamanı elə həmin Sevastopol və Kerçin müdafiəsi zamanı qəhrəmanlıq göstərənlərin fədakarlığı ilə müqayisə edir: “Kütləvi psixoz və ”zəhərlənmə" zamanı öz dünyagörüşünü və prinsiplərini qorumaq yalnız Vahidlərin işidir - Sizi də o sıraya aid edirəm. Tarixin gedişini dəyişmək məhz Şəxsiyyətlərə nəsib olur. Kütlələr özlərinin müxtəlif sayıqlama ambisiyaları ilə mənsub olduqları xalqları adətən fəlakətə aparırlar. Hesab edirəm ki, Siz öz prinsipiallığınızla rus  xalqının simasını qorudunuz. Həmin qanun layihələrinin əleyhinə səs verməklə siz həm də bizi mümkün müdaxilədən qorumuş oldunuz. Hörmətli İlya, başa düşürəm, “albinos” olmaq çətindir və Jirinovski kimilərlə bir tavanın altında qalmaq ağır yükdür. Putin heyvanları sevir, amma liberal-demokratların liderinə xüsusi şövqlə yanaşır. Heç kimi təhqir etmək istəmirəm, amma bu hüquqşünas oğlu mənim xalqım haqqında sayğısız fikirlər səsləndirib. Onun Sizə münasibətinin də xoş olmamasının fərqindəyəm. Qoy belə olsun. Əminəm ki, bu “Lyubyank natiqi”nin sevmədiklərini Allah sevir".

Ə.Əliyev məktubun sonunda qeyd edib ki, siyasətlə məşğul olan insan olaraq şəxsən o, Rusiyaya imperiya iddialarından uzaq olan, ümumbəşəri dəyərlərə və başqalarının ləyaqətinə hörmətlə yanaşan layiqli şəxslərin rəhbərlik etmələrini istəyir.

E.SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR