İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda zəhərlənmələrin ŞOK SİRRİ üzə çıxdı

3019 14.05.2024 16:32 Sosial A A

1 həftə əvvəl Azərbaycanda baş verən, 2 nəfərin ölümünə səbəb olan, daha 5 nəfəri isə xəstəxana çarpayısına aparan zəhərlənmələrin mənşəyi ilə bağlı rəsmi qurumlardan hələlik hər hansı bir açıqlama verilməyib. Ötən 1 həftə ərzində zəhərlənmələrin mənşəyi haqda müxtəlif versiyalar səslənib, zəhərli inqredientin qidanın, spirtli içkilərin tərkibində olması ilə bağlı fikirlər yayılıb.

AQTA ilkin açıqlamasında zəhərlənmələrin qida mənşəli olmadığını qeyd edib. Bununla belə AQTA yekun olaraq zəhərlənmənin mənşəyi barədə ictimaiyyətə məlumat verməyib.

AQTA.jpg (35 KB)

Xatırladaq ki, mayın 6-də Bakıda 4 dostun hoteldə zəhərlənməsi xəbəri yayılıb. Məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib. Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb. Saat 04:50-də isə təcili tibbi yardıma müraciət edilib.

DOSTU.jpg (123 KB)

TƏBİB-dən bildirilib ki, mərkəzə 6 may 2024-cü il tarixində saat 04:50-də Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

1 gün sonra isə daha bir kütləvi zəhərlənmə xəbəri Zaqataladan gəlib.

İlkin məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər. Hətta yayılan xəbərlərdə zəhərlənənlərin sayının 40-a çatdığı bildirilirdi. Zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edən isə rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov olmuşdular. Zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edən ana və iki övladının müayinəsi zamanı dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olmuşdu.

XESTEN.jpg (71 KB)

Zəhərlənmələrin mənşəyi ilə bağlı Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. İlkin araşdrımalar zamanı zəhərlənmələrdə dönər və digər qidalar zamanı istifadə olunan ədviyyatların üzərində dayanılıb. Belə ehtimallar var ki, zəhərlənmə qidalara vurulan istiotdan meydana gəlib. Məsələ ilə bağlı bu ədviyyatı ölkəyə gətirmiş “Buta Çərəz” MMC-nin anbar-mağazasında yoxlama aparılıb. Yoxlama zamanı istifadəyə yararsız, qida üçün təhlükəli ədviyyat müsadirə olunub. “Buta Çərəz” MMC-nin AMAY ticarət mərkəzinin yaxınlığındakı anbarının möhürləndiyi də gələn məlumat sırasında idi.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı “Buta Çərəz”in rəsmisi Nurlan Abdullayevlə əlaqə saxlayıb.

Nurlan Abdullayev ilkin açıqlamasında deyib ki, AQTA-nın rəyinə əsasən yararsız hesab edilən 25 ton yemiş qurusu müsadirə olunub. O, anbarın möhürlərinin söküldüyünü, anbarın artıq açıldığını deməklə məsələni dəqiqləşdirəcəyini və əlavə açıqlama verəcəyini bildirib. Sonrakı açıqlamasında isə Nurlan Abdullayev Musavat.com-a daxil olan məlumatı təsdiq edib. Bildirib ki, “Buta Çərəz” MMC-nin ölkəyə gətirdiyi Özbəkistan mənşəli pul bibər müsadirə olunub. N.Abdullayev müsadirə olunan pul bibərin zəhərlənmələrlə əlaqəsi olmadığını deyib. Bildirib ki, AQTA-nın rəyinə görə 10 ton pul bibər kifli olduğuna görə müsadirə olunub.

Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR