İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yerli ilahiyyatçıların hazırlığı necə gedir - institut dekanı ilə söhbət

1685 28.09.2019 10:10 Mənəviyyat A A

Azərbaycan İlahiyyat İnstitutu bu il artıq ikinci qəbulu həyata keçirib. Ötən il yaradılan ilk dövlət ali dini təhsil müəssisəsinin əsas hədəfi Azərbaycanda yerli savadlı dini kadrların hazırlanmasıdır. Keçən il instituta 65, bu il isə bir qədər artıq-72 nəfər qəbul olunub. Ümumilikdə BDU-nun İlahiyyat fakültəsinin təhsilini davam etdirən tələbələri və ötən il Bakı İslam Universitetindən köçürülən tələbələrlə birlikdə hazırda İlahiyyat İnstitutunda 200-ə yaxın tələbə təhsil alır.

Qeyd edək ki, son zamanlar din dərslərinin tədrisi, bu dərsləri tədris edəcək kadrların hazırlanması, ümumiyyətlə, ilahiyyat təhsili və yerli tələblərə cavab verən ilahiyyatçı kadrlarının hazırlanması tez-tez müzakirə mövzusuna çevrilir. Azərbaycanın yerləşdiyi coğrafiyanın həssaslığı, xarici dini təsirlər, təhlükəsizlik kimi mövzular dini kadrların keyfiyyəti məsələsini istər-istəməz aktuallaşdırır. Nəzərə almaq lazımdır ki, bu günə qədər azərbaycanlılar ali dini təhsili əsasən xarici ölkələrdə alıb. Yalnız az sayda kadrlar Bakı İslam Universiteti və BDU-nun İlahiyyat fakültəsində yetişib. Lakin bu tələbə cavab vermir, eyni zamanda Azərbaycanın iki böyük qonşusu - İran və Türkiyə İslam aləmində din təhsilində yüksək nailiyyətlərə sahib, təcrübəli ölkələrdir. Bu ölkələrlə rəqabət aparmaq üçün İlahiyyat İnstitutundan ciddi hazırlıq tələb olunur.

İnstitutun İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov “Yeni Müsavat”a verdiyi müsahibədə yerli, müasir tələblərə cavab verən hazırlıqlı ilahiyyatçı kadrların hazırlanması istiqamətində görülən işlər barədə məlumat verdi.

Dekan deyir ki, ilk növbədə birinci mərhələ olaraq nəzəri biliklər, həmçinin dil biliklərinin yüksəldilməsi üçün İnstitut daxilində kurslar, seminarlar təşkil olunur: “İlahiyyat İnstitutunda müxtəlif istiqamətlərdə, o cümlədən xarici dil kursları təşkil olunub. Bizdə bəzi tələbələrin xarici dil bilikləri zəif idi, bu kurslar onlar üçün dəstək xarakterli idi. Həm ərəb, həm də ingilis dili üzrə kurslar təşkil etdik. Bundan başqa, tələbələrin ümumi dünya görüşünün yüksəldilməsi üçün xüsusi seminarlar, dəyirmi masalar təşkil olundu. Bununla yanaşı, xüsusi önəmli günlərlə bağlı tədbirlər keçirdik. Tanınmış ilahiyyatçılar, elm, mədəniyyət xadimlərini dəvət etdik, institutumuzda onlarla görüşlər təşkil olundu. Millət vəkillərini dəvət etdik, tələbələrlə onların görüşləri oldu”.

Adətən düşüncə budur ki, ruhanilər üçün 4 illik təhsil yetərli olmaya bilər. M.Mürsəlov deyir ki, 4 ildə daha çox öyrənmək və təcrübə toplamaq üçün müxtəlif layihələr həyata keçirilir: “Biz tədris planını hazırlayarkən bu məsələlərin hamısını nəzərə aldıq. Bildiyiniz kimi, İlahiyyat İnstitutu yaranarkən Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsi ora daxil edildi. Həmin fakültədə təhsil almış və daha sonra burada dərs demiş müəllimlər - onların arasında xaricdə doktor, post-doktor dərəcəsi almış alimlər də var - bir araya gəlib müzakirələr apardıq və nəinki müsəlman ölkələrindəki, o cümlədən Avropa və Amerikanın ali təhsil ocaqlarının Texnologiya fakültələrində tətbiq olunan tədris planlarına nəzər saldıq. Bizim ölkənin ehtiyaclarına cavab verə biləcək yüksək dünyagörüşünə malik, dini bilikləri yüksək olan, yalnız İslam deyil, digər dinləri də bilən peşəkar mütəxəssisləri hazırlamağa imkan verəcək tədris planı hazırladıq”.

İlahiyyat dərsləri haradasa ümumi olaraq bəllidir. Quran, ərəb dili, islam hüququ (fiqh-şəriət), İslam tarixi və sair ümumi elmlər öyrədilir. Bu, hardasa bütün dünyada belədir. Bəs bizdə fərqli nə olacaq?

M.Mürsəlov deyir ki, digər ali təhsil müəssisələrində olduğu kimi, humanitar fənlər blokuna daxil olan Azərbaycan tarixi, Azərbaycan dili və nitq mədəniyyəti kimi dərslərlə yanaşı, ixtisasa hesablanmış və ölkəmizə aid dərslər də tədris olunur: “İxtisasın peşə hazırlığı fənləri var. Biz buraya qeyd etdiyim kimi, xarici təcrübədən də yararlanaraq bəzi fənlər daxil etdik. Məsələn, dinşünaslıq ixtisasında ”Müqəddəs mətnlərin hermenevtikası", “Müqayisəli teologiya”, “Azərbaycanda dini cərəyanlar”, “Hind-Çin dinləri”, “Yəhudilik və Xristianlıq”, “Əxlaq fəlsəfəsi” və sair. Bizdə ümumi fəlsəfə dərsləri keçilir, eyni zamanda Din fəlsəfəsi və Əxlaq fəlsəfəsi dərsləri də keçilir. Bundan başqa, Qərbdə İslam tədqiqatları, Sosial elmlərin metodologiyası kimi ixtisaslar var ki, onlar bu günə qədər Azərbaycanda ilahiyyat sahəsində tədris olunmayan fənlər idi. Bizim bu fənlər üzrə mütəxəssislərimiz tərəfindən  tədris olunacaq".

Bəs ilahiyyatçıların praktikası necə olacaq? Gələcəyin ilahiyyatçıları necə praktika keçəcəklər?

Dekan tələbələr üçün praktik məşğələlərin olacağını bildirdi: “Kadr yetişdirilməsi ilə bağlı bir sıra işlər görmüşük. Ötən il rektorumuzun təşəbbüsü ilə yeni layihə başlatdıq. Müəllimlərimiz tələbələrlə fərdi şəkildə məşğul olurlar. Əvvəlcə bir-iki aylıq müşahidə aparıldı, xarakterləri uyğun gələn müəllimlərə tələbələri yönləndirdik. Seçilmiş müəllimlərimiz gələcək ilahiyyatçıların yetişdirilməsində xüsusi rol oynayacaq müəllimlərdir. Demək olar ki, birinci və ikinci kurslar üçün dərsliklərin hamısı hazırdır. İlk dəfə olaraq Azərbaycanda Din Sosiologiyası dərsliyini hazırladıq. Hazırda ”Quran əlifbası" kitabı nəşriyyatdadır. Bundan əlavə, “İslam əxlaqı”və “Əqaid” kitabları da  nəşrə hazırdır. Qarşımıza plan qoymuşuq ki, 2020-ci ilin sonuna qədər 4 illik dərs müddətini əhatə edən bütün dərsliklər hazır olsun. Əsasən islamşünas ixtisası üzrə təhsil alan gələcəyin din xadimləri məscidlərə daha çox yönləndirilir. İlahiyyat İnstitutunda öyrədilən nəzəri biliklər məscidlərdə praktik olaraq tədris olunur. Bundan başqa, 4-cü kursa gələndə onlar sırf ixtisasla bağlı olan “Dini xitabət” dərsi alacaqlar. Bu dövrdə tələbələrin daha çox praktik təcrübəyə sahib olması üçün məscidlərə getməsi, təcrübə toplaması  nəzərdə tutulur. Tələbələrmizin həm nəzəri, həm praktik baxımdan hazır olmaları üçün gərəkən bütün tədbirlər həyata keçirilir.

Birinci layihəmiz ötən il qış tətilində Şamaxıda “qış məktəbi” təşkil olundu. Bu il yayda isə 30-dan bir qədər artıq tələbəni ikitərəfli anlaşma əsasında Türkiyəyə “yay məktəbinə” göndərdik. “Yay məktəbində” İslam dininin əsasları, Qurani-Kərimin əsasları kimi dərslər aldılar. Bundan başqa, İlahiyyat İnstitutunun Malayziya Beynəlxalq İslam Universiteti, Rusiya İslam Universiteti və Türkiyənin bir neçə universiteti ilə müqaviləsi var. Bu ali təhsil ocaqları ilə tələbə mübadiləsi, kursların təşkili ilə bağlı müqavilələrimiz var, qarşıdakı illərdə həyata keçirməyi planlaşdırırıq".

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR