İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni iş yerləri açılır - FOTO

1345 22.04.2021 13:27 Ölkə A A

Azərbaycanda regionların inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün bir sıra mühüm layihələr həyata keçirilir.

Ölkəmizdə sənaye məhəllələrinin yaradılması da bu sıradandır. Növbəti sənaye məhəlləsi Hacıqabulda yaradılıb. Bu, ölkədə üçüncü sənaye məhəlləsidir.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin aprelin 20-də açılışında iştirak etdiyi Hacıqabul Sənaye Məhəlləsində qeydiyyatdan keçən 10 rezidentdən 5-i artıq istehsal prosesinə başlayıb. Burada 100-dən çox daimi iş yeri yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktor müavini Elxan Şiriyev bildirib ki, sənaye məhəllələri ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması və əhalinin sənayedə məşğulluğunun təmin edilməsinə yönəlib.

Ölkə ərazisində müxtəlif regionlarda beş sənaye məhəlləsi var.

Bunlar Şərur, Sabirabad, Neftçala, Masallı və Hacıqabulda yerləşir. Adıçəkilən məhəllələrdən üçü - Neftçala, Masallı və Hacıqabul sənaye məhəllələri artıq fəaliyyətdədir.

Bu işlər çərçivəsində 286 daimi iş yeri yaradılıb. Növbəti mərhələdə isə digər məhəllələrin fəaliyyətə başlaması ilə iş yerinin 700-ə çatdırılması nəzərdə tutulub.

Onun sözlərinə görə, indiyə kimi sənaye məhəllələrinə 73 milyon manat investisiya yatırılıb və 96 milyon manat dəyərində məhsul istehsal olunaraq satılıb.

Hacıqabul Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2017-ci il 25 iyul tarixli Sərəncamına uyğun olaraq yaradılıb.

Başlanğıcda məhəllənin ərazisi 20 hektar idisə, 2020-ci ildə əlavə olaraq 40 hektar sahə ayrılmaqla, ərazi 60 hektara çatdırılıb.

Hazırda məhəllədə mineral gübrələr, su qabları istehsalı, tikinti avadanlıqları istehsal edən zavod, meyvə və tərəvəz qablaşdırılması üçün taraların istehsalı və maşınqayırma zavodu istehsala start verib. Növbəti mərhələdə izolyasiya materialları, balıq yemi, qablaşdırma məhsulları və digər sahələr işə başlayacaq.

Hacıqabul Sənaye Məhəlləsinin ümumi investisiya həcmi 45 milyon manat təşkil edir. Burada qeydiyyatdan keçmiş 10 rezident üzrə gələcəkdə yaranacaq iş yerinin sayı 350-dən çox olacaq. Bu da rayonda əhalinin daimi iş yeri ilə təminatında mühüm rol oynayacaq.

Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət daşıyır.

Əsas məqsəd isə yerli istehsalın təşkil edilməsi ilə idxaldan asılılığı aradan qaldırmaqdır. Eyni zamanda, burada reallaşdırılan bir sıra layihələrin ixrac potensialı da mövcuddur və gələcəkdə qonşu ölkələrə ixrac nəzərdə tutulur.

Sənaye məhəlləsi logistik imkanlar baxımından da əlverişli yerdədir. Paytaxt Bakıya yaxınlığı, magistral yolun üzərində olması və dəmir yol xəttinin məhəllənin yaxınlığından keçməsi burada fəaliyyət göstərən istehsal sahələri üçün mühüm əhəmiyyət kəsb edir.

Xüsusilə də dəmir yolu daşımada böyük rola malikdir. Bu logistik imkanlar isə gələcəkdə Hacıqabul Sənaye Məhəlləsinə daha çox investisiyanın cəlb ediləcəyinə şərait yaradır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR