İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni dövlət modeli: İslahatlar ölkəni mübahisə əvəzinə müzakirə və həmrəylik mərhələsinə keçirib

3403 24.07.2020 08:10 Analitika A A

İndi dövlət və xalq arasındakı birliyin əsas qaynaqlarından olan qarşılıqlı etimadın daha da dərinləşdiriləcəyi qətiyyən şübhə doğurmur

Azərbaycan bir dövlət kimi, artıq özünü daha rahat və güvənli hiss edir. Çünki ölkəmiz öz düşmənindən daha güclü, qüdrətli olduğunu növbəti dəfə, həm də birmənalı şəkildə sübut etdi. Üstəlik, düşmənlə savaşda kənar yardıma belə, ehtiyacının olmadığını hər kəsə göstərdi.

Eyni zamanda, cəbhə bölgəsində son erməni təxribatına verilən sarsıdıcı hərbi cavab Azərbaycan ordusunun ən qısa zamanda işğal altındakı əraziləri azad etmək qabiliyyətində olduğunu da birmənalı şəkildə təsdiqlədi. Bunu gözləməyən rəsmi İrəvan hətta savaşın davam edəcəyi təqdirdə, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etməklə kifayətlənbməyib, hərbi əməliyyatları Ermənistan ərazisinə keçirə biləcəyindən narahat olduğunu gizlədə bilmədi.

Hər halda, Paşinyan hakimiyyəti Azərbaycanın cavab zərbələrindən dərhal sonra şikayət üçün KTMT-yə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə üz tutdu. Çünki panik duruma düşən rəsmi İrəvanın xilas üçün başqa çarəsi qalmamışdı.

Paşinyanın Belarusa gedişinin səbəbləri: “Bu səfərin iki məqsədi var”

Maraqlıdır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamasında etiraf edib. Belə ki, o, bildirib ki, Azərbaycanla atəşkəsin bərpasında Rusiyanın xüsusi rolu olub. N.Paşinyan həmçinin atəşkəsin bərpasında Minsk Qrupunun həmsədrlərinin də mühüm iştirakının olduğunu vurğulayıb.

Bəli, düşmən olduqca aciz duruma salınaraq, başqalarından dəstək dilənmək məcburiyyətində buraxılıb. Və bütün bunlar Azərbaycan dövlətinin daxili siyasətindən qaynaqlanan uğurların nəticəsidir.

Ən böyük uğur odur ki, genişmiqyaslı islahatlara dayanan yeni daxili siyasətin mövcud nəticələri Azərbaycan xalqını məhz dövlətin arxasında birləşdirib. Bu reallığı savaşın ən qızqın saatlarında onminlərlə vətəndaşın küçə və meydanlara axışması da nümayiş etdirdi.

Məsələ ondadır ki, ölkə vətəndaşları çox qısa zamanda hər hansı çağırış belə olmadan, kimsənin gözləmədiyi bir mütəşəkilliklə savaşa dəstək, dövlətə etimad aksiyasına toplaşdılar. Bununla da Azərbaycan əhalisinin mütləq əksəriyyəti vaxt itirilmədən işğal altındakı ərazilərin azad edilməsi məqsədilə dərhal hərbi əməliyyatların başladılmasına tərəfdar olduğunun mesajını verdi.

Hətta on minlərlə Azərbaycan gənci hərbi əməliyyatların bərpa ediləcəyi təqdirdə, əlinə silah alıb, ölkənin ərazi bütövlüyü uğrunda savaşmağa hazır olduğunu bildirərək, hərbi komissarlıqlara müraciət etdi.

SON DƏQİQƏ: Bakıda böyük yürüş başladı - XALQ ORDUYA BELƏ DƏSTƏK ...

Bu, istənilən dövlət üçün önəmli faktordur. Çünki Azərbaycan vətəndaşlarının savaş tələbiylə küçə və meydanlara axışması iki vacib anlamı daşıyır. Birincisi odur ki, Azərbaycan vətəndaşı ölkəsini, vətənini sevir və onun ərazi bötüvlüyünün bərpası uğrunda savaşa hazırdır. İkinci anlam isə vətəndaşın dövlətə inamı və etimadı ilə bağlıdır. Belə ki, vətəndaş öz dövlətinə və ordusunun Ali Baş Komandanına güvəndiyinin açıq mesajını vermiş oldu. Və dövlətin çağıracağı təqdirdə, Ali Baş Komandanın rəhbərliyi altında vuruşmağa hazır olduğunu nümayiş etdirdi.

Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı öz dövlətinə tam şəkildə güvənir və Ali Baş Komandanının rəhbərliyi ilə VƏTƏN MÜHARİBƏSİ modelinə keçidə hazırdır. ''Yeni Müsavat'' yazarının məlumatına görə, Azərbaycan vətəndaşlarının erməni təxribatlarına bu sərt reaksiyası, dövlətin və Ali Baş Komandanın ətrafında sıx birləşməsi xarici müşahidəçilərin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin təəccübünə də səbəb olub. Yəqin ki, heç kim bunu gözləmirdi...

Ancaq Prezident İlham Əliyevin bu dəstəyə əmin olduğu qətiyyən şübhə doğurmur. Ən azından ona görə ki, Prezident İlham Əliyevin Ermənistan rəhbərliyinə xitabən "Bizimlə təkbətək vuruş, görək, axırı necə olacaq" deməsi, Ali Baş Komandan ilə xalq arasındakı qarşılıqlı güvənin, inamın və etimadın təzahürü kimi də dəyərləndirilə bilər.

Çünki gücünü xalqdan alan Prezident arxasındakı himayədarlara ümid bəsləyən düşmənə barmaq silkələdi.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə ...

Məsələ ondadır ki, sadə xalqla yanaşı, ölkənin siyasi spektri də birmənalı şəkildə dövləti və Ali Baş Komandanı dəstəklədi. Belə ki, ölkədə 49 siyasi partiya fəaliyyət göstərir və 47 siyasi partiya Azərbaycan ordusunun hərbi əməliyyatlarını tam dəstəklədiyini, Ali Baş komandan olaraq, İlham Əliyevə etimad göstərdiklərini öz imzaları ilə bəyan etdilər. Və bu, son 27 ildə baş vermiş ilk belə hadisədir.

Təbii ki, ölkədə əldə olunmuş bu önəmli həmrəylik faktoru Azərbaycan dövlətinin əlini möhkəmləndirib. İndi Azərbaycan dövləti həm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində təşəbbüsü ələ alaraq, şərtləri özü diqtə edə bilər. Həm də Azərbaycan xalqının həmrəy tələbləri əsas gətirilərək, dövlətin beynəlxalq hüquq normalarıyla təsbit olunmuş ərazi bütövlüyünün bərpası məqsədilə antiterror əməliyyatlarına da başlaya bilərlər. Və yüksəliş dövrünü yaşayan Azərbaycanın qarşısında Ermənistanın duruş gətirə bilmək şansları qətiyyən qənaətbəxş görünmür.

Azərbaycanda artıq yeni situasiya yaranıb. Ölkəmiz artıq yeni mərhələyə keçid prosesinə qədəm qoyub. Və bu proses kifayət qədər ciddi uğurlara yol açıb.

Təbii ki, bu keçid məqsədyönlü xarici və daxili siyasətin sayəsində mümkün olub. Ölkədə artıq xeyli müddətdir ki, bütün sahələr üzrə genişmiqyaslı islahatlar aparılmaqdadır. Azərbaycan sosial dövlət modelini artıq qəbul edib. Və bu istiqamətdə qətiyyətli addımlar atılmaqdadır.

Məsələ ondadır ki, son illərdə ölkənin aztəminatlı təbəqələrinin rifah halının yüksəldilməsi üçün sosial müavinətlər bir neçə də artırılıb və vaxtaşırı bu istiqamətdə addımların atılması davam edir.

Koronavirus epidemiyası ilə mübarizə çərçivəsində dövlət aztəminatlı təbəqələri yenə də dəstəksiz buraxmadı. Onların həyat şəraitinin qorunması və digər sosial ehtiyaclar üçün milyardlarla manat vəsait ayrıldı. Eyni zamanda, orta biznes təmsilçiləri də unudulmadı. Nəticədə işsizlərə sosial müavinətlər verildi, orta bisnesin dəstəklənməsi ilə də iş yerlərinin ixtisarının qarşısı alındı. İnsanlar öz iş yerlərini qoruya bildilər.

Azərbaycan dünyada lider ölkələr sırasındadır" » QƏRBİNFO.az ...

Bu müddət ərzində ölkə üzrə islahatlar qətiyyətlə davam etdirildi. Rüşvət və korrupsiya ilə mübarizə intensivləşdirildi. Vəzifəsinin öhdəsindən gələ bilməyən, zamanın tələblərindən geri qalan vəzifə sahibləri yeni və müasir dünyagörüşlü kadrlarla əvəz edildi.

Təbii ki, bütün bu kimi addımlar ölkədə siyasi gərginliyi və qarşıdurma meyllərini aradan qaldırdı. Heç kimə sirr deyil ki, artıq vəzifələrini itirmiş bəzi yüksəkrütbəli məmurlar əslində, ölkədəki siyasi gərginliyin hərəkətverici qüvvəsi rolunu oynayırdılar. Onlar məqsədyönlü şəkildə hakimiyyət və müxalifət arasında gərginliyi dərinləşdirməklə, öz maraqlarını təmin etməyə çalışırdılar.

Ancaq modern idarəçilik modelinə üstünlük verən yeni kadrların fəaliyyətə başlamasıyla, ölkədə dəyişiklik havası dərhal hiss edilməyə başladı, siyasi gərginlik aradan qaldırıldı, qarşıdurma tolerantlıqla əvəzləndi. Və ölkədə siyasi mübahisələr dövrü öz yerini siyasi müzakirələr mərhələsinə verdi.

Təbii ki, bu prosesin uğurlu inkişafında Prezident İlham Əliyevin etimad göstərdiyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev kimi kadrların xüsusi xidmətləri də mövcuddur.

Belə ki, Ədalət Vəliyev kimi siyasi konfliktlərdə və intriqalarda iştirak etməmiş bir şəxsin həmin önəmli posta təyin edilməsindən dərhal sonra fərqlər hiss edilməyə başlandı.

Ədalət Vəliyev Tahir Kərimli ilə görüşüb - Open.az

Məsələ ondadır ki, vəzifəsinin icrasına başladıqdan üzübəri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri, ictimai xadimlər, ziyalılarla keçirdiyi görüşlər öz müsbət nəticələrini verməkdədir. Əvvəllər hökumətlə dialoqun mümkünlüyünə inanmayan siyasi təşkilatların təmsilçiləri, indi böyük həvəslə dövlət üçün əhəmiyyət daşıyan məsələləri yeni şöbə müdürü ilə müzakirə edirlər.

Və siyasi partiya liderlərinin Ədalət Vəliyevlə müzakirə edilmiş məsələlər, əldə olunmuş nəticələr barədə mətbuata verdikləri son açıqlamalardan da belə anlaşılır ki, onlar mövcud durumdan, bu görüşlərdən, eləcə də hakimiyyət dairələriylə ünsiyyətin yeni, həm də qarşılıqlı etimad doğuran fərqli modelindən olduqca məmnundurlar, bunun davam etdirilməsində maraqlıdırlar.

Belə görünür ki, Prezident İlham Əliyev genişmiqyaslı kadr islahatlarıyla ölkənin siyasi spektrinə dövlətlə müzakirə və dialoq qapısını sonuna qədər açıb. Bununla da Azərbaycan cəmiyyətinə dövlətin mübahisə deyil, müzakirə modelinə üstünlük verdiyinin açıq mesajı çatdırılıb. İndi dövlət və xalq arasındakı həmrəyliyin əsas qaynaqlarından biri olan bu prosesin daha da dərinləşdiriləcəyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
"Yeni Müsavat" qəzeti

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR