“Asılmamış portret”də çoxlarının rəsmi çizilib. Kimisi çəkdiyi şəkli başı üzərində asıb, kimisi masasının üzərinə qoyub, kimisi də əliylə geri çevirib. Hər kəsin də özünə görə bir arqumenti, əsası olub.
Yazıçı, dissident, ən parlaq anti-sovet yazarlarının önündə gedən Vladimir Voynoviçin portretini hazırlamağa qərar verdik. Baxmayaraq ki, bu gün o qədər də tanınmır, layiqli qiymətini almayıb. Ancaq nə zamansa haqq-ədalət mühakiməsində qələbə çalacaq.
Biz isə Voynoviçi bu günə gətirməyi jurnalist-yazıçı Xalid Kazımlının öhdəsinə buraxdıq...
- Xalid bəy, öncə Vladimir Voynoviçin portretini çəkin...
- Voynoviç repressiya olunmuş jurnalist atanın oğludur. O, atasının sürgün yerində, Tacikistanda doğulub. Həyatın ən ağır üzünü görüb. Yəqin ki, onun şəxsiyyət kimi formalaşmasında, hələ uşaq vaxtından total sovet təbliğatının təsiri altına düşməməsində həmin illərin böyük rolu olub. O, böyüdükcə görüb ki, bu quruluşun amalı ilə əməli arasında kəskin ziddiyyət var. Voynoviçin bu cür gözüaçıqlığı əsərlərinə də hopub. Onun “mülayimləşmə illəri” adlandırılan dönəmdə, SSRİ rəhbəri Xruşşovun dövründə yazdığı satirik və həyati əsərlər dissident ədəbiyyatı qrafasına girib. Buna görə də mən Voynoviçin portretində dissidentliyini və satirik ruhunu daha parlaq boyalarla yaradardım.
- Əgər rəssam olsaydınız, onun həyatından hansı cizgiləri silər, yaxud nələri əlavə edərdiniz?
- Əgər mən rəssam olsaydım, Vladimir Voynoviçin surətini iki görünüşdə çəkərdim - bir düşüncəli, bir də acı-acı gülən yerdə. Çünki bu yazıçı zəmanəsinin ən güclü satirikidir, eyni zamanda ciddi fikir adamıdır. Təəssüf ki, o ölkəmizdə o qədər də tanınmır. Əsərləri dilimizə çevrilməyib. Voynoviçin obrazına xələl gətirən elə bir qüsuru yoxdur. Adam ömrü boyu həqiqəti bütün çılpaqlığıyla yazan, buna görə başına oyunlar gətirilən, sovet hökumətinin qılıncının kəsərli vaxtında ölkədən qovulan bir dissidentdir. Sona qədər də öz əqidəsinə sadiq qalıb, sovet hakimiyyətinin varisi olan müasir rus hakimiyyətinə də boyun əyməyib, hətta bu yaxınlarda o, Rusiyanın aqressiv siyasətinə qarşı öz etiraz səsini ucaltmış, prezident Putinə etiraz məktubu yollamışdı.
- Bəzən onu “Ovod”un müəllifi Etel Lilian Voyniçlə qarışdırırlar...
- Elədir, mənim də rastıma çıxıb. Bu, onların soyad sonluğundan və Voyniçin Voynoviçə görə daha çox tanınmış olmasından irəli gəlir. Ancaq Vladimir Voynoviç də əla yazıçıdır.
|
“Voynoviçin portretində dissidentliyini və satirik ruhunu daha parlaq boyalarla yaradardım”
|
- Rusların dissident yazıçıları çox olub. Voynoviç başqalarından nə ilə fərqlənir?
- Rusların təkcə dissident yazıçıları yox, başqa yaradıcılıq sahəsində çalışan sənətkarları gerçəkdən çox olub. Voynoviç onlardan fərqləndirən əsas cəhət, mən deyərdim ki, yumoru və səmimiyyətidir. Məsələn, o, həmişə Aleksandr Soljenitsının kölgəsində qalıb - həm yazıçı, həm də dissident və ictimai xadim kimi. Soljenitsın həmişə iddialı və özünü baha sırımağı bacarıbsa, Voynoviç hər zaman təvazökar olub, heç vaxt özünü gözə soxmağa çalışmayıb və doğru bildiyindən bir addım geri çəkilməyib. Soljenitsının əsərlərinin dili ağırdırsa, Voynoviçin əsərləri su kimi içilir.
- Yazı adamıyla bağlı fikirlərdə insanlar iki yerə bölünür: Bir qisim deyir ki, şəxsiyyətlə yaradıcılıq eyni olmalı, bütövləşməli, başqa qisim isə yazıçının şəxsiyyətinə deyil, əsərlərinə önəm verməyin tərəfdarıdı. Xalid Kazımlı üçün əsas olan nədir? Sizə görə, yazıçının tərifi necədir?

- Əgər yazıçı yazdıqlarında, yaratdıqlarında bir cür, özü isə şəxsiyyətcə başqa cürdürsə, demək, ortada səmimiyyət yoxdur. Özü xəbis, mərdiməzar, yaltaq, cılız olan bir şəxsin yaratdığı comərd, dürüst, fədakar obrazlar riyadan, baştovlamadan yoğrulmuş olacaq. Yazıçı şəxsiyyətcə bütöv, idealist olmalıdır. İdealist yazıçılar həmişə sevilib, həmişə də uğurlu olublar. Albert Kamyu da, Jan Pol Sartr da, Heminquey də, Markes də idealist idi. Ancaq Bukovski idealist deyildi, əhlikef idi. Şoloxov da idealist olmayıb, özünü yanlış ideyaların qeyri-səmimi dəstəkçisinə çevirib. Çingiz Aytmatov boyda düha da əslində yaratdığı obrazlar qədər bütöv olmadığı üçün layiqli qiymətini ala bilmədi. O, öz qəhrəmanı Boston Urgünçiyev kimi zəhmətkeş, iddiasız və sadə adam deyildi, komfortda, elita içərisində yaşamağa meylli idi. Voynoviç isə yaratdıqlarını səmimi yaradıb. Həm də onun əsərlərində sırf bizim vərdiş elədiyimiz müsbət obrazlar, “yaxşı oğlan”lar yoxdur, sadə, əzik, komik insanlar var. Soljenitsının “İvan Denisoviçin bir günü” əsərində yaratdığı qəhrəmanın daha komik və əzik variantları Voynoviçin “İvan Çonkin”indəki İvan və başqalarıdır.
- Xalid Kazımlını Voynoviçin azərbaycanlı varisi saymaq olar? Onun “İvan Çonkin”, sizin isə “İks günü” roman-lətifəsi...
- Mən bunu əvvəllər də demişəm. Hətta deyəsən “İks günü”nün ön sözündə də var. Gerçəkdən “İks günü”nün yazılmasında “İvan Çonkin”in və və Voynoviçin başqa əsərlərinin rolu var. Mən 2005-ci ildə həmin əsəri ikinci dəfə oxuyanda (birinci dəfə 1988-ci ildə “Yunost” jurnalında oxumuşdum) günümüzdə gördüyüm, müşahidə etdiyim, içində qaynadığım baməzə, komik olayları yazmaq ehtiyacı hiss etdim və yazdım. Həmin vaxt o əsərləri oxumasaydım, bəlkə də bu işi daha sonralar görəcəkdim.
- Ancaq nədənsə günümüzdə bu cür üslubda əsərlər o qədər də diqqəti cəlb etmir, hətta bəziləri onu ciddi ədəbiyyat nümunəsi hesab etmir. Voynoviçi yaxşı lətifə ustası hesab edirlər, ancaq yazıçı yox...
|
“Soljenitsın həmişə iddialı və özünü baha sırımağı bacarıbsa, Voynoviç hər zaman təvazökar olub, heç vaxt özünü gözə soxmağa çalışmayıb”
|
- Bu, əslində yanlış yanaşmadır. Ona qalsa, uşaq ədəbiyyatı da, eşq-sevgi ədəbiyyatı da, poeziya da, elmi fantastika da, siyasi və kriminal dteketivlər də, memuar ədəbiyyatı da, tarixi romanlar da kənara qoyulur. Yəni bəzi ədəbiyyat adamları bütün ədəbiyyat janrlarını sağmal-subay edə-edə çıxdaş edirlər, axırda eyzən ölümdən, dünyanın faniliyindən bəhs edən, hər səhifəsi pessimizm qoxan əsərləri “ciddi ədəbiyyat” boxçasına salırlar. Əgər biz satirik əsərləri bir kənara atası olsaq, hər gün istinad etdiyimiz Mirzə Fətəlinin, Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Sabirin, Qoqolun, Çexovun, İlf və Petrovun, Zoşşenkonun, Qaşekin, Bernard Şounun, Əziz Nesinin əsərlərini hara qoyacağıq, necə edəcəyik? Statistikaya baş vursaq, məlum olacaq ki, adını çəkdiyim və çəkmədiyim satirik yazıçıların əsərləri bu gün də ən çox oxunan və qat-qat artıq sevilən əsərlərin arasındadır.
- Voynoviç bu gün Azərbaycanda yaşasaydı, kim olardı?
- Voynoviç bu gün Azərbaycanda yaşasaydı, mərhum yazıçımız Sabir Azəri kimi olardı, sona qədər vicdanlı qalardı, təvazökarlığını qoruyardı, özünü gözə soxmazdı, maddiyata qaçmazdı, haqqın tərəfini tutardı, saraylardan nə 83 yaşında ev, nə fəxri ad, nə də Fəxri Xiyabanda dəfn umardı.
- Onda da heç zaman irəli gedə, əsərləri reklam olunmazdı...
- Zatən olunmur. Adamlar onun əsərlərini özləri tapırlar, oxuyurlar, bir-birinə tövsiyə edirlər.
- Deməli, əsl xalq yazıçısıdır...
- Xalqın yazıçısıdır!
- Voynoviçin yazdıqlarıyla Corc Oruellin əsərləri arasında hansısa oxşarlıqlar var?
- İkisinin də əsərlərində siyasi satira, sarkazm var, ancaq yumor Voynoviçdə daha güclüdür, zənnimcə... Bu, bir az zövq məsələsidir.
- Və hər ikisi də SSRİ-ni hədəf götürüblər...
- Elədir. 1945-1991-ci illər arasında SSRİ bütün dünyaya təhlükə hesab olunurdu və eləydi. İndi bütün dünyada İŞİD-ə necə münasibət varsa, o vaxtlar da, aşağı-yuxarı, SSRİ-yə münasibət də o cür idi. SSRİ də dünya hegemonluğuna və öz ideologiyasını yaymağa, inqilab ixrac etməyə çalışırdı və dünyanın bir çox yerlərində buna nail olurdu. O üzdən Qərb SSRİ-ni təhlükə sayırdı... Totalitarizm böyük bəla hesab olunurdu. Ona görə də tərəqqipərvər və azadlıqsevər yazıçılar buna qarşıydı.
- Ancaq bütün hallarda Böyük Qardaş hamını izləyirdi...
- Elə indi də izləyir... Böyük qardaşın kölgəsi üstümüzdən çəkilmir ki, çəkilmir. Ölkədə insan haqları və demokratiya sahəsində olan problemlərin hamısı Rusiyanın patronajlığının davam etməsindən gəlir.
- Kimsə danışdıqlarınızı Voynoviçin rəsmi şəklində təqdim edərsə bu portreti başınızın üzərindən asarsız?
- Mənim başımın üstündə Rəsulzadənin portreti var. Ancaq Voynoviçin şəklini də bir yerə yerləşdirərəm. O portreti görənlər onu tanımazlar, “bu ağsaqqal kimdir” deyərlər, yaxud Əziz Nesinə oxşadarlar (yeri gəlmişkən, onlarda bir bənzərlik var), mən də deyərəm ki, bəli, əziz adamdır, hörmətli ağsaqqaldır. Bu cür yazıçılar hələm-hələm ələ düşmür və öz əsərləri ilə başqa əsərlərin yazılmasını tətikləyirsə, demək, onun yeri başda olmalıdır...
Ramin DEKO
Xüsusi olaraq musavat.com üçün